Xanım Abdulqafar qızı Qafarova

 

Azərbaycan teatr sənətinə itki üz vermişdir. İstedadlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Xanım Abdulqafar qızı Qafarova 2014-cü il iyul ayının 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

X.Qafarova 9 may 1967-ci ildə Bakıda anadan olmuşdur. Bir müddət Xalq artisti L.Məmmədbəyovun xalq teatrında məşğul olmuş, «Bahar suları» əsərində Turac, «Kişilər»də Səmayə, «Aydın»da Gültəkin, «Oqtay Eloğlu»nda Firəngiz, «Yad qızı»nda Nazan başqa tamaşalarda əsas rolları oynamışdır.

1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş, ikinci kursda oxuyarkən Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi «Tənqid-Təbliğ» teatrında işləməyə başlamışdır. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında böyük əhəmiyyət kəsb etmiş, gənc aktrisa mürəkkəb xarakterli obrazların ifaçısı kimi püxtələşmişdir. Burada o, R.Əhmədzadənin «92-dəqiqə gülüş» tamaşasında Balaxanım, «Hələlik»də Nisəxanım, Qənirə Qoca arvad rollarını, V.Səmədoğlunun «Uca dağ başında» əsərində Şənbə xanım Süpürgəçi qadın obrazlarını uğurla ifa etmişdir.

1996-cı ildə X.Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışdır. Teatrın səhnəsində Ü.Hacıbəylinin «O olmasın, bu olsun» operettasında Gülnaz, “Arşın mal alanda Xala, E.Sabitoğlu və C.Məmmədovun «On min dollarlıq keyf» əsərində Bağdagül, E.Sabitoğlu və X.Hasilovanın «Nəğməli könül» tamaşasında Könül, S.Ələsgərov, İ.Məlikzadənin «Hərənin öz ulduzu» komediyasında Məleykə, S.Fərəcov, Ə.Əmirlinin «Səhnədə məhəbbət» operettasında Röya, E.Sabitoğlu, T.Vəliyevanın «Bankir adaxlı»sında Məleykə, R.Hacıyevin «Talelər qovuşanda» əsərində Sona, V.Adığözəlov və Anarın «Aldın payını, çağır dayını» komediyasında Xəbərçi Xədicə, O.Rəcəbov, A.Babyevin «Şeytanın yubileyi»ndə Xəyalə, R.Mirişli, M.Haqverdiyevin “Qısqanc ürəklər”ində Leyla, Natella, “Amerikalı kürəkən”də Tünzalə və s. yaddaqalan obrazlar yaratmışdır.

Səhnə uğurlarına görə X.Qafarova 2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısı idi.

Xanım Qafarovanın əziz xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin.

 

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi

 

Mədəniyyət.- 2014.- 16 iyul.- S. 6.