Niyazinin mənzil-muzeyində “İpək Yolu” festivalının iştirakçıları ilə görüş

 

İyulun 9-da Niyazinin mənzil-muzeyində “İpək Yolu” V beynəlxalq musiqi festivalının iştirakçıları ilə görüş keçirildi.

 

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq 1-5 iyul tarixində Şəki şəhərində keçirilən “İpək Yolu” festivalının uğurla başa çatdığını bildirdi.

Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə gerçəkləşən tədbirin ölkəmizin mədəni həyatında yaddaqalan hadisəyə çevrildiyi vurğulandı.

Festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxış edərək təəssüratlarını görüş iştirakçıları ilə bölüşdü. Beş gün davam edən festivalda sənətsevərlərin Türkiyə, Hindistan, Çin və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı və rəngarəng çıxışlarını izlədiklərini vurğuladı. Festival çərçivəsində TÜRKSOY-un Şəkidə keçirilən “Rəssamlar görüşünün yekun sərgisinin, türkdilli ölkələrin milli geyimlərindən ibarət moda nümayişininmaraqla qarşılandığı diqqətə çatdırıldı.

Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova festivalın daha bir yeniliyinin Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasının nümayişi olduğunu qeyd etdi. Hindistan və Çindən gəlmiş qrupların, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının ifasında səslənən xalq havalarımızın, “Eurovision” müsabiqəsi iştirakçılarının müasir ritmli çıxışlarının festivalın palitrasına yeni çalarlar qatdığı vurğulandı.

Qədim musiqi alətləri ansamblının rəhbəri, Əməkdar artist Munis Şərifov və digər çıxış edənlər festivalın qədim tarix və mədəniyyət məkanı olan Şəkidə keçirilməsinin xaricdən gələn incəsənət ustaları üçün də maraqlı olduğunu bildirdilər.

Görüşdə “İpək Yolu” V beynəlxalq musiqi festivalından videogörüntülər nümayiş olundu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 6.