Humboldt Universitetində “Qarabağ dialoqu

 

Almaniyanın paytaxtı Berlindəki Humboldt Universitetində “1988-2008 illərdə alman mətbuatında Dağlıq Qarabağ münaqişəsinin təzahürü” mövzusunda tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbir “AvroKaukAsiya” Cəmiyyətinin və Humboldt Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının 2011-ci ildən həyata keçirdiyiQarabağ dialoqu” layihəsi çərçivəsində təşkil olunub. Dünyanın müxtəlif bölgələrində “dondurulmuş münaqişələr”in işıqlandırılmasında medianın rolu, obyektivlik və stereotiplərdən kənara çıxmaq məsələləri tədbirdə əsas müzakirə mövzusu olub.

Layihənin may ayında təşkil olunmuş birinci hissəsində “Şpiqel”, “Zayt”, ”FAZ”, “Noye Doyçland” qəzetlərində Dağlıq Qarabağ münaqişəsini işıqlandıran materialların təhlili və çıxarılan nəticə haqda məlumat verilib. Bu dəfə isə çıxarılmış nəticələr əsasında daha geniş fikir mübadiləsi aparılıb.

AvroKaukAsiya” Cəmiyyətinin rəhbəri və Humboldt Universiteti nəzdində Azərbaycan tarixi kafedrasının müdiri professor Eva Mariya Aux, kafedranın əməkdaşları Rasim Mirzəyev, Həsən Əli Yıldırım, Nərgiz Abdullayeva, Yuliane Kose sözügedən qəzetlərdə Dağlıq Qarabağ münaqişəsinə dair məqalələri təhlil ediblər. Çıxışlardan sonra elmi işçilər, siyasətçilər, media ekspertləri, müxbirlər, tələbələr mövzu ilə bağlı müzakirələr aparıblar.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri, alman ictimaiyyətinin təmsilçiləri, Humboldt Universitetinin müəllim və tələbələri iştirak ediblər.

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 4.