ATİ-nin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

 

Azərbaycan Turizm İnstitutu Avropa İttifaqının qrant layihəsi - E-NOTES Tempus layihəsi (ECDL - European Computer Drivin License) çərçivəsində keçirilmiş növbəti mobillik proqramlarında təmsil olunub. Qafqaz Universitetinin koordinatorluğu ilə Azərbaycanın 10, Avropanın isə 5 ölkəsinin əməkdaşlıq etdiyi layihə iki ildir davam edir. Layihə üzrə təlimçi və inzibati heyət üzvləri üçün xarici əməkdaş ali təhsil müəssisələri tərəfindən treninqlər təşkil olunur.

Qeyd edək ki, ATİ-nin informasiya texnologiyaları kafedrasının müəllimi Nailə Musayevainformasiya texnologiyaları şöbəsinin mütəxəssisi Çingiz Ömərov Latviyanın Riqa şəhərində səfərdə olublar. Səfər çərçivəsində Latviyada ECDL-in tətbiqi, E-təhsil və onun inkişaf etdirilməsinə dair məsələlər müzakirə edilib. ATİ əməkdaşları Riqadakı İnformasiya Sistemlərinin İdarə Olunması İnstitutunun ECDL test mərkəzi və platforması ilə də tanış olublar.

ATİ-nin turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova, informasiya texnologiyaları kafedrasının müəllimi Nailə Musayeva və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı isə Azərbaycandan olan digər əməkdaş ali təhsil müəssisələri ilə birgə İspaniyanın Alikante Universitetində keçirilən təlimlərə qatılıblar. Səfər zamanı ATİ və Qafqaz Universitetinin daha öncə İsveçin Stokholm şəhərində fəaliyyət göstərən KTH Kral Texnologiya Universitetində keçirilmiş görüşdə təklif olunan və razılıqla qarşılanan «Layihənin idarə olunması sirkulyasiyası» mövzusunda üçgünlük təlim keçirilib.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2014.- 25 iyun.- S. 10.