Qobustan monumental keramikada

 

Müasir Azərbaycan dekorativ sənətində mühüm yer tutan Zahid Hüseynovun (1945-2012) yaradıcılığı monumental keramikanın ən parlaq nümunələrini özündə cəmləşdirib. Xalqımızın tarixini, xarakterik cəhətlərini, ictimai, iqtisadi və mədəni həyatını bədii əl işlərində geniş şəkildə əks etdirən sənətkar özünəməxsus dəst-xət yaratmışdır.

Zahid Hüseynovun yaradıcılığında Qobustan silsiləsi xüsusi yer tutur. Belə nümunələrdən biri Qobustan qayaüstü təsvirlərini əks etdirən “Tarixin yaddaşı 1” əsəridir. Əsər üç hissədən ibarətdir. Mərkəzdə qədim dövrlərdə insanların primitiv şəkildə daşdan yonduqları insan formasının ümumiləşdirilmiş obrazı yerləşir. Bu monumental formaya baxdıqda əlini sinəsinə qoyan insan təsirini bağışlayır. Onun sağında və solunda plastikliyiforma baxımından heç də təbii çay daşından fərqlənməyən iki daş verilmişdir. Daşların üzərində Qobustan qayaüstü təsvirlərindən “Yallı” və digər rəsmlər cızılmışdır. Bildiyimiz kimi, “Yallı” qədim musiqi, rəqs mədəniyyətimizin nümunəsi olmaqla yanaşı, həm də birliyi və həmrəyliyi tərənnüm edir. Ümumiyyətlə, kompozisiyaya baxarkən sanki hava, külək, su ilə cilalanmış daşların içindən əzəmətli, bütün dövrlərin gücünü, müdrikliyini, ululuğunu əks etdirən və bütövlüyü simvolizə edən bir monument görünür. Əsərdə daşların kompozisiyaya verdiyi bədiilik mərkəzdəki formanın ifadə gücünü daha da artırır.

Qobustan qayaüstü təsvirləri, icra olunduqları dövrlərdən asılı olaraq, ölçü, kompozisiya və çəkilmə texnikasına görə biri-birindən fərqlənir. Bu əsərdə də bütün bunlar öz əksini tapmışdır. Kompozisiyada formalar müxtəlif ölçülərdə, üfüqişaquli qurulmuşdur. Müxtəlif texnika deyildikdə isə daşdan yonulmuş və düşünülərək tapılmış insan obrazının bütövləşdirilmiş forması və onun əksinə olaraq sanki əl dəymədən, təbiətin cilaladığı təbii, hamar daşlar verilmişdir. Kompozisiya müxtəlif ölçüləri və texnikanı özündə birləşdirdiyi kimi, sanki Qobustan qayaları arasında keçən böyük bir dövrü də əks etdirir. Texniki cəhətdən yüksək səviyyədə icra olunmuş əsərdə cilalanmış qırmızı şamotmis oksidindən istifadə olunmuşdur.

Sənətkar "Tarixin yaddaşı 1" əsərinə görə 1998-ci ildə Tbilisidə keçirilən keramika üzrə beynəlxalq simpoziumda gümüş medala, "Əsrin müqaviləsi" əsərinə görə isə qızıl medala layiq görülmüşdür.

Zahid Hüseynovun yaradıcılığında Qobustan mövzusu həmişə öz aktuallığını qoruyub saxlamışdır. Onun "Qobustanın əks-sədası" monumental əsəri forma bütövlüyü, plastik həlli və əzəməti özündə birləşdirən qadının ümumiləşmiş obrazıdır. Monumental forma mükəmməl stilizə olunmuş, simmetriya qorunub saxlanılmışdır. Yalnız qol hissədə hərəkətsizlik, yəni statiklik qorunaraq asimmetriyaya keçmişdir ki, bu da ön görünüşdən formanın daha da maraqlı baxılmasına səbəb olur.

