Fikir dramları müəllifi akademik Məmməd Arifin qələmində

 

Məmməd Arif - 110

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan yubileylər

 

Azərbaycanın Xalq şairi Səməd Vurğunun yaradıcılığı həmişə ədəbiyyatşünaslığın diqqət mərkəzində olmuş, bu mövzuda dissertasiyalar, monoqrafiyalar, məqalələr yazılmışdır. Görkəmli ədəbiyyatşünas və tənqidçi, akademik Məmməd Arifşairin yaradıcılığı ilə dərindən maraqlanmış, bu barədə məqalələr yazmış, onun dramaturgiyasına xüsusi monoqrafiya həsr etmişdir.

Onun Səməd Vurğun yaradıcılığına həsr olunmuş ilk məqalələri ötən əsrin 30-cu illərinə təsadüf edir. Məmməd Arifin görkəmli ədəbiyyatşünas Əli Sultanlı ilə birlikdə hazırladığı «Ədəbiyyat müntəxəbatı»nda (1933-cü il) Səməd Vurğun haqqında da məlumat verilmişdir. Tənqidçinin ibtidai məktəb şagirdləri üçün 1936-cı ildən başlayaraq bir neçə dəfə nəşr etdirdiyi «Qiraət kitabı»nda da şairlə bağlı məlumata rast gəlirik. Uzun illər orta məktəblərin X sinif şagirdlərinin istifadə etdikləri «Ədəbiyyat» dərsliyində «Səməd Vurğun» bölməsinin müəllifi də Məmməd Arif olmuşdur.

Alimin «Kəskin silah», «Vətənpərvər şair», «Ədəbiyyatımızda döyüşçü surəti», «Xalq şairi Səməd Vurğun», «Böyük ideallar şairi», «Xalqın sevimli şairi», «Aygün» və müasirlik», «İkinci həyat» və digər məqalələri şairin yaradıcılığına işıq salan tədqiqat işləridir. Məmməd Arif şairin yaradıcılığının ilk dövrü və müharibə illəri, «Komsomol poeması» və «Aygün» əsərləri barədə də dəyərli məqalələrin müəllifidir.

Apardığımız müşahidələr göstərir ki, Məmməd Arif şairin yaradıcılığının müxtəlif sahələrinə müraciət etsə də, onu daha çox cəlb edən Səməd Vurğunun dramaturgiyası olmuşdur. 1956-cı ildə şairin 50 illik yubileyi münasibətilə nəşr olunmuş «Xalq şairi Səməd Vurğun» kitabında «Səməd Vurğunun dramaturgiyası» bölməsini Məmməd Arif qələmə almışdır. Onun şairin ayrı-ayrı pyesləri və bu əsərlərin tamaşaları barədə yazdığı məqalələr bu günöz aktuallığını saxlayır.

Akademik Kamal Talıbzadə yazmışdır: «Səməd Vurğun... həmişə Məmməd Arifi məşğul etmişdir. Vurğun poeziyasına ehtiram və məhəbbət bəsləyən tənqidçi çox tez-tez bu böyük sənətkarın yaradıcılığına müraciət etmiş, onun ədəbiyyatımızdakı mövqeyini aydınlaşdırmağa çalışmışdır. Bu məhəbbət Vurğun poeziyasına həsr edilmiş çox maraqlı, yeni, orijinal mülahizələrlə zəngin olan məqalələrin yazılması ilə nəticələnmişdir. Lakin diqqət edilsə, həmin məqalələrdə şairin dramaturgiyasına tənqidçinin xüsusi həvəs göstərdiyini, onun ideya-estetik cəhətləri ilə xüsusi maraqlandığını müşahidə etmək çətin deyildir. İllər uzunu davam edən müşahidə və tədqiqat axırda böyük bir monoqrafik əsərin meydana çıxmasına səbəb olmuşdur».

Məlumdur ki, Səməd Vurğunun yaradıcılığına, o cümlədən dramaturgiyasına münasibət birmənalı olmamış, ayrı-ayrı tənqidçilərin özəl münasibəti, bəzən də birtərəfli, hətta qərəzli münasibətləri də mətbuatda özünə yer ala bilmişdir. Məmməd Arifin bir sıra məqalələri, xüsusən «Səməd Vurğunun dramaturgiyası» monoqrafiyası bu cür əsassız mülahizələrə tutarlı cavab olmuşdur. Alimin Səməd Vurğunun «Vaqif», «Xanlar», «Fərhad və Şirin», habelə «İnsan» pyesləri barədə araşdırmaları öz aktuallığını bu gün də itirməmişdir. Məmməd Arif bu əsərləri dərindən təhlil etmiş, pyeslərdə səslənən ən incə məqamları üzə çıxartmışdır.

