“İpək Yolu” festivalından vətənimizə ən xoş duyğularla qayıdırıq”

 

Türkdilli ölkələrin rəssam və modelyerlərin Şəki təəssüratları

 

Xəbər verdiyimiz kimi, iyulun 1-dən 5-dək Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalı bir sıra maraqlı tədbirlərlə yadda qaldı. Festival çərçivəsində Şəkidə keçirilən TÜRKSOY-un XVII “Rəssamlar görüşü”nün yekun sərgisi açıldı. 14 türkdilli ölkə və diyarı təmsil edən 17 rəssam iki həftə ərzində qədim şəhərdə bir araya gələrək Şəki ilə bağlı təəssüratlarını, yaradıcılıq axtarışlarını kətan üzərinə köçürmüşdülər. Rəssamların yekun sərgisinin “İpək Yolu” musiqi festivalı çərçivəsində təşkili sənət və musiqi bayramını bir-birinə qovuşdurdu.

 

Festivalın daha bir sənət tədbiri isə iyulun 3-də “Yuxarı Karvansaray” kompleksində türkdilli ölkələrin milli geyimlərindən ibarət dəfilənin nümayişi oldu. TÜRKSOY-un hazırladığı dəfilədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Altay, Saxa-Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya respublikalarının modelyer-dizaynerlərinin əl işləri milli musiqilərin müşayiəti ilə təqdim edildi. İndiyədək TÜRKSOY tərəfindən müxtəlif ölkələrdə düzənlənən bu layihənin məqsədi türkdilli ölkələrin dizaynerlərinin hazırladıqları milli geyim nümunələrini təbliğ etmək, türk dünyasının dəb və zövq anlayışını nümayiş etdirmək idi. Dəfilədə 11 türkdilli ölkənin 60-a yaxın milli geyim nümunəsi, etnik dizayn modelləri göstərildi. Azərbaycan modelyer-dizaynerləri ilk dəfə qatıldıqları bu layihədə Qarabağ, İrəvan, Şəki, Quba, Bakı və Azərbaycanın digər xanlıqlarına aid milli geyimləri yeni dizaynda təqdim etdilər. Dəfilə gecəsi böyük maraqla qarşılandı. Sonda TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək layihənin “İpək Yolu” festivalı çərçivəsində reallaşmasına görə festivalın təşkilatçılarına - Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Beynəlxalq musiqi festivalına rəng qatan bu tədbirlərin iştirakçıları - türkdilli ölkələrin rəssam və modelyerləri təəssüratlarını bizimlə bölüşdülər.

 

Mulder Saqıntikova (Qazaxıstan):

İlk dəfə TÜRKSOY-un “Rəssamlar görüşü”ndə iştirak edirəm. Layihəyə müxtəlif türkdilli ölkələrdən rəssamlar dəvət alıb. Biz bir araya gəlir, söhbət edir, fikir mübadiləsi aparırıq. Nə yaxşı oldu ki, tədbir bu dəfə Azərbaycanın Şəki şəhərində keçirildi. Bu şəhər öz zəngin təbiəti ilə çox əsrarəngizdir və bu da bizə rəsmlər çəkmək üçün gözəl imkandır. Məni Şəkidə daha çox dağ mənzərələri və evlərin maraqlı quruluşu cəlb etdi. Ona görə də iki rəsmimdə dağ mənzərələri təsvir olunub. Bundan başqa, insanları və xüsusilə də onların gözəl, səmimi simalarını yağlı boya ilə öz tabloma köçürmüşəm. Şəkidəki maraqlı, qədim qablarla bağlı natürmort rəsmlər də çəkmişəm. Onların koloriti çox maraqlıdır. Layihə çərçivəsində Şəkidə müxtəlif rəssam emalatxanalarında çalışdıq və həmkarlarımızla dostlaşdıq. Eyni zamanda insanların istiqanlılığı, qonaqpərvərliyi də çox xoşumuza gəldi. Bir sözlə, Şəkidən və “İpək Yolu” musiqi festivalından vətənimizə xoş təəssüratlarla qayıdırıq.

