Qafqazdan Apenninədək”

 

İtaliyanın Berqamo şəhərinin meriyasında professor Mixail Talalayın müəllifi olduğuQafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının təqdimatı keçirilib. KitabSandro Teti” nəşriyyat evində işıq üzü görüb.

Tədbirdə çıxış edən Berqamo şəhərinin meri Franko Tentorio qeyd edib ki, II Dünya müharibəsində İtaliyanın faşizmdən azad olunması uğrunda mübarizədə, ölkənin digər bölgələri ilə yanaşı, Berqamo yaxınlığındakı partizan dəstələrində yüzlərlə azərbaycanlı şücaət göstərib.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov kitabın ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərə töhfə verəcəyinə əminliyini bildirib. II Dünya müharibəsində 300 minə yaxın soydaşımızın həyatını itirdiyini diqqətə çatdıran səfir azərbaycanlıların partizan hərəkatının da fəal iştirakçıları olduqlarını deyib.

Nəşrin müəllifi Mixail Talalay qeyd edib ki, 1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyanın Triest şəhərinə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri arasında xeyli azərbaycanlı var idi. Onların əksəriyyəti 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuşlar. Fotoarxiv sənədlərini əks etdirən nəşrdə azərbaycanlı partizanların qəhrəmanlıqlarından danışılır.

Sandro Teti” nəşriyyat evinin təsisçisi Domeniko Sandro Teti bildirib ki, kitab Azərbaycan və İtaliya gənclərinə vətənpərvərlik ruhunun aşılanması baxımından dəyərli məlumatları özündə əks etdirir.

Berqamo Universitetinin professoru Uqo Persi, İtaliya Partizanlarının Milli Assosiasiyasının (ANPİ) Berqamo üzrə komitəsinin vitse-prezidenti Ornella Ravalia, Monte di Nese qəsəbəsi merinin müavini Doriano Bendotti və azərbaycanlı döyüşçülərlə çiyin-çiyinə vuruşmuş partizan Gina Neqrininin qızı Flavia Valentini çıxış edərək azərbaycanlıların İtaliyanın azad olunması uğrunda göstərdikləri hünərdən söz açıb, italiyalı gənclərin bu barədə məlumatlandırılması baxımından kitabın əhəmiyyətini qeyd ediblər.

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 7.