Aybəniz Vurğunqızı yad edilib

 

İyunun 13-də Xalq şairi Səməd Vurğunun qızı, Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın vəfatının beşinci ildönümü ilə bağlı məzarı önündə anım mərasimi keçirilib.

Mərasimdə Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova anası ilə bağlı xatirələrini bölüşüb. Filologiya üzrə fəlsəfə doktorları Aslan Salmansoy, Nəzakət Qafqazlı, filologiya elmləri doktoru Qurban Bayramov çıxış edərək Aybəniz xanımın səmimiyyətindən, fədakarlığından, xeyirxahlığından söz açıblar.

Qeyd olunub ki, Aybəniz xanım Vurğun irsinin yorulmaz təbliğatçısı olmaqla yanaşı, fədakar muzey işçisi idi.

O, 1937-ci ildə Bakıda anadan olub, 1960-cı ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirib, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, AMEA-nın Ədəbiyyat İnstitutunda işləyib. 1975-ci ildə Səməd Vurğunun ev-muzeyi fəaliyyətə başladıqdan sonra ömrünün axırınadək özünü bu mədəniyyət ocağına həsr edib.

Muzeydə uzun illər mühafiz, baş mühafiz işləyib, 2006-2009-cu illərdə muzeyin direktoru olub. SSRİ və Azərbaycan SSR mədəniyyət nazirliklərinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf nişanı» ordeninə layiq görülüb. 2002-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2003-cü ildə Prezident təqaüdünə layiq görülüb.

 

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 14.