Kürdəmirdə Hüseyn Arifin 90 illiyi qeyd edilib

 

Kürdəmir Rayon Mərkəzi kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Hüseyn Arifin 90 illik yubileyi qeyd edilib.

 

Rayon Mərkəzi kitabxanasında keçirilən tədbiri muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova açaraq Hüseyn Arifin həyat və yaradıcılığından danışıb. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən şairin yubileyinin geniş şəkildə qeyd olunduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Hüseyn Arif yaradıcılığa Böyük Vətən müharibəsi illərində başlayıb, xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib və milli ədəbiyyatımıza töhfələr verib. Şairin Vətənə məhəbbət ruhlu, mənəvi-əxlaqi zənginlikləri təbiət gözəllikləri ilə vəhdətdə tərənnüm edən yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.

Yubiley tədbirində rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi direktorunun müavini İradə MahmudovaHüseyn Arifin poeziya aləmi” mövzusunda çıxış edib.

Kitabxananın oxucuları şairin şeirlərindən nümunələr söyləyib, görkəmli müğənnilərin ifasında onun sözlərinə yazılmış mahnıların lent yazıları dinlənilib. Tədbir iştirakçıları “Hüseyn Arif - 90” mövzusunda sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 10.