Nağıllaşan ömür

 

Xatirələr karvanı... Sabahlara doğan günəş... Ürəyimizin içindən çıxanda gah günəş kimi isidər, gah da buz olub dondurar bizi...

 

Hədər əsmə, ey dağ yeli,

Ürəyimə həsrət dolar.

Xatirələr karvanından

Nələr gedər, nələr qalar...

 

Xatirələr karvanından qalanlardan biri də... Biri vardı, biri yox. Gözəl Bakımızda “Qırmızı əmək bayrağı” ordenli Azərbaycan Dövlət Universiteti vardı. Universitetin jurnalistika fakültəsinin 1010-cu qrup tələbələri vardı. Bir-birinin ürəyində onların özlərinin yerindən başqa, onlara elm, bilik öyrədib, sabaha hazırlayan müəllimlərin də öz yeri vardı. Bütün bunlar tələbələrin yaddaşında silinməz izlər buraxardı.

Xatirələr karvanında bu izlər çözələndikcə Nurəddin Babayevə də pay düşür, xatirələr dilə gəlir... “Oçerk sənətkarlığı”ndan dərs deyərdi bizə. Qabaqcadan qeyd edim ki, jurnalistikada oçerk mənim ən çox sevdiyim janrdır. Onun üçün bu dərsi də, Nurəddin müəllimin (Allah ona rəhmət eləsin) hər gəlişini də səbirsizliklə gözləyərdim. Çünki onun peşəkarlıqla, ustalıqla qələmə alınmış oçerklərindən, kitablarından xəbərdar idim. Dərslərimiz sual-cavab, bir növ fikir mübadiləsi xarakterli olduğundan 90 dəqiqənin nə zaman başa çatdığını hiss etməzdik.

Zaman keçdikcə məlum oldu ki, o da mənim yaradıcılığımla maraqlanırmış. O vaxtlar (1981-1986) dövrün aparıcı mətbu orqanlarından olan, Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzeti vardı. Həmin qəzetin baş redaktoru rəhmətlik Nəriman Zeynalovun bizə dərs deməsindənmi, ya orada çalışan kollektivin Sədaqət Kərimova, Müştəba Əliyev, Müzəffər Məlikməmmədov və başqaları kimi üzvlərinin peşəkarlığındanmı irəli gələn qayğısındanmı, hər nədənsə, “Sovet kəndi”ndə biz tələbələr diqqət mərkəzində idik. Yazdığımız balaca bir xəbəri də operativ olaraq qəzetin səhifəsində görərdik.

Günlərin bir günündə Nurəddin müəllim mənim “Sovet kəndi”ndə dərc olunmuş bir neçə müxtəlif janrlı yazılarımla bərabər, “Ağ gecənin aydınlığı”, “Ağ qar, ağ ləpir” kimi oçerklərim dərc olunmuş qəzetləri özü ilə götürüb dərsə gəlmişdi. Yazılar təhlil olundu, müxtəlif fikirlər səsləndi. N.Babayev bildirdi ki, onu razı salan məqamlardan biri də öyrətdiklərinin yazıda yerində olmasıdır.

O gündən hiss etdim ki, bu insan mənim yaradıcılığıma biganə deyil. Açıq etiraf edim ki, qürurlanırdım və bu məni yazmağa daha da həvəsləndirirdi.

* * *

Elə adam var ki, olduğu kimi görünmür, adam da var ki, göründüyü kimi ola bilmir. Onda isə hər şey tamam başqa idi. Elə bil ikisi də tamamlayırdı bir-birini; daxili aləmi ilə xarici görkəmi vəhdət təşkil edirdi. Ürəyinin işığı qəlbindən çöhrəsinə süzülürdü: sifəti daim təbəssümlü idi. Acı sözü də elə deyərdi ki, inciməzdin.

