Memarlıq təbiətlə insanın vəhdətidir

 

Görkəmli memar Rasim Əliyevin 80 illik yubileyi qeyd edildi

 

İyulun 18-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin 80 illik yubileyi qeyd edildi. Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə açaraq yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən danışdı. Bildirdi ki, Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü olan Rasim Əliyev gözəl memarlıq nümunələrinin müəllifidir: “Onun bənzərsiz rəsm əsərləri də insanı düşünməyə vadar edir. Rasim Əliyevin rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika müəllifin xarakterini təcəssüm etdirir. Rasim müəllim Memarlar İttifaqının üzvü kimi qurumun tədbirlərində yaxından iştirak edir, təcrübəli memar kimi xarici ölkələrdə də tanınır. Memarlıq əbədi səslənən musiqidirsə, Rasim Əliyev bu musiqini səsləndirən bənzərsiz sənətkardır”.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 iyul tarixli sərəncamı ilə Rasim Əliyevin “İstiqlalordeni ilə təltif olunduğunu diqqətə çatdırdı. Nazir bu münasibətlə yubilyarı təbrik edərək mədəni ictimaiyyət adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. Rasim Əliyev haqqında danışarkən onun istedadlı memar və fırça ustası olması ilə yanaşı, böyük yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini də vurğulamaq lazımdır”, - deyə sözlərinə davam edən Əbülfəs Qarayev bildirdi ki, Bakının, eləcə də ölkəmizin bölgələrindəki bir çox tarixi abidələrdə Rasim Əliyevin dəst-xətti aydın görünür. Uzun illər Bakı şəhərinin baş memarı vəzifəsində çalışan Rasim Əliyev bu gün həyatımızı zənginləşdirən, şəhər mühitimizi formalaşdıran abidələrin müəllifidir. Bu sırada Bakı Metropoliteninin Əhmədli stansiyasının interyeri, ecazkar memarlıq üslubu ilə seçilən müxtəlif tikililər var.

Vurğulandı ki, Rasim Əliyev Azərbaycanın hüdudlarından kənarda da ölkəmizi layiqincə təmsil edib. Türkiyədə və Rusiyadakı səfirliklərimizin binalarının görkəmində onun memarlıq dəst-xətti var: “O, gənclər üçün böyük bir örnək və ustaddır. Görkəmli ziyalı, akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin məzarı üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava Limanının, paytaxtın əsas parklarının, memarlıq sahəsində bənzərsizliyi ilə seçilən digər layihələrin müəllifi və həmmüəllifidir. Rasim Əliyev 1965-ci ildə Bakının baş memarı təyin olunub və 23 il bu vəzifəni ləyaqətlə yerinə yetirib. Bütün bu sadaladıqlarımızla yanaşı, o həm də təvazökar və sadə insandır”.

Qeyd olundu ki, Rasim Əliyevin gördüyü işlər dövlətimiz tərəfindən hər zaman dəyərləndirilib. Memarın 2009-cu ildə ölkə Prezidentinin sərəncamı ilə “Şərəf” ordeni, 80 illiyi münasibətilə isə “İstiqlalordeni ilə təltif edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətdir.

Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova yubilyara təbriklərini çatdırdılar, yaradıcılığını yüksək qiymətləndirdilər. Sənətkarı memarlığa, rəssamlığa vurğun insan adlandırdılar. Memarın təbiətə sevgisini isə onun həyatının ikinci məhəbbəti kimi səciyyələndirdilər. Rasim Əliyevin gənc nəslin yetişməsindəki böyük rolundan danışdılar.

Mərasimdə yubilyara Azərbaycan Memarlar İttifaqının diplomuRusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının prezidenti Aleksandr Kudryavtsevin adından xüsusi mükafat təqdim edildi. Rusiya Memarlar İttifaqının prezidenti Andrey Bokovun və başqalarının təbrik məktubları oxundu.

Tədbirdə görkəmli sənətkar haqqında çəkilmiş “Memar” filmindən fraqmentlər göstərildi. Filmdə memar öz ailəsi, sənətə gəlişi haqqında danışır. “İnsan hansı peşənin sahibi olursa olsun, öz peşəsini təmənnasız sevməlidir”, - deyən Rasim Əliyev bildirir ki, memarlıq onun peşəsi deyil, həyatıdır və o, memarlığı təbiətlə insanın vəhdəti kimi görür. Filmdə memar həmçinin ulu öndər Heydər Əliyevin ona peşəsi ilə bağlı verdiyi tövsiyələri xatırlayır, bu məsləhətlərin onun həyatında mühüm əhəmiyyətini qeyd edir.

Sonda çıxış edən Rasim Əliyev tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. Öz həyatında, yaradıcılığında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd etdi. Memar Prezident İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya memarlıq sahəsinə göstərdikləri böyük diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.

Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsmləri nümayiş etdirildi.

 

Lalə Azəri

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 5.