Azərbaycan yazıçılarının XII qurultayı keçirildi

 

Xalq yazıçısı Anar yenidən qurumun sədri seçildi

 

İyunun 17-də Bakıda Azərbaycan yazıçılarının XII qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər.

 

Fəxri xiyabanda uyuyan şair və yazıçıların da məzarları ziyarət edilib. Qurultay iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XII qurultayı işə başlayıb. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirak etdikləri qurultayı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açıb. Qeyd olunub ki, Yazıçılar Birliyi üzvləri arasından qurultay nümayəndəsi seçilən 439 nəfərdən 364 nəfəri qeydiyyatdan keçərək tədbirdə iştirak edir. Qurultaya 25 ölkədən 60-dək qonaq qatılıb.

Ötən dövr ərzində dünyasını dəyişmiş şair və yazıçıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə Azərbaycan yazıçılarının XII qurultayı və AYB-nin yaradılmasının 80 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən təltif edilmiş tanınmış qələm adamlarına mükafatlar təqdim olunub.

Daha sonra gündəlik elan edilib, qurultayın rəhbər orqanları seçilib, reqlament müəyyənləşdirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətə və incəsənətə, elm adamlarına göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, ötən on ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, bütün sahələrdə olduğu kimi, şair və yazıçıların, eləcə də gənc qələm sahiblərinin yaradıcılığı üçün də hərtərəfli şərait yaradılıb və onların əməyi yüksək qiymətləndirilir.

Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələlərindən söz açan nazir vurğulayıb ki, bu gün yeni ədəbi prosesə diqqətin artması sayəsində Azərbaycan ədəbi mühiti yüksək templə inkişaf edir. Qurultayın işinə uğurlar arzulayan nazir ümidvar olduğunu bildirib ki, qəbul olunacaq yeni qərarlar ədəbiyyatımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Qurultay işini qonaqların təbrik nitqləri ilə davam etdirib. Qazaxıstandan gəlmiş dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Oljas Süleymenov SSRİ dövründən qalan yaradıcı təşkilatların müasir dövrdə rolundan bəhs edib. Qeyd edilib ki, bu birliyi qoruyub saxlamaq vacibdir ki, yazıçılar kitab yazmaqda davam etsinlər, yeni əsərlər yaratsınlar. Çünki indiki dövrdə dünyada mütaliəyə və kitablara maraq məsələsində müəyyən böhran yaranıb.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri, tanınmış yazıçı Quram Odişariya qurultay iştirakçılarına təbriklərini çatdıraraq azərbaycanlı həmkarlarına ən xoş arzularını bildirib: “Böyük Azərbaycan ədəbiyyatı bütün zamanlarda sözünü demişdir və deyəcəkdir”. Bakını Qafqazın paytaxtı kimi səciyyələndirən qonaq Qafqazda olan problemləri ədəbiyyat vasitəsilə həll etməyin mümkünlüyünü vurğulayaraq bu sahədə yazıçıların missiyasının böyük olduğunu deyib.

Türkiyədən tanınmış türkoloq Ataol Bəhrəmoğlu, Rusiyadan Yevgeni Sidorov, Ukraynadan İvan Draç və digər qonaqlar təbrik çıxışlarında dünya ədəbi prosesində baş verən yeniliklərdən söz açaraq Azərbaycanda yaradıcı insanlara dövlət qayğısını yüksək qiymətləndirib, qurultayın işinə uğurlar arzulayıblar.

Çıxışlardan sonra və gündəlik üzrə məruzələrdən sonra təşkilati məsələyə baxılıb. Xalq yazıçısı Anar səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Onun namizədliyi qurumun katibi Fikrət Qoca tərəfindən irəli sürülüb. Qurultay nümayəndələri yekdilliklə bu təklifi dəstəkləyiblər. Qurultay AYB-nin hazırkı katiblərinin də vəzifələrində qalmasına qərar verib.

Qeyd edək ki, iyunun 18-də Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 80 illiyi ilə bağlı təntənəli yubiley mərasimi keçiriləcək.

 

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 3.