Əsrləri birləşdirən körpü

 

Strasburqda Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş sərgi

 

Açılışda çıxış edən Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov sərginin Şərq intibahının dahi şəxsiyyətlərindən olan Azərbaycan şairinin həyat və yaradıcılığına həsr olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama əsasən böyük söz ustadı ilə bağlı xarici ölkələrdə, o cümlədən Fransanın bir çox şəhərlərində sərgi və tədbirlər təşkil edilib. Diplomat şairin əsərlərində əksini tapan Azərbaycan xalqına məxsus keyfiyyətlərin, gender bərabərliyi, qardaşlıq, tolerantlıq kimi qiymətli universal ideyaların bu günaktual olduğunu vurğulayıb, sərginin eyni zamanda Azərbaycana virtual səfər etməyə imkan yaratdığını deyib.

Sərginin Avropa Şurasının iqamətgahında təşkil edilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayan səfir təşkilatın mədəni müxtəlifliyin genişlənməsi, mədəni irsin inkişafı və qorunması sahəsində mühüm rol oynadığını, bu məsələlərin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə mühüm prioritetlər olduğunu qeyd edib.

Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Markoviç çıxışında Heydər Əliyev Fondunun Azərbaycanın zəngin mədəni dəyərlərini tanıtmaq istiqamətində həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu vurğulayıb. Bu tədbirlərin mədəniyyətlər arasında dialoqa töhfə verdiyini bildirib. O, Nizami Gəncəvinin əsərlərində səsləndirdiyi fikirlərin dünyəvilik baxımından bu günuniversal fəlsəfi problemlərə cavab verdiyini deyib. Baş direktor Nizami Gəncəvinin əlyazmalarının dünyanın bir çox tanınmış muzey və kitabxanalarında, o cümlədən FransaStrasburq milli kitabxanalarında qorunub saxlandığını diqqətə çatdırıb. O, Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən fransız və ingilis dillərinə tərcümə olunaraq nəşr edilən əsərlərinin, sərgidə nümayiş etdirilən əlyazmalarının surətlərinin və miniatürlərin, Nizami yurdu Gəncənin fotoşəkillərinin sərgi iştirakçılarında xoş təəssürat doğuracağına əminliyini vurğulayıb.

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 16.