Yelena Yermolina (Rusiya Federasiyası Tatarıstan Respublikası):

Layihə çərçivəsində əvvəlcə natürmort çəkdim. Sonra düşündüm ki, insan belə bir məkanda öz duyğularını necə canlandıra bilər. Özünəməxsus koloriti ilə Şəki, doğrudan da, çox gözəldir heç bir şəhərə bənzəmir. Bu günə qədər İspaniya, Almaniya Polşada olmuşam. Gördüyüm şəhərlər arasında ən çox xoşuma gələn Şəkidir. Şəki mənim doğma şəhərim Kazana bənzəyir burada özümü evimizdəki kimi hiss etdik. İnsanlar qonaqpərvər, səmimi, ürəyiaçıqdırlar. Səhər oyananda quşların səsini eşidirsən, sakitlik insanı valeh edir. Artıq belə sakitlik Kazanda çoxdan yoxa çıxıb. Hər kəs bir-biri ilə dostlaşıb, emalatxanada çox səmimi atmosferdə işləyirik. Rəsmlərə gəlincə, Xan sarayını, təbiət təsvirlərini çəkdim bu mənim Şəki ilə bağlı təəssüratlarımdır. Burada özümüzə gözəl dostlar qazandıq. Bu şəraitə görə layihə rəhbərliyinə, Şəki Şəhər İcra Hakimiyyətinə öz minnətdarlığımızı bildiririk.

Qalina Kakayomova (Rusiya Federasiyası Yakutiya Respublikası):

Əslində, mən çoxdan idi ki, belə bir layihədə iştirak etmək istəyirdim buna görə çox sevinirəm. Mən Moskvada yaşayıram, bu vaxta qədər bir çox Avropa ölkələrində, Çində olmuşam. Lakin mənə həmişə maraqlı idi ki, keçmiş Sovet İttifaqı ölkələrində olum, görüm, onlar necə yaşayır. Şəki çox xoşumuza gəldi, insanlar çox xeyirxahdır. Burada şəhər öz tarixiliyini qoruyub-saxlayıb. Karvansaralar, Xan sarayı üzərindəki qədim yazılar, işləmələr əsrarəngizdir. Mən antikvar əşyaları, dağ çaylarını öz tablolarıma köçürdüm. Bilirsiniz, Ramazan ayının ilk günü burada yağış yağdı təbiət elə ecazkar şəkil aldı ki, bu, bir rəssam kimi mənim üçün gözəl fürsət idi. Bilirəm ki, vətənə qayıdıb bunları danışanda həmkarlarım mənə həsəd aparacaq.

Mənsur Qaralov (Azərbaycan):

TÜRKSOY-a belə bir layihə ilə “İpək Yolu” V beynəlxalq musiqi festivalına qatılmasına görə çox minnətdarıq. Burada iştirak edən rəssamların 14 türkdilli ölkədən olmalarına baxmayaraq, onların arasında gözəl ab-hava var. Hətta bəzi rəssamlar Şəkini öz şəhərlərinə bənzətdilər. Bizə rəsm çəkmək üçün sərbəst mövzu seçimi verilmişdi. Lakin rəssamlar əsərlərinin çoxunu Şəkiyə həsr etdilər. Bir sözlə, bu tədbir hər birimizin yaddaşına xoş xatirələr həkk etdi.

Sabit Bulud (Türkiyə):

Bu layihə həm peşə, həm qəlb yaxınlığı baxımından türkdilli ölkələri bir araya gətirdi. Çünki bundan əvvəl, məsələn, bir xakasiyalı ilə, başqırdla tanış olmamışdım. Amma indi bizim bir-birimizi tanımaq şansımız oldu. Dillərimiz yaxın olduğundan çox gözəl münasibətlərimiz yarandı. Mən daha çox Şəki ilə bağlı rəsmlər çəkdim. Buraya alban kilsəsi, Şəki ipəyi, şəbəkə sənəti ilə bağlı nümunələr, milli geyimləriniz, insanların portretləri aiddir. Şəki doğrudan da, gözəl şəhər imiş. Doğrudur, Azərbaycanla hələ uşaqlığımdan maraqlandığımdan Şəki ilə bağlı məlumatlarım var idi. Mənim əcdadlarım çərkəzdir çox illər əvvəl Şimali Qafqazdan Türkiyəyə köç ediblər. Bu baxımdan Qafqaz mədəniyyətinə böyük marağım var rəqslərini öyrənmişəm. Şəki Qafqaz dağlarına yaxındır, səhər yuxudan oyanınca bu təbiəti görmək insanı məmnun edir. Bu məkanı, onun insanlarını çox sevdim.

