Dəyərlərin və ənənələrin qorunması gələcək inkişafın təminatıdır

 

“Davamlı inkişaf mədəniyyəti: universalmilli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV beynəlxalq elmi konfrans

 

İyulun 8-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “Davamlı inkişaf mədəniyyəti: universalmilli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV beynəlxalq elmi konfrans işə başladı. “JW Marriott Absheron” hotelində keçirilən tədbirə 14 xarici ölkədən 20-dən çox alim və mütəxəssis qatılıb.

 

Konfransı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycanda bu qəbildən beynəlxalq elmi tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini qeyd etdi: “Mədəniyyət anlayışı artıq cəmiyyətin həyat tərzinə, ölkəmizin hərtərəfli inkişafının ayrılmaz hissəsinə çevrilib. Davamlı inkişafı mədəniyyətdən kənar təsəvvür etmək mümkün deyil. Bu gün sənayenin, iqtisadiyyatın, enerji sektorunun, ekologiyanın, turizmin və digər sahələrin mədəni anlayışlar çərçivəsində inkişaf etdirilməsi vacib amildir. Əgər inkişaf hərtərəfli deyilsə, o, uzun sürə bilməz. Prezident İlham Əliyevin xüsusi səyi nəticəsində ölkəmizdə mədəniyyətin, iqtisadiyyatın, sənayenin və digər sahələrin dinamik inkişafı Azərbaycan xalqının böyük uğuruna çevrilərək, davamlı inkişafı təmin edib”.

Ermənistanın işğalı altında olan torpaqlarımızda milli mədəniyyət nümunələrimizin, tarixi abidələrimizin əksəriyyətinin dağıdıldığını qeyd edən Əbülfəs Qarayev bu işğalın doğurduğu fəsadlara baxmayaraq, ölkəmizin sürətlə inkişaf etdiyini, o cümlədən müasir mədəniyyət infrastrukturunun yaradıldığını, tarixi abidələrin bərpa olunaraq qorunduğunu diqqətə çatdırdı: “Azərbaycan üçün keçmişə münasibət, dəyərlərin və ənənələrin qorunması gələcək inkişafın təminatçısı kimi qəbul olunur. Bu inkişafın tarixi ənənələrə əsaslanması davamlı inkişafın nəticəsi olaraq ortaya çıxıb”.

Beynəlxalq tədbirin təşkilinin Azərbaycan dövlətinin bu sahəyə diqqətinin daha bir nümunəsi olduğunu deyən nazir konfransın işinə uğurlar arzuladı.

Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov mədəniyyətlərarası dialoqun genişləndirilməsinin vacibliyini qeyd edərək, qloballaşan dünyanın qarşısında duran prioritet məsələ olduğunu vurğuladı: “Əsrlər boyu Azərbaycanda müxtəlif xalqlar dostluq, qardaşlıq münasibətində yaşamışdır. Azərbaycanlılar digər mədəniyyətlərə, milli azlıqlara həmişə hörmətlə yanaşmışdır. Bu gün Azərbaycan tolerantlığın özünəməxsus modelini yaratmaqla dünya ölkələri arasında örnəyə çevrilmişdir”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə mədəni müxtəlifliyin inkişafına böyük imkan yaradıldığını, Şərq və Qərb düşüncəsinin bərabər yaşamasının çoxəsrlik tarixi ənənəsinin formalaşdığını vurğuladı: “Azərbaycanda bütün dinlərin, bütün millətlərin dinc, yanaşı yaşamasının təmin olunması dövlət siyasətinin əsaslarındandır. Tolerantlıq Azərbaycan xalqının böyük mədəni ənənəsidir. Multikulturalizmin formalaşması ölkəmizdə heç vaxt problem olmayıb, əksinə, mədəni müxtəlifliyin harmoniyasına çevrilib”.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Moskvada UNESCO Bürosunun regional mədəniyyət proqramları üzrə mütəxəssisi Lyubava Moreva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Rusiya Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov konfransın əhəmiyyətini, mövzunun aktuallığını vurğuladılar.

Çıxışlarda Azərbaycanın davamlı inkişaf mədəniyyəti sahəsində təcrübəsi yüksək qiymətləndirildi. Qeyd olundu ki, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən böyük təhsil və mədəniyyət proqramları həyata keçirilir.

Konfransda insanın təbiəti və mədəniyyətin mahiyyəti, mədəni ənənələr və insanın fəaliyyəti, sosial inkişafda mədəniyyətin proqramlaşdırıcı funksiyası, mədəniyyət və ənənələrə postmodern yanaşma, mədəni qloballaşmanın mahiyyəti və perspektivləri məsələlərinə xüsusi diqqət yetirildi. Mədəni qloballaşma və mədəni müxtəlifliyin qorunması problemi, mədəniyyətlərin yaxınlaşması və davamlı inkişaf mədəniyyətinin birləşdirici xüsusiyyəti, sosial kapital və davamlı inkişaf mədəniyyətinin dəyərlər sistemi, davamlı inkişaf mədəniyyətinə keçid mədəni siyasətin məqsədi kimi, davamlı inkişaf mədəniyyətinin formalaşmasında təhsilin, medianın rolu da konfransın əsas müzakirə mövzularındandır.

Daha sonra konfrans öz işini sesiyalarla davam etdirdi. İclaslardaDavamlı inkişafda mədəniyyətin rəqəmsallaşdırılması rəqəmsal kopirayt”, “Mədəniyyətlərin inteqrasiyası prosesində milli müəyyənliyin qorunması”, “Azərbaycan mədəniyyətində universal dəyərlər”, “Universal milli dəyərlərin inteqrasiyası təhsil sisteminin texnoloji platforması kimi digər mövzularda məruzələr dinlənildi.

Qeyd edək ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, UNESCO məsələləri üzrə Rusiya Federasiyası Komissiyası, “BMESU” Akademiyasının Qloballaşma Davamlı İnkişaf İnstitutu, Cənubi Rusiya Qeyri-Hökumət Ali Məsələləri Assosiasiyası tərəfindən dəstəklənir.

Beynəlxalq elmi konfrans iyulun 9-da işini yekunlaşdıracaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.-  9 iyul.- S. 3.