Onun fikrincə, Səməd Vurğunun dramları, hər şeydən əvvəl fikir dramlarıdır, bu əsərlərin müxtəlif dünyagörüşlü qəhrəmanları bir-biri ilə ideya mübarizəsi aparırlar, burada həyata, xalqa, insana, onun işinə, bacarığına, arzularına müxtəlif münasibət bəsləyən adamların düşüncələri, mülahizələri, zehniyyət və qənaəti toqquşur; böyük ictimai və şəxsi məsələlərin həlli ilə məşğul olan adamların mənəvi aləmi sınaqdan keçir. Bununla yanaşı, alim onu da qeyd edir ki, şair məfkurə mübarizəsinə, biri digərinə zidd qənaətlərin kəskin toqquşmasına, fəlsəfi görüşlərin çarpışmasına geniş yer verir; həm də fikirlər mücərrəd şəkildə yox, canlı insanların qarşılıqlı münasibətlərində, real hərəkətlərində meydana çıxır.

Məmməd Arif şairin tarixi mövzuya müraciət etməsini, tarixi mövzuda pyeslər yazması səbəblərini də xüsusi araşdırmışdır.

Xüsusi qeyd olunmalıdır ki, ötən əsrin 30-cu illərində tariximizin öyrənilməsi sahəsində mütəxəssislərin fəaliyyəti şairi heç cür razı salmırdı. O, «tarix cəbhəsinin geri qalmasını dözülməz» hesab edirdi. Şair Azərbaycanın elmi tarixini yaratmağı tarixçilərdən təkidlə tələb edireyni zamanda bu sahədə mövcud olan boşluğu müəyyən qədər doldurmağa çalışır, bu məqsədlə tarixi mövzuda bədii əsərlər yazırdı. Məmməd Arif onun fəaliyyətindəki bu cəhəti belə qiymətləndirmişdir: «Əgər Səməd Vurğun tarixçi olsaydı, yəqin ki, eyni məqsədi qarşısına qoyar, Azərbaycan xal­qının tarixinə aid əsərlər yazarbu xalqın tarix kitabında hələ heç kəs tərəfindən açılmamış bir çox parlaq səhifələr açardı. Çünki tarix elmi hələ o zaman (1930-cu illər nəzərdə tutulur - A.B.) lazımınca inkişaf etməmiş və xalqın qədim zamanlardan bu günə qədər davam edən zəngin tarixi yazılmamışdı».

Məmməd Arifin «Vaqif» pyesi ilə bağlı mülahizələri bu baxımdan diqqəti xüsusi cəlb edir. O, «Vaqif» dramı barədə danışarkən göstərir ki, Səməd Vurğun burada tarixi həqiqətdən kənara çıxmamış, Vaqifin tərcümeyi-halını təhrif etməmişdir. Alimin fikrincə, şair öz qəhrəmanının əsərlərini və tərcümeyi-halını yeni tərzdə oxumuş, oradakı mənanı, böyük ruhu tapmış, daha doğrusu, kəşf edərək açıb göstərmişdir.

Məmməd Arifin şairin «İnsan» dramı haqqında da maraqlı mülahizələri vardır.

Görkəmli Vurğunşünas, professor Cəlal Abdullayevin yazdıqlarından: «Səməd Vurğunun «İnsan» dramı haqqında çox yazılmış və çox deyilmişdir. Bu məqalələrin əksəriyyətində «İnsan» pyesi tənqid edilmiş, müəyyən ziddiyyətli, bir-birini inkar edən mülahizələr söylənmişdir: həm də ziddiyyətli mülahizələri bəzən müxtəlif alim və tədqiqatçılar yox, eyni müəlliflər söyləmiş və beləliklə də onlar özləri özlərini inkar etmişlər».

«İnsan» ilk dəfə 1945-ci ilin noyabrında Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur. Lakin elə həmin vaxtlar pyestamaşa haqqında, hətta başqa münasibətlə yazılmış məqalələrin əksəriyyətində, müxtəlif çıxışlarda «mücərrəd bir əsər» kimi tənqid edilmiş, qeyri-obyektiv, ziddiyyətli, bəzən bir-birini inkar edən fikirlər söylənmişdi. Beləliklə də bu əsərin varlığı elə bil unudulmuşdu...

