“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası: yeni hədəflərə çağırış

 

Sənəddə turizm sahəsinin inkişafı ilə bağlı mühüm prioritetlər əksini tapıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcı oldu. Bu, böyük əhəmiyyətə malik bir strateji sənəddir. Konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmayıb. Sənəddə yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf prioritetləri əksini tapıb. Bu məqsədlərə nail olmaq üçün isə ciddi elmi əsaslara söykənən müasir idarəetmə üsullarının tətbiqi və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zəruridir.

Bir sözlə, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasını davamlı inkişafın yol xəritəsi də hesab etmək olar. Sənəd önümüzdəki 6 il ərzində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzitlogistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi və ətraf mühitin qorunması məsələlərini geniş şəkildə əhatə edir.

 

Konsepsiyanın hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fikrincə, artıq keçid dövrünü başa vurmuş Azərbaycanda milli inkişafın yeni strategiyasının müəyyən olunmasının vaxtı çatıb. Bu baxımdan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası mühüm əhəmiyyət kəsb edir. Sənəddə neft gəlirlərindən istifadə edilərək bütün infrastrukturun, regionların inkişaf etdirilməsi, sosial problemlərin həll olunması, kənd təsərrüfatı sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi, gənc nəslin yetişdirilməsi, sahibkarlığın dəstəklənməsi və iqtisadiyyatın əsas yükünün özəl sektorun üzərinə qoyulması, turizm potensialının inkişafı, turistlərin cəlb olunma mexanizminin formalaşdırılması məsələləri əksini tapıb. Prezident Administrasiyası şöbə müdirinin sözlərinə görə, konsepsiyanın həyata keçirilməsində əsas məqsəd Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasını təmin etməkdir.

 

Dövlət büdcəsinin 10-15 faizini turizmdən gələn gəlirlər təşkil edəcək

 

Bu gün Azərbaycan ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, ümumi daxili məhsulun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və beləliklə, qeyri-neft amilinin üstünlüyünün təmin edilməsini qarşıya məqsəd qoyub. Bu baxımdan qeyri-neft sektorunda turizmin payı xüsusi qiymətləndirilir. Turizm sahəsi son illər dövlət başçısının diqqəti sayəsində sürətlə inkişaf edir. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da turizmin inkişafı bir neçə müddəada öz əksini tapıb.

Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası çox mükəmməl bir sənəddir. Azərbaycan 2020-ci ilə qədər hansı nöqtələrə vurmalıdır, hansı zirvələrə çatmalıdır və bu yolda hansı işləri görməlidir - bütün bunlar konsepsiyada əksini tapıb: «Sənədin əsas məqamı ondan ibarətdir ki, Azərbaycan 2020-ci ildə inkişaf etmiş ölkələr sırasına gəlib çata bilsin. Bu, son 10 ilin ən uğurlu konsepsiyasıdır».

Sənəddə turizm sahəsinə ayrılan diqqətə gəldikdə, millət vəkili deyir ki, Azərbaycanda son vaxtlar aparılan dövlət siyasəti əsasən qeyri-neft sektorunun inkişafı istiqamətində qurulub: «Konsepsiyada qeyri-neft sektorunun əsas 4 istiqamətinin inkişafı nəzərdə tutulur. Bu, sənaye, kənd təsərrüfatı, insan kapitalı və turizmdir. Son illər Azərbaycanda turizmin inkişafına xeyli vəsait xərclənib. İstirahət kompleksləri, hotellər tikilir, yollar çəkilir, ölkənin bütün regionlarında infrastruktur layihələri həyata keçirilir. Bunlar isə turizmin inkişafı üçün əsas amillərdən biridir. Yol, qaz, işıq, sus. olmasa, bölgədə turizmi inkişaf etdirmək mümkün deyil. Beləliklə, Azərbaycan dövlətinin əsas hədəfi 2020-ci ilə qədər qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Onun da bir qolu kimi turizm sahəsi nəzərdə tutulur. Turizm sektoru Azərbaycanın iqtisadiyyatında coğrafi mövqeyindən asılı olaraq çox böyük əhəmiyyət kəsb edir. Elə dövlətlər var ki, faktiki olaraq turizmin hesabına yaşayır. Məsələn, qonşu Türkiyədə turizm sahəsindən dövlət büdcəsinə milyardlarla vəsait daxil olur. Bizdə də bu istiqamətdə çox böyük işlər görülür. Düzdür, burada müəyyən problemlər var, xidmətin keyfiyyəti istənilən səviyyədə deyil. Amma problemlərin həlli istiqamətində Mədəniyyət və Turizm Nazirliyi böyük işlər görür. Ona görə də hesab edirəm ki, vaxt gələcək, Azərbaycanın dövlət büdcəsinin 10-15 faizini məhz turizmdən gələn gəlirlər təşkil edəcək».

