Azərbaycan Konqreslər Bürosunun fəaliyyət planı açıqlandı

 

Ölkəmizin biznes turizmi məkanı kimi təbliğində əsas hədəf bazarlar Rusiya və Türkiyədir

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və tərəfdaşlarının Azərbaycanın biznes turizm məkanı kimi təbliği çərçivəsində il ərzində həyata keçirəcəyi tədbirlər planı açıqlanıb.

Büronun hədəf bazarları sırasında ön sırada Rusiya Federasiyası yer alıb. Fəaliyyət planında ilk yeri payız aylarında Moskvada keçirilməsi nəzərdə tutulan B2B MİCE (biznes turizmi) tədbiridir. Tədbir Azərbaycan Konqreslər Bürosu və tərəfdaşlarının maliyyə dəstəyi sayəsində gerçəkləşəcək.

Azərbaycan Konqreslər Bürosu və tərəfdaşlarının maliyyə dəstəyi ilə keçiriləcək daha bir tədbir isə tanışlıq səfərləridir. Belə səfərlərdən birincisi 5-8 iyun tarixində Rusiyanın MİCE bazarı iştirakçıları üçün təşkil edilib. Daha bir tanışlıq səfərinin payız aylarında keçirilməsi nəzərdə tutulur. Səfər ölkəmizin turizm potensialının inkişafında əhəmiyyətli rol oynayan Qəbələ rayonunu da əhatə edəcək.

Büro noyabr ayında bir sıra nüfuzlu tədbirlərdə iştirak etməyi planlaşdırır. Qurum 9-13 noyabr tarixində Berlində keçiriləcək M&I Rusiya və Şərqi Avropa Forumuna qatılacaq. Həmçinin Barselonada EIBTM - biznes turizmi sahəsində konfrans, seminar və görüşlərin təşkili üzrə ixtisaslaşmış aparıcı forum çərçivəsində rusiyalı alıcılara yönəlmiş işgüzar tədbirdə iştirak edəcək.

Fəaliyyət planında ikinci hədəf bazarı kimi Türkiyə müəyyən edilib. Azərbaycan Konqreslər Bürosu bu istiqamətdə də bir sıra tədbirlər hazırlayıb. Payız aylarında Bakıda Türkiyə təmsilçiləri üçün tanışlıq səfəri təşkil ediləcək, Azərbaycan heyəti isə İstanbulda səfərdə olacaqlar. Büro 1-5 iyul tarixində İstanbulda təşkil ediləcək M&I Avropa forumunda da iştirak edəcək.

Azərbaycan Konqreslər Bürosunun cari ildə iştirak edəcəyi digər tədbirlər sırasında 2-5 iyul tarixində Amsterdamda keçiriləcək "İCCA Research, Sales and Marketing" Proqramı (İCCA Araşdırma, Satış və Marketinq Proqramı) və 1-5 noyabrda Antalyada təşkil olunacaq İCCA-nın 53-cü konqresivar.

Ölkəmizin biznes turizmi potensialının beynəlxalq aləmdə təbliği ilə bağlı RusiyaAlmaniyada reklam kampaniyaları və rüblük elektron MİCE bülleteninin hazırlanması da nəzərdə tutulub.

 

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 6.