Pyesə qeyri-obyektiv münasibəti sonradan Xalq yazıçısı Mehdi Hüseyn bu cür etiraf etmişdir: «Vaxtilə bizim bəzimiz doqmatik təsəvvürlərin təsiri ilə bu əsəri («İnsan» pyesini - A.B.) çox birtərəfli və yanlış tənqid etmişdik, müəllifi mücərrəd romantizmdə günahlandırmışdıq. Lakin bu nə dərəcədə ədalətli bir işdir?.. Yox, biz «İnsan» pyesi üzərinə yenidən qayıtmalıyıq və ədaləti bərpa etməliyik, xüsusən ona görə ki, bu gün Səməd Vurğunun nə qədər haqlı olduğunu daha aydın görürük!».

«İnsan»ı tənqid edənlərdən biri Mehdi Hüseyn idi...

«İnsan» pyesi ilk dəfə tamaşaya qoyulduğu zaman onun haqqında mətbuatda bir neçə tənqidi məqalə dərc edilmişdi. Etiraf etmək lazımdır ki, o zaman, şəxsiyyətə pərəstişin hökm sürdüyü bir dövrdə Səməd Vurğunun bu, nisbətən mürəkkəb əsərinə obyektiv qiymət vermək o qədər də asan deyildi. Ona görə də yazılan məqalələrdə şairin romantikasını müxtəlif şəkillərdə şərh etmək, əsərə müxtəlif mövqelərdən yanaşmaq təşəbbüsləri olmuşdu».

Bu sətirləri isə akademik Məmməd Arif yazmışdı.

«İnsan»ı tənqid edənlərdən biri də Məmməd Arif idi...

Mehdi Hüseyn də, Məmməd Arif də yuxarıda göstərdiyimiz sətirləri 1964-cü ildə yazmışdılar, daha doğrusu, həmin il oxuculara çatdırmışdılar. «İnsan»ın ilk tamaşasından 19 il sonra!

Məmməd Arif 1964-cü ildə nəşr olunmuş «Səməd Vurğunun dramaturgiyası» adlı monoqrafiyasında «İnsan» pyesini nisbətən obyektiv şəkildə geniş təhlil etdi.

Lakin «ədalətin bərpa edilməsi üçün» daha 10 il gözləmək lazım gəldi...

1974-cü ilin əvvəllərində mətbuatda rejissor Mehdi Məmmədovun «İnsan» pyesini tamaşaya hazırlaması barədə məlumat verildi. Görkəmli rejissorun Səməd Vurğun irsinə müraciəti təsadüfi deyildi. O, həm rejissor, həm də tədqiqatçı kimi Səməd Vurğunun dramaturgiyasına yaxşı bələd idi. «İnsan» «geniş çərçivəli, ictimai miqyaslı, müasir ruhlu», «dünyanın indiki vəziyyəti ilə səsləşən» bir əsər kimi rejissorun diqqətini cəlb etmişdi. Mehdi Məmmədov tamaşanın hazırlanması prosesində verdiyi müsahibədə bildirmişdi ki, əsərin ilk quruluşu həqiqətən çətinliklərlə qarşılaşmışdı. Rejissor bunun səbəbini kollektivlə prosesində əsərin səhnəyə kifayət qədər uyğunlaşdırılmamasında görürdü. O, akademik Məmməd Arifin son tədqiqatındakı bu fikirlə razılaşırdı ki, pyes tamaşaya hazırlananda teatr müəlliflə ciddi işləməmişdir.

Mehdi Məmmədovun quruluşunda tamaşa böyük uğur qazandı, mətbuatda əsərə və tamaşaya yüksək qiymət verən məqalələr dərc olundu. Bu məqalələrdən birinin müəllifi akademik Məmməd Arif idi. Akademikin «Bakinski raboçi» qəzetinin 20 mart 1974-cü il tarixli sayında dərc olunmuş məqaləsi «Vtoroe rojdeniye» («İkinci həyat») adlanırdı.

...İllər keçəcək. Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatşünaslığı daha da inkişaf edəcək, yeni imzalar görünəcək. Bu imzalar içərisində həmişə parlayan imzalar da olacaq. Səməd Vurğun kimi, Məmməd Arif kimi...

 

Adilxan Bayramov,

filologiya elmləri doktoru

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 11.