 

Yaxın 10 ildə ÜDM-də turizm gəlirlərinin çəkisi 1,5 faizi keçə bilər

 

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyir ki, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ölkəmizin qarşıdakı illərdə əsas inkişaf çərçivələrini özündə müəyyənləşdirən bir sənəddir. Sənədin bir neçə bəndində turizmlə, ümumiyyətlə, turizmdə nəzərdə tutulan qeyri-neft sektorunun inkişafı ilə bağlı müddəalar var: «Sənədin 4.2 bəndində iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı olan hissədə turizmlə əlaqədar olan müddəaları xüsusilə mühüm hesab edirəm. Orda turizm infrastrukturunun inkişaf etdirilməsi, onun beynəlxalq standartlara cavab verə biləcək səviyyəyə gətirilib çatdırılması, turizm sahəsində rəqabət qabiliyyətinin gücləndirilməsi, ümumi daxili məhsulda turizmin çəkisinin artırılması kimi hədəflər qoyulub. Bu üç hədəf, fikrimcə, Azərbaycanda turizm sahəsinin inkişafının üst sütunudur. Əsas məsələlərdən biri turizmdə keyfiyyəti artırmaqdır. Bunun üçün onun beynəlxalq standartlara uyğunlaşdırılması və xidmət sahəsi kimi inkişaf etdirilməsi çox zəruri bir şərt kimi qoyulur. İkinci məsələ qiymətlərin keyfiyyətə uyğunlaşdırılması və regionda rəqabət qabiliyyətli bir sahə kimi inkişaf etdirilməsidir. Qiymət siyasətində təəssüf ki, qonşu ölkələrə uduzuruq. Bu mənada rəqabət qabiliyyətinin yüksəldilməsi qiymətlərin optimallaşmasına səbəb olacaq. Bu amillərin gücləndirilməsi nəticəsində biz ÜDM-də turizmin çəkisini də artıra bilərik. Hazırda bu, 1 faizə yaxındır. Amma mənə elə gəlir ki, yaxın 10 ildə ÜDM-də turizm gəlirlərinin çəkisi 1,5 faizi keçə bilər».

Eldar Aslanovun sözlərinə görə, sənəddə qanunvericiliyin təkmilləşdirilməsi də qarşıya məqsəd kimi qoyulub. Onun fikrincə, artıq bu istiqamətdə müəyyən işlər görülüb. Viza rejiminin sadələşdirilməsi ilə bağlı mühüm addımlar atılıb, turizmlə bağlı yeni standartlar qəbul edilib, «Turizm haqqında» yeni qanun layihəsi artıq parlamentdədir.

Mütəxəssis bildirdi ki, konsepsiyada xüsusi hədəf qoyulan məsələlərdən biri də Xəzər dənizinin turizm potensialından istifadədir: «Bura kruizlər, su-idman oyunlarının inkişaf etdirilməsi, Xəzər adalarından səmərəli istifadə və dənizin sahilində Siyəzən, cənub və Nabran istiqamətində turizm şəhərciklərinin salınması aiddir. Məndə olan məlumata görə, artıq dövlət proqramları çərçivəsində proqramlaşdırılır ki, bu istiqamətlərdə böyük turizm şəhərcikləri salınsın.