Ümumiyyətlə, monumental formanın hamar, lakin bütöv şəkildə girintili-çıxıntılı olması həm də dekor rolunu oynayır. Kompozisiyada diqqətçəkən əsas detallardan biri budur ki, formanın baş hissəsi dolçanın ağzı kimi tamamlanır və belə bir xüsusiyyətə yalnız Zahid Hüseynovun Qobustan silsiləsini əks etdirən monumental formalarında rast gəlmək mümkündür. Başboyunun uzun dolça şəkilli olması onun monumentallığını, əzəmətini daha da artırır. Yandan baxarkən qadın obrazında belin incəliyi çiyinarxa oturacağın formasının qabarıq formada görünməsinə kömək edir. Məhz bu kompozisiyanın başqa bir variantında qollar öz hərəkətliliyi, dinamikliyibaş hissədə olduğu kimi dolçavari sonluğu ilə fərqlənir. Bununla yanaşı, arxada formanı daha da ümumiləşdirən qatlamalar, öndə isə üç nöqtəli çevrədən başlayan qatlamalar onun dekorunu daha da zənginləşdirir.

Maraqlısı odur ki, sənətkarın yaradıcılığında Qobustan silsiləsini əks etdirən monumental formaların əksəriyyətini qadın obrazları təşkil edir. Bu isə əbəs yerə deyil. Hələ lap qədim zamanlarda artım və ruzini simvolizə edən qadına olan ehtiram, onun dövrümüzə qədər çox dəyərli əhəmiyyət kəsb etdiyinə və bunun bəşəriyyətin sonuna qədər məhz belə olacağına işarədir. Buna görə də sivilizasiyaların başlanğıc nöqtəsi olan qadın bütün mövzuların demək olar ki, ana xəttini təşkil edir. Belə əsərlərin daha bir neçəsi haqqında danışmaq olar.

Qobustan silsiləsini əks etdirən monumental formalardan biri konkretliyi ilə seçilir. Çiyinoturacaq hissəsi enli, belboyun hissəsi dar, baş isə dolçavari formanı əks etdirən bu kompozisiya sinə hissədən içəri batıq şəkildədir. Bütün bunlar işə xüsusi incəliklə yanaşı, həm də bədiilik verir. Bu formanı fərqləndirən cəhət ondadır ki, o, digər kompozisiyalara nisbətən daha zəngin ornament və naxışlarla bəzədilmişdir. Boyun hissədə nöqtəli çevrələrdən, xüsusi ensiz lentvari naxış və müxtəlif ölçülü şaquli xətlərdən ibarət boyunbağını xatırladan ornament formaya xüsusi gözəllik və zəriflik verir. Boyunbağının altından aşağı, dalğalı xəttin qırağı dairəvi halqalardan və onların kənarı isə xırda nöqtələrdən ibarətdir. Bütün bunlar kəməri ifadə edən iki cərgəli anqobla işlənmiş nöqtələrdə tamamlanır. Kəmərdən aşağıda bir-birinə əks istiqamətdə olan iki butanın ətrafında yenə də anqoblanmış nöqtələr işlənmişdir. Ətək hissədə isə üfüqi istiqamətdə xırda halqalar, düz xətt və paltarın qırçınlarını bildirən şaquli xətlər çəkilmişdir. Bu, işin bədii ifadəsini o qədər zənginləşdirir ki, qadın gözəlliyi tam olaraq stilizə olunmuş bir forma üzərində öz əksini tapır.

Qobustan silsiləsindən əsərlər bir-birinə bənzəməsə də, forma bütövlüyü, plastiklik, mükəmməl stilizasiya və sənətkar əlləri hər birinə yeni bir həyat verir. Zahid Hüseynovun nəinki keramikadan, hətta metaldan hazırladığı "Oxatan" əsəri Qobustan qayaları üzərində təsvir olunan ov səhnələrini əks etdirən ideal nümunədir.

Müəllifin Qobustan qayaüstü təsvirləri ilə zəngin olan, daş formalarından ibarət daha bir kompozisiyası öz bədiiliyi ilə maraq doğurur. Bütün bu əsərlər sənətkarın ümumi yaradıcılığına da təsirsiz ötüşməyib. Onun Qobustan silsiləsinə həsr etdiyi əsərlərindən qaynaqlanan "Səhər" (1-ci variant), "Səhər" (2-ci variant), "Evimizə gəlin gəlir" kimi əl işləri Azərbaycanın monumental keramikasının son dərəcə qiymətli nümunələrindəndir.

 

Nəsibə Şükürova

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 12.