Yarım əsrin yazarı

 

“Lək-lək”çi, “Molla Nəsrəddin”çi, “Kommunistçi... Məmmədəli Nasir

 

Burada nəinki onun haqqında “Məmmədəli Nasir” adlı çox maraqlı bir kitab bağlamış nəvəsi Şəfəq Nasir, habelə Şura rəsmiləri, müxtəlif mətbuat və ictimaiyyət nümayəndələri də yubilyarın nəvə-nəticələri oxşamında idilər. 1899-cu ildə İrəvanda doğulub, on iki yaşında mətbu imza qazanmış bu seçkin həmkarımız haqda söhbətlər, xatirələr, çıxışlar buuşaq” barədə bir çox duyğularla bərabər, elə onun ilk jurnalistlik fəaliyyəti dövründə bütün dövrlərimizin ustadı Cəlil Məmmədquluzadənin qələmə aldığı “saqqallı uşaq” obrazını da oyatdı; əlbəttə, tam əks məna-mahiyyətdə...

Tədbiri açıq elan edərək Məmmədəli Nasirin XX əsrin əvvəlləri üçün xarakterik həyat və fəaliyyət epizodlarına, onun on beş yaşında ikən İrəvanda çıxan “Lək-lək” jurnalına, Bakıda nəşr edilən bir çox qəzet və jurnallara yazmasına, “Molla Nəsrəddin”lə fəal əlaqələrinə toxunan Mətbuat Şurasının sədri Əflatun Amaşov fikrini “...sovetlər dönəmində demək olar bütün qəzetlərdə Məmmədəli Nasirin xəbərləri gedirdi” kəlmələrilə bitirib, sözü yazıçı-publisist Yusif Kərimova verdi.

Y.Kərimov öz əhatəli çıxışına “Məmmədəli Nasir bizim həm tanınan, həm də tanınmayan həmkarımız olub” sözüylə başladı və peşəkar məntiqi, səlis nitq-üslubuyla dövrümüzə xas olan bu “dilemma”nın izahını verdi. Ötən əsrin 60-cı illərində M.Nasirin “Bakı” qəzetilə əlaqələrini, düz sözünə, dönməz əqidəsinə görə dövrün refressiv gözümçıxdılarına, ən nəhayət, həbsinə düçar olmuş “köhnə qələm adamı”na həmin qəzetin redaktoru - görkəmli mətbuat xadimi Nəsir İmanquliyevin xüsusi qayğısını xatırlatdı.

İctimai TeleviziyaRadio Yayım Şirkəti Şurasının sədri Cahangir Məmmədli “...müasir yazarlar, zorənməşhurlar basırığında unudulmağa məhkum olan bu çəkili sələflərimizi diqqət və sayğı ayağına çəkən” Mətbuat Şurasına, “Məmmədəli Nasir” (elmi redaktoru və “Ön sözün müəllifi filologiya elmləri doktoru, professor Teymur Əhmədov) kitabıyla ümummilli qələmimizin dünənki ustalarından birini bugünümüzə, sabahımıza tanıtdıran Şəfəq Nasirə təşəkkürünü bildirdi.

Sonra söz - bu tədbirin həm də öz ad günü və kitabının təqdimatı ilə üst-üstə düşən Şəfəq Nasirə verildi. Burada “yubilyarın nəvəsi və kitabın müəllifi” “məsuliyyət”i daşıyan Şəfəq xanım babası ilə bağlı çox nüansa toxundu və kitabında verə “bilmədiyi” bir kövrəkliyə yol verdi: “...Uşaqlığımda Məmmədəli baba mənə bu kitabda yazdıqlarımdan dəfə-dəfə çox - kitab-kitab sözlər danışardı, lakin mən... bir az təbii, daha çox isə başısoyuq “uşaqlıq”lar edib, gah mətbəxə, gah küçəyə, gah məktəbə, gah da hara gəldi qaçardım...”

Kitabında çox mətləbə toxunmuş Şəfəq xanımın, bubaba və nəvə” tədbirində çox geniş danışmamasının bir səbəbi də bacısı Təranənin də söz gözləmi idi. Elə Təranə xanım da yığcam danışdı: “Jurnalistikanın birinci kursunda müəllimimiz XX əsrin əvvəllərində fəaliyyət göstərmiş jurnalistlərdən, məşhur “mollanəsrəddin”çilərdən danışıb babam Məmmədəli Nasirdən də bəhs edərkən, mən tək elə utancaqlığıma görə yox, babamızın bizə aşıladığı təvazökarlıq tərbiyəsi üzündən “o mənim babamdır!” - deyə bilmədim...”

Yığıncaqda iştirak edən ahıl jurnalistlər - Məzahir Süleymanzadə, Ələsgər Cabbarov, Tahir Aydınoğlu görkəmli jurnalist Məmmədəli Nasir haqda əyani-qiyabi səpkili söhbətlər etdilər, xatirələr söylədilər. Vurğuladılar ki, nədənsə, bizlər - daim “özgə”lər, “başqalar barədə yazan mətbuat adamları - özümüz haqda çox az yazırıq. Bu düşüncələr üstə köklənmiş yığıncaq iştirakçıları Şəfəq Nasirə isti sözlər, rəğbət dolu gözlərlə minnətdarlıq bildirdilər. Müəllifə jurnalistika sahəsindəki araşdırmalarına və “Məmmədəli Nasir” monoqrafiyasına görə Mətbuat Şurasının diplomu təqdim edildi...

 

Tahir Əhmədalılar

Mədəniyyət.- 2014.- 28 iyun.- S.