“İpək Yolunun rəngləri

 

Beynəlxalq festivalda türk xalqlarının musiqiləri və milli geyimləri nümayiş olundu

 

Şəkidə “İpək Yolu” V beynəlxalq musiqi festivalı davam edir. Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə keçirilən festivalın üçüncü günü, iyulun 3-də dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblının konserti oldu.

 

Konsertdən öncə kollektiv haqqında məlumat verildi. Bildirildi ki, ansambl 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Ansamblın yaradıcısı Xalq artisti, professor Məcnun Kərimov olub. O, ömrünün sonuna qədər (2013) qrupun bədii rəhbəri olub. Ansamblın bənzərsizliyi onun tərkibinin orta əsrlərdə Azərbaycanda istifadə olunmuşsonralar unudulmuş qədim musiqi alətlərindən - çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, çoğur, qanun, qopuz, nüshə, dümbək, neydən ibarət olmasıdır. Ansamblın üzvləri musiqiləri qədim milli geyimlərdə ifa edirlər.

Azərbaycanın musiqi mədəniyyətini beynəlxalq səviyyədə layiqincə təmsil edən ansambl 1997-ci ildə Şotlandiyanın Edinburq şəhərində beynəlxalq simpoziumda, 2002-ci ildə Fransada orta əsr musiqisinə həsr olunmuş festivalda, Strasburqda, UNESCO-nun Parisdəki iqamətgahında keçirilən tədbirlərdə iştirak edib. 2005-ci ildə keçirilən “Qəlblərin səsi” beynəlxalq festivalında, eləcə də Türkiyə, Küveyt, İordaniya, ABŞ, Almaniya, Avstriya, Macarıstan və digər ölkələrdə festival və konsertlərdə iştirak edərək diplomlara layiq görülüb. Hazırda ansamblın bədii rəhbəri, Əməkdar artist Munis Şərifovdur. O həm də çəqanə, ney, kaman alətlərinin mahir ifaçısı kimi tanınır.

Təqdimatdan sonra konsert proqramı təqdim olundu. Ansamblın solistləri - əməkdar artistlər Nuriyyə Hüseynova Teyyub Aslanovun, gənc xanəndə Samir Əliyevin ifasında qədim musiqilər, xalq bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edildi.

Həmin gün ŞəkidəkiYay teatrı”nda festivalın daha bir tədbiri keçirildi. TÜRKSOY-un təşkilatçılığı ilə türk xalqlarının geyimlərindən ibarət defile (moda nümayişi) rəngli görüntülərə səhnə oldu. Gecədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Altay, Saxa-Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya respublikalarının modelyer-dizaynerlərinin əl işləri nümayiş etdirildi. Layihənin məqsədi türk dünyası dizaynerlərinin hazırladıqları milli geyim nümunələrini təbliğ etməkdir. Defiledə türk dünyasının rəngarəngliyini nümayiş etdirən etnik dizayn modelləri geyimlər yer almışdı. Bir-birindən maraqlı, qədim elementlərlə zəngin bir qədər müasirləşdirilmiş milli geyimlərin təqdimatı hər kəsdə xoş təəssürat yaratdı. Geyimlərin nümayişinin türk xalqlarının milli musiqiləri rəqslərinin ifası ilə müşayiət olunması gecəyə xüsusi rəng qatdı.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 2.