 

* * *

Tatyana Milovanova (Rusiya Federasiyası Kalmıkiya Respublikası):

Sovet dövründə milli geyimlər tarixin arxivinə köçmüşdü o, qədim bir geyim hesab olunurdu. Lakin sonradan yeni parçaların, aksesuarların meydana gəlməsi bizə imkan verdi ki, etnik kostyumları daha gözəl, parlaq, rəngarəng formada müasirləşdirək. Biz milli geyimlərimizdə əsas elementləri saxlayırıq, amma onu daha da gözəlləşdiririk. Onsuz da qonşu regionların adət-ənənələri bizim mədəniyyətimizə istər-istəməz təsir edir. Məsələn, biz kalmıklar vaxtsa, Qərbi Monqolustandan gəlmişik. Ötən müddət ərzində kostyumlarımız çox dəyişikliyə məruz qalıb indi daha başqa bir forma alıb. Məsələn, etnik geyimlərimizdə slavyan Şimali Qafqaz geyimlərinin izləri var. Bu gün kalmık etnik geyimləri daha çox Şimali Qafqaz xalqlarının geyimlərinə bənzəyir. Amma buna baxmayaraq, bu geyimlər gündəlik həyatda istifadə olunmur. Lakin işgüzar kostyumlarda, gecə paltarlarında etnik elementlər sadəcə olaraq tətbiq edilir. Bizə öz milli geyimlərimizi nümayiş etdirməyə şərait yaratdığına görə, TÜRKSOY-a “İpək Yolu” musiqi festivalının təşkilatçılarına minnətdarlığımızı bildirirəm.

Yüksel Deyirmançı (Türkiyə, Əskişəhər):

Şəkiyə “Əskişəhər - Türk Dünyası Mədəniyyət Paytaxtı-2013” Agentliyi ilə birgə gəldik. Əskişəhərdə 1959-cu ildə Sənət Təkmilləşdirmə İnstitutu qurulub. Sonradan bu qurum Türkiyənin 15 şəhərində meydana gəlib. Məqsəd qədim əl sənətlərini aşkar edib onları günümüzə uyğunlaşdırmaqdır. Bu geyimlərin dizaynlarını mən edirəm, başqa bir yerdə isə naxış, əl sənətlərində dekorativ bəzəklər vurulur. Biz dəfilədə 6 qədim Osmanlı saray kostyumu ilə çıxış etdik. Bundan başqa, mən daha öncə Finikiya geyimlərini, daha sonra, Yunus Əmrə dövrünün geyimlərini araşdırıb nümunələr hazırlamışam. Həmçinin türk dünyası geyimlərini hazırladıq. Bütün bu kolleksiyaların dəfiləsini keçirdik. Şəki ilə bağlı çox gözəl təəssüratlarımız var. Şəki öz zəngin tarixi abidələri təbii gözəlliyi ilə diqqətimizi cəlb etdi.

Yelena Milberqer (Özbəkistan):

Mənim Daşkənddə özümün şəxsi moda evim var geyimlərlə yanaşı, parçaların da üzərini bəzəyirəm. Artıq ikinci dəfədir ki, TÜRKSOY-un milli geyimlərlə bağlı bu layihəsində iştirak edirəm. Budəfəki layihədə hazırladığım yeni kolleksiyamla çıxış edirəm. Belə layihələrdə iştirak etmək biz dizayner-modelyerlərin məsuliyyətini daha da artırır. Biz hər il daha yeni kolleksiyalar hazırlayırıq. Həm düşünürük ki, bizim işimiz faydalıdır buna kənardan böyük diqqət var. Eyni zamanda türkdilli ölkələrin dizaynerləri ilə bir araya gəlirsən, fikir mübadiləsi aparırsan. Məsələn, mən Azərbaycan ornamentlərinə fikir verdim onlar mənim çox xoşuma gəldi. Özbək ornamentləri ilə oxşarlıqları var. Bu mədəniyyət layihəsi bizim bir araya gəlməmizdə, mədəni dialoq yaratmamızda böyük rol oynayır.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 9 iyul.- S. 8.