Vətənin tarixi rənglərin möcüzəsində

 

Rənglər bəzən gözəllikləri, insanları, füsunkar təbiəti estetika örnəyi kimi təqdim edir, bəzən də bir xalqın və bütöv bəşəriyyətin faciələrini - haqsızlığı, qəddarlığı ifadə etmək üçün mühüm vasitəyə çevrilir. Ancaq bu rənglər məhz rəssamların fırçasında öz ecazkarlığını nümayiş etdirir, tarixi anı əbədiləşdirir. Rəssam rənglər vasitəsilə mürəkkəb və ziddiyyətli dünyanın təzadlarını, sevincini, ağrısını gələcək nəsillərə çatdırmağa çalışır.

 

Kirman Abdintaleyini rənglərin hikmətinə, ahənginə bağlayıb. Rənglərin möcüzəsinə, qüdrətinə inanan rəssam onu bəşəriyyətin həqiqətlərinin ifadəçisi olaraq qəbul edir. Çünki hər şey öz rəngində, öz havasında olanda həyatın mizanı, nizamı, düzəni insanları razı salır...

Kirman Abdin 1959-cu ilin iyulun 2-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində dünyaya göz açıb. 1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu və 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Tələbəlik illərindən yaradıcılığa başlayıb, dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə uğur qazanıb. 1984-cü ildə keçirilən siyasi plakat müsabiqəsində qalib olub, 1994-2006-cı illərdə keçirilən bədii plakat müsabiqələrində diplom və hədiyyələrlə mükafatlandırılıb. 2000-ci ildə Türkiyədə keçirilən beynəlxalq karikatura yarışmasında III yerə, 2001-ci ildə İranda keçirilən “Sivilizasiyalararası dialoq” sərgisində xüsusi mükafata layiq görülüb. “Molla Nəsrəddin - 100” beynəlxalq sərgi-müsabiqəsində “Uğur” mükafatını qazanıb.

Sənətə gəlişi də təsadüfi olmayıb. Böyük qardaşı, tanınmış fırça ustası, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov onun bu sənəti seçməsində böyük rol oynayıb. Bu günlərdə muxtar respublikada 60 illik yubileyi qeyd olunan Telman Abdinovun yaradıcılığında portret, natürmort və digər janrlar mühüm yer tutur. Onun əsərləri Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini özündə əks etdirir. Rəssamın “Tariximizi qoruyaq”, “Bir millət, iki dövlət”, “Sönməyən həyat”, “Əlincəqala”, “Naxçıvan abidələri”, “Xalçaçı qız” və digər əsərləri yüksək bədii sənətkarlıq nümunələridir.

Qardaşından fərqli olaraq Kirman Abdinin yaradıcılığında qrafika, plakat-kompozisiyalar əsas yer tutur. Müxtəlif vaxtlarda fərdi sərgiləri açılan rəssamın əsərlərinin əsas ideyası xalqımızın tarixi keçmişi, ona qarşı edilən ədalətsizliklərin, erməni vandalizminin ifşasıdır. Sənətkar Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq üçün yorulmadan çalışır. 2012-ci ilin mayında Rəssamlar Birliyinin Vəcihə Səmədova adına sərgi salonunda keçirilən “Əsrlərin yaddaşı - nəsillərin yaddaşı” bədii plakat sərgisində rəssamın vətənimizin tarixi, bu günü və gələcəyi haqqında ideyaları əks etdirən əsərləri nümayiş etdirilib.

