“Gəncliyimizi qoruyaq”

 

İyunun 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında “Narkomaniya həyat tərzinə çevrilməsin!” adlı tədbir keçirildi. “Gəncliyimizi qoruyaq” şüarı altında gerçəkləşən tədbir 26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuşdu.

Əvvəlcə narkomaniya ilə mübarizə mövzusuna həsr edilmiş sərgi-plakat və bu bəlanın ağır fəsadlarından bəhs edən videoçarx təqdim olundu.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ə.Ələkbərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı M.Quliyeva, Respublika Narkoloji Mərkəzinin həkimi A.Kəngərli, Səbail rayon 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru S.Qasımov, “N” saylı hərbi hissənin zabit heyəti, BDU-nun kitabxana-informasiya fakültəsinin tələbələri iştirak edirdilər.

Müzakirələrdə narkomaniyanın törətdiyi xəstəliklər haqqında məlumat verildi, narkomaniya ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər olması diqqətə çatdırıldı. Qeyd olundu ki, bu mübarizədə maarifləndirmə, təbliğat işlərinin daha düzgün və effektiv aparılmasında kitabxanaların da üzərinə böyük vəzifələr düşür.

 

Şəbnəm Babaşova

 

Mədəniyyət.- 2014.- 25 iyun.- S. 7.