Babayev Nurəddin Həsən oğlu 1921-ci il martın 21-də Gəncədə anadan olmuşdur. İndiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Ədəbi fəaliyyətə hələ orta məktəb illərindən maraq göstərmişdi. 1939-cu ildən hekayələri, oçerkləri və müxtəlif məqalələri çap olunmağa başlamışdı. 1940-41-ci illərdə “Azərbaycan pioneri” qəzetində ədəbi işçi çalışdıqdan sonra “Kommunist”, “Azərbaycan müəllimi” qəzetlərində, “Uşaqgəncnəşr”də baş redaktor, eyni zamanda ADU-nun jurnalistika kafedrasında baş müəllim işləmişdi.

Publisist-naşir, Azərbaycan Yazıcılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatı (1966-67), respublikanın Əməkdar mədəniyyət işçisi (1982), filologiya elmləri namizədi (1958), professor (1981) N.Babayev, həmçinin Jurnalistlər İttifaqı idarə heyətinin katibi, Yazıçılar Birliyində oçerk və publisistika bölməsinin sədri, SSRİ Yazıçılar İttifaqında oçerk və publisistika şurasının üzvü kimi ictimai vəzifələr də daşımışdır.

1991-ci ildə dünyasını dəyişən bu gözəl insanın, qələmə aldığı müxtəlif oçerklər toplusunu - “Ədəbi qəhrəmanlıq”, ”Bacılar”, “Mübariz janr” kitablarını bizim nəslə yadigar qoyub getmişdir. Bundan başqa, “Bahar övladları”, “Təzə dostlar”, “Ürəklər bir olanda”, “Zərif duyğular”, “İşıq və məhəbbət”, “Biz Azərbaycandanıq”, “Oğluma məktublar”, “Ulduzlar sönmür”, “Səni unutmuruq”, “Qızlar, sözüm sizədir”, “Qızlar söz istəyir”, “Oçerk sənətkarlığı”, “Açıq söhbət”, “Elə yaz ki”, “Gəlin, kişilikdən danışaq”, “Babam-nənəm, atam-anam və biz”, “Adamın özü və sözü” və s. kitabları nəşr olunmuşdur.

Onu səmimi olduğu üçün çox sevirdik. Gələcək jurnalistlərə-jurnalistika fakültəsinin tələbələrinə təkcə dərs öyrətmirdi, həm də həyat dərsi, enişli-yoxuşlu, daş-kəsəkli həyat yollarının çətinliyindən söhbət açırdı, gəncləri gələcəyə-sabaha hazırlayırdı. Şəxsən mən oçerk yazmağın sirli-sehrini bu zəhmətkeş, geniş dünyagörüşünə malik insandan, onun ömrünü şam kimi əridib, zərrə-zərrə topladığı kitablarından öyrənmişəm, sevmişəm. İndi də sevirəm, baxmayaraq ki, bu janr dəbdən düşüb.

* * *

Nurəddin müəllimin tez-tez işlətdiyi kəlamlardan biri də belə idi: “Arxalıya arxa olma, deyərlər ki, yamaqdı. Arxasıza arxa ol ki, qoy desinlər, dayaqdı”. Çünki həyatda dayaqlarım olmasaydı, bəlkə də mən bu yolda büdrəyib yıxılardım... Qalxardım, qalxmazdım, bilmirəm... Bəlkə də başqa peşə sahibi olardım...

* * *

1983-84-cü tədris ili başa çatmışdı. O vaxtlar fakültəmizdə belə bir qayda var idi ki, tələbələr yay tətili günlərində hər kəs öz qrupu üzrə (qəzet, televiziya, radio, nəşriyyat, tərcümə) yaradıcılıq təcrübəsi keçməli idi. Yəni hər birimiz yay istirahətinin qırx gününü müvafiq redaksiyalarda çalışmalı idik. Qabaqcadan aparılmış bölgüyə əsasən mən İsmayıllı rayonunu seçmişdim. Çünki bu rayonun füsunkar gözəlliyi, təbiəti haqqında çox eşitmişdim. “Təbiət əlindən gözəllik düşüb, qalıb bir parçası İsmayıllıda” - deyənlərin sözlərinin təsdiqi üçün bu fürsətdən istifadə etməyi qərarlaşdırmışdım.

İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzeti redaksiyasında bizdən yuxarı kursda təhsil alan Mehriban və Zöhrab Alməmmədovları (onda onlar nişanlı idilər) gördüm. Fakültəmizin qiyabiçi tələbəsi Elxan da sorağımızı eşidib redaksiyaya görüşümüzə gəlmişdi. İlk gün beləcə bizim üçün də, redaksiyanın işçiləri üçün də yaddaqalan olmuşdu.

Mən məktublar şöbəsini seçdim. Çünki redaksiyaya daxil olmuş bütün məktublar burada toplandığından rayonun kəndləri haqqında müəyyən məlumat əldə etmək mümkün idi. Onlara cavab hazırlamaq, uyğun şöbələrə paylamaq da bu şöbənin öhdəsinə düşürdü. Bundan başqa, yerli radio verilişləri redaksiyasının təşkilatçı-müxbiri Xavər Abbasova da verilişlərində həmin məktubların xülasəsindən istifadə etdiyindən, həmçinin yeni-yeni məlumatlar toplamaq məqsədilə demək olar ki, hər gün müxtəlif obyektlərdə olur, məlumatlar əldə edirdik. Elə buna görə də qısa vaxt ərzində demək olar ki, bütövlükdə rayon haqqında məlumatlı olmuşdum.

Belə günlərin birində eşitdik ki, Nurəddin Babayev redaksiyaya gəlir. Doğrusu sevincli idik. Redaksiyanın, mətbəənin bütün işçiləri, başda redaktor, sevimli şairimiz Musa Yaqub olmaqla hamımız bu görüşü səbirsizliklə gözləyirdik. Sanki əqrəblərdən daş asılmışdı, - saat işləmirdi ki, vaxt tamam olsun... Elə tələsirdik ki... “Qəzet günü” olmasına baxmayaraq, iki mərtəbəli (birinci mərtəbə mətbəə idi), bağlı-bağatlı redaksiyanın həyətində toplaşıb onu gözləyirdik.

Çox keçmədi ki, maşın “Zəhmətkeş”in fotoguşəsi yerləşdirilmiş böyük lövhənin qarşısında dayandı. Nurlu, həmişə şən olan sifəti bir az da işıqlanmışdı.

“Məni gözləyirsiniz, eləmi?! Bu da mən. Axır ki, gəlib çıxdım”, - deyə gülə-gülə maşından düşdü.

Şux zarafatları, şən gülüşləri ilə hamımızla görüşüb əhvallaşdı:

- Musa ilə mənimki tutur də, neynim. Həm də belə isti havada Bakıdan uzaqlaşıb May dərəsində, Buynuzda, Qaranohurda, Lahıcda, Basqalda çay başında, bulaq üstə kabab yemək xatirinə mütləq “Musa əziz qardaşımdır” deyəm gərək, - zarafatyana dediyi bu sözlərinə mimikaları ilə şirinlik qatıb Musa Yaquba göz vurdu.

Musa müəllim ərkyana onun qoluna girib, - qardaş, bu yerlər Sizin kimi insanlara layiqdir, - deyib hamımızı redaksiyanın həyətində müxtəlif meyvə ağacları altında açıq havada hazırlanmış çay stollarına dəvət etdi. Bulaq suyunu belə gözəl dağ havasında yanğınlıqla başımıza çəkdik.

Söhbətə öncə bizdən başladı:

- Deyin görüm, Musa müəllim Sizinlə necə davranır, qəzetində sizə yer ayırırmı?! Qayğılarınızla, problemlərinizlə maraqlanırmı?