Tariximizin qan yaddaşını plakatlarda təcəssüm etdirən Kirman Abdin bədii təxəyyülü sayəsində düşündürücü məqamları tamaşaçının ixtiyarına verməyi bacarır. “Bakı, 20 Yanvar, 1990” adlı əsərində çox uğurlu rəng seçimifikrin mətnaltı ifadəsinin şahidi oluruq. Əsərin əsas hissəsi boz rənglə işlənib. Kremlin ermənipərəst rəhbərləri Azərbaycandakı azadlıq aşiqlərinə özboz üzünü” göstərir. Atılmış iki güllə zərif qərənfillərə dəymək üzrədir. Gülləyə tuş gələn qərənfillərdən başqa, kənarda digər qərənfillər də var. Həmin qərənfillər arasında üstündə “oraq-çəkic” şəkli aydın görünən növbəti, dolu gilizlər də vardır. Ona görə də rəssam məhz qərənfillərin rəngində olan şriftlərlə xəbərdarlıq edir: “Əsrlərin yaddaşı nəsillərin yaddaşından çıxmasın gərək”. Ölkəyə müsibət və faciələr gətirmiş həmin xəyanətkar hadisənin rəmzi olan qara rəngli zolağın üstündə isə əsərin adı məhz rəngdə, iri şriftlərlə yazılıb. Yəni xəyanətkar rejim tərəfindən qətlə yetirilən vətən övladlarımız öz ölümləri ilə gün - azadlıq gətirdilər.

Rəssamın 20 Yanvar faciəsinə həsr etdiyi plakatlar, tərtib etdiyi fotomontajlar olduqca təsirlidir. “Yetər parçalanmaq!” əsəri tarix boyu itirilmiş torpaqlarımızı gözlərimiz önündə canlandırır. Zaman-zaman mənfur qonşularımız tərəfindən ərazilərimizin işğalı, onların ölkəmizə qarşı olan bəd niyyətləri rəssam təxəyyülü ilə ifşa olunur.

Qarabağ” adlı plakatda əbədi və əzəli yurdumuzun taleyinə dünya birliyinin laqeydliyi, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə çağıran BMT qətnamələrinin illərdir havada qalması, beynəlxalq dairələrin Qarabağ ətrafındakı ötür-ötür oyunu təsirli cizgilərlə təsvir edilib. Bu əsər dünya birliyinin Azərbaycanın haqq işinə biganə qalmasına, bir milyondan artıq məcburi köçkünün taleyi ilə oynamalarına qarşı sənətkar etirazının ifadəsidir.

Rəssamın əsərlərinin hər birində milli tariximizin müəyyən səhifələri öz əksini tapıb. “31 mart, 1918. Azərbaycanlıların soyqırımı” adlı plakatda kompüterin texniki imkanları ilə dəhşətli faciənin ümumiləşdirilmiş rəngi verilib. Xalqımıza qarşı dəfələrlə soyqırımı törədən, qədim-qayım yurd yerlərimizdə dövlət quran ermənilərin bəşər tarixinə yazdığı vandalizm faktları qrafikanın imkanları ilə yüksək sənətkarlıqla diqqətə çatdırılır. Əsərdə İrəvandakı rəsmi dövlət qurumunun yerləşdiyi binanın giriş qapılarından etibarən üzü aşağı insan skeletləri düzülüb. Diqqətlə baxanda görürük ki, bu rəng “dənizdən-dənizə böyük dövlət” yaratmaq istəyənlərin bayrağındakı rənglərdən biridir. Rəssam həm xalqımıza, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımının startı məhz buradan - bu plakatda göstərilən binalardan verilib.

Kirman Abdin xalqımızın min illərin sınağından keçib gələn milli bayramlarını da təsvir etməyi unutmur. Novruz bayramına həsr edilmiş əsərləri də möhtəşəm rəng seçimi ilə diqqəti cəlb edir. Qayaüstü rəsmlərdəki yallı qəhrəmanlarının rəqsi, yaşıllıqların üzərində isə azadlıq, sərbəstlik rəmzi olan qaranquşlar möhtəşəm şəkildə səmaya doğru düzülüb. Aşağı tərəfində “21 Mart” yazılmış bu əsərdə Novruz bayramının qədimliyi ilə bu gününün müqayisəsi təqdim olunur.

Gənc nəslin təlim-tərbiyəsi, sağlamlığı, pis vərdişlərdən uzaq olması da rəssamın diqqət göstərdiyi məqamlardandır.

Əsərləri ilə xalqımızı birliyə çağıran, qazandığımız azadlığı tərənnüm edən, müstəqilliyimizə qarşı çıxmaq istəyənləri ifşa edən, dinimizi, dilimizi uca tutan, ana təbiətin, ekologiyanın qorunmasına çağıran rəssamı 55 yaşı münasibətilə təbrik edir, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 11.