Sənəddə vacib istiqamətlərdən biri kimi bölgələrdə turizm fəaliyyətinin stimullaşdırılması götürülüb. “Turizm haqqında” yeni qanun layihəsində bununla bağlı müəyyən müddəalar var ki, regionlarda turizm fəaliyyəti ilə məşğul olanlar hansısa formada həvəsləndirilsin. Bu, vergi güzəştləri, mikromaliyyələşdirmə və güzəştli kreditlərin verilməsi, torpaq sahəsi və yaxud da xarici ölkələrdən idxal olunan avadanlıqların aksiz dərəcələrindən azad olunması ola bilər. Turizmin müxtəlif növlərinin və istiqamətlər üzrə marşrutların təşviq olunması da konsepsiyada diqqət yetirilən məsələdir. Bu strateji planda xüsusilə milli, tarixi-mədəni, sosial-iqtisadi xüsusiyyətlər nəzərə alınmaqla, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi nəzərdə tutulur».

Bu sənədin icrasında Azərbaycan Turizm İnstitutunun da payına bir çox işlər düşür. Eldar Aslanovun sözlərinə görə, mövcud xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması təbii ki, turizm sahəsində xidmət göstərən personalın bu standartlara cavab verə biləcək səviyyədə yetişdirilməsini ehtiva edir: «Təhsil müəssisəsi kimi bizim əsas vəzifəmiz turizm sektorunu peşəkar, səriştəli, işinin öhdəsindən gələn, müxtəlif xarici dilləri bilən mütəxəssislərlə təmin etməkdir. ATİ təhsilin bütün pillələrini əhatə edən kadr hazırlayır. Bizim bir məqsədimiz var: turizm bazarına, turizm sənayesinə daha peşəkar kadrlar təqdim etmək».

Mütəxəssislərin fikirlərinə əlavə olaraq bildirmək istərdim ki, turizm nöqteyi-nəzərindən bu sənədlə tanış olduqda Azərbaycanın ərzaq təhlükəsizliyi, ölkədə yeni müasir alternativ enerji mənbələrindən istifadə kimi müddəaların da önəmini vurğulamaq lazımdır. Çünki ölkəmizdə alternativ enerji potensialının gücləndirilməsi, infrastrukturun, ətraf mühitin qorunması sahəsində tədbirlərin genişləndirilməsi, meşə fondunun artırılması, regionlarda müxtəlif istiqamətlər üzrə böyük aqrar sənaye komplekslərinin yaradılması da turizmin inkişafı baxımından münbit bir mühitin yaradılmasıdır. Bu, istiqamət olaraq çox vacibdir və Azərbaycanda davamlı turizmin inkişafı böyük fürsətlər açacaq. Həmçinin regionlarda inkişafla bərabər infrastrukturun, o cümlədən nəqliyyat infrastrukturunun şaxələndirilməsi, beynəlxalq dəniz ticarət limanının tikilməsinin qarşıya məqsəd kimi qoyulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, Azərbaycan dəmir yol sisteminin interreyl sisteminə qoşulması turistlərin bu nəqliyyat növü üzrə də ölkəyə gəlməsinə geniş imkanlar yaradacaq. Avropa-Qafqaz-Asiya, Şimal-Cənub nəqliyyat dəhlizləri də xüsusilə regional turizm səfərlərinə çıxan, bir neçə şəhərə, ölkəyə getmək istəyən turistlər baxımından cəlbediciliyi artıracaq amillərdir.

 

* * *

Beləliklə, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması və tətbiqi ilə dövlətimiz yeni böyük uğurlarının başlanğıcını qoyur. Azərbaycan xalqı bu prosesin uğurlu icrasını və səmərəli nəticələrini səbirsizliklə gözləyir.

 

Fəxriyyə Abdullyeva

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 10.