Məmməd Arifin 110 illiyinə həsr olunmuş seminar
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində görkəmli
ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi, pedaqoq,
bu il 110 illik yubileyi qeyd olunan akademik
Məmməd Arif Dadaşzadənin yaradıcılığına
həsr olunmuş elmi seminar keçirilib.
Muzeyin böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayevanın
“Məmməd Arifin elmi-tənqidi fikirləri”
mövzusunda məruzəsi
dinlənilib. Məruzədə
M.Arifin şeir, dramaturgiya, roman janrının
yaradıcılıq problemləri,
M.Füzuli, İ.Nəsimi,
M.P.Vaqif, M.Ə.Sabir, S.Vurğun, C.Cabbarlı irsi, üslubu haqqındakı dəyərli
tədqiqatları, görkəmli
alimin ədəbi tənqidin fundamental inkişafı
yolundakı xidmətləri
əhatə olunub. Həmçinin mütəfəkkir alimin rus ədəbiyyatına
dair dəyərli əsərləri, tərcümələri
haqqında da ətraflı məlumat verilib.
Tədbirdə filologiya
üzrə elmlər doktoru Xatirə Bəşirli,
elmi işçilərdən Tutu Məmmədova, Solmaz Azadova və digərləri
çıxış edərək görkəmli alimin yaradıcılığından, nəşr
olunan əsərlərindən söz açıblar.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 6.