“Rənglər çələngi: Qarabağın rəngləri Melburnda

 

Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adlı layihə həyata keçirib.

 

İyulun 5-də Azərbaycan Dillər Universitetinin (ADU) 2-ci tədris korpusunun kitabxanasında təşkil edilən təqdimat mərasimində layihənin yekunları barədə məlumat verilib.

Mərasimdə çıxış edən “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, ADU-nun professoru Şəhla Nağıyeva bildirib ki, layihənin məqsədi uzaq Avstraliyada ölkəmizin təbliğinə, Azərbaycan həqiqətlərinin yayılmasına, mədəniyyətimizin tanınmasına töhfə verməkdir. İyunun 15-dən 22-dək Melburn şəhərindəki Dikin Universitetində Azərbaycanın gənc qadın rəssamları Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərlərindən ibarət sərgi təşkil olunub. Universitetin tələbə və müəllimləri sərgidə rəssamların “Qarabağ atları”, “Şuşa məscidi”, “Torpaq həsrəti”, “Xudafərin körpüsü”, “Xarı bülbül”, “Gözlərdə Qarabağ həsrəti” və digər rəsmləri ilə maraqla tanış olublar.

Layihə çərçivəsində həmçinin Dikin Universitetində Azərbaycan guşəsi yaradılıb, burada ölkəmizin tarixi və mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə informasiyalar, kitab və broşürlər təqdim olunub.

Tədbir iştirakçılarına “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış bukletlər, erməni işğalını göstərən xəritələr paylanılıb. Erməni terroru, Xocalı faciəsi, eləcə də Azərbaycan tarixi və mədəniyyəti, milli mətbəximiz və s. ilə bağlı kitablar Dikin Universitetinin kitabxanasına hədiyyə edilib.

Əsərləri Melburnda nümayiş olunan rəssam Nərminə Vəliyeva tədbirdə çıxış edərək layihənin gerçəkləşməsində əməyi olanlara təşəkkürünü bildirib.

Amerikalı şair və tədqiqatçı Əlison Məndəvil “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib.

Tədbirdə Melburnda keçirilən sərgi barədə fotoşəkillər, İctimai Televiziyada hazırlanan verilişdən fraqment nümayiş etdirilib.

 

Mədəniyyət.- 2014.- 9 iyul.- S. 14.