Biz də öz növbəmizdə hər şənbə, bazar günlərində redaksiyanın sürücüsü Əlinin, fotoqraf Novruz Haşımovun bizi istədiyimiz yerlərə aparmasından, ismayıllılarla artıq doğmalaşıb, gəzməli, görməli guşələrdən reportajlar, müsahibələr, təhlilli yazılar, “Qayçı” daimi rubrikası altında tənqidi materiallar hazırlamağımızdan həvəslə danışdıq.

Nurəddin müəllim üzünü Musa Yaquba tutaraq dedi:

- İsmayıllıda hansı qapını döysən, şeirlə cavab verəcəklər. Buranın təbiəti kimi, insanları da şairanədir. Bu gözəllikləri bu uşaqların (bizə işarə ilə) yaddaşına yazacağını bilirdim, vallah bilirdim. Elə həmişə yaddaşlarda gözəl naxışlarla ilmələnən xalı kimi, hər güldən, çiçəkdən şirə çəkən arı kimi qalacaqsan, qardaş. Bəlkə nə vaxtsa bu uşaqlar şirin xəyallara dalıb xoş xatirələri yaşayanda səni, məni yada salacaqlar...

Axırda xatirə şəkilləri çəkdirdik.

* * *

O zamanlar 5 mayı “Mətbuat günü” kimi qeyd edərdik. İçərişəhərdə, “Ensiklopediya”nın binası qarşısına toplaşar, bayramlaşardıq. Respublikamızda nəşr olunan bütün mətbu orqanlar burada təmsil olunardı. Hansı qəzeti, jurnalın yaradıcı heyətini istəsən burada tapa bilərdin. Onda da biz tələbələr Nurəddin müəllimin duzlu-məzəli, şirin ləhcəli söhbətlərini eşitmək üçün onun ətrafına toplaşardıq. Bilirdik ki, nəsə maraqlı bir şey öyrənəcəyik. Çünki buna adət etmişdik. Onunla hər görüş peşəmiz haqqında, insanlıq haqqında nəsə öyrənmək demək idi.

* * *

“Sovet kəndi” qəzetində 5 il ərzində çap olunmuş oçerklərdən bəhs edən diplom işimə də o rəhbərlik edirdi. Bununla əlaqədar sonuncu kursda onunla tez-tez görüşməli olurduq. Günlərin bir günündə onun yanına - “Yaradıcılıq evi”nə getməli olduq. Rafiq, Arifə, Mətanət və mən. Onun ömür-gün yoldaşı Azadə xanımla da orada tanış olduq. Hər ikisi istirahətdə idi. Bununla belə tələbələrindən yanına kim getsəydi, mütləq yaxınlıqdakı yazıçı, şair dostları ilə tanış edərdi. “Dayaq, yamaq” məsələni çəkib, - həyatda insan-insana gərək olur, - deyirdi. Şərafət Dağıstanlı, Söhrab Tahir, Musa Yaqub, Nəriman Həsənzadə kimi qələm sahibləri ilə məhz belə məqamlarda görüşüb tanış olmuşuq.

Sonluq. Allah sənə qəni-qəni rəhmət eləsin, ey böyük İNSAN! Kəlamlarındakı “istedadlı adamların əl tutanı az olur” sözlərinin böyüklüyündən çox bəhrələnmişəm. Kim bilir, daha kimlərə pay düşəcək, bu nurun şöləsi daha kimlərə yol göstərəcək. Qoyub getdiyin mənəvi irsdən kimlərin yolu işıqlanacaq!

Sizləri qəlbində yaşadanlar özündən sonrakı nəsillərə belə bir nağıl, hekayət söyləyəcək: təpədən dırnağa səmimiyyətdən yoğurulmuş, nurdan yaranmış gözəl İNSAN, hələ cavanlığından belə ağsaqqal (belə olmasaydı yaza bilməzdi) olan Nurəddin Babayev soyadlı bir İNSAN vardı.

Amalı insanlara yaxşılıq etmək, istəyi xalqımızı məlumatlı, bilikli, maariflənmiş görmək idi...

 

Zəminə Həmidova

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 11.