Şairin “kənd həsrəti, təbiət həsrəti” - Vətən məhəbbəti

 

21 mart 1906-cı il Xalq şairi Səməd Vurğunun doğum günüdür

 

Sənətkarın doğulduğu, boya-başa çatdığı yerlərdən məhəbbətlə danışması, öz əsərlərində doğma yurdu xatırlaması çox təbiidir. Xalq şairi Səməd Vurğun üçün «Vətən» Kür qırağından, Qarayazı meşəsindən, «dolaylarında bahar çağı gəzdiyi» dağlardan, «göylərə baş çəkən Göyəzən»dən, nakam anası Məhbub xanımın tapşırıldığı torpaqdan, atası Yusif ağanın yanıqlı-yanıqlı saz çaldığı evdən başlayır. Şairin öz «kiçik Vətən»inə məhəbbəti bütün ömrü boyu davam etmiş, o, yaradıcılığının müxtəlif mərhələlərində doğma yerləri anmışdır.

Bu da təbiidir ki, şair öz «kiçik Vətən»ini məhz ondan ayrı olduğu vaxtlarda, respublikanın başqa rayonlarında işlədiyi, yaxud Moskvada təhsil aldığı və Bakıda yaşadığı illərdə xatırlamış və bu hisslər öz poetik ifadəsini tapmışdır.

Səməd Vurğunun 1927-ci ildə Bakı şəhərində qələmə aldığı «El ayrılığı» şeiri bu baxımdan xarakterikdir. Şair kiçik həcmli bu şeirində doğma yerlər üçün darıxdığını, ürəyinin o yerlərlə çırpındığını, şəhərdə qala bilmədiyini etiraf etmişdir:

 

Mən o yaşıl bağların,

Bu yarpızlı dağların

Bəslədiyi bir canam.

Hisslərim, həyəcanım

Həp onlarla çırpınar.

 

Şairin 1927-ci ildə Qubada müəllim işləyərkən yazdığı «Səyahət» şeiri də bu qəbildəndir. Şeir müəllifin yaxın yerlərə səyahətinin təəssüratı ilə yazılmışdır. Bu səyahət şairin könlünü müəyyən qədər açsa da yenə o, «kiçik Vətən» üçün darıxır:

 

Açılsın və gülən baharım olsun,

Lalə tək qızaran bir yarım olsun.

Sonunda ömrümün məzarım olsun

Gəlinli çeşmələr, sünbüllü çöllər.

 

Şairin «Ellər dünyası» şeirində bu hisslər daha qabarıq verilir və hətta bir qədər tündləşdirilir. Şair «al-yaşıl geyinmiş uca dağların qartallı qoynundan uzaqlaşdığı», «könül bulandıran, xəyal küsdürən tozlu bir diyarla qucaqlaşdığı» üçün darıxır. Burada, yəni şəhərdə hər tərəf insanı yaxıb-yandırır, suların xoş təranəsi eşidilmir, ildırım çaxmır. Dilcan dərəsi yada düşəndə şairin başından «dumanlar, tüstülər qalxır». Buna görə də o, bir vaxtlar «gəzdiyi yerləri», öz «kiçik Vətən»ini soraqlayır. İndi o yerlər əbədi olaraq şairin yaddaşına hopmuşdur:

 

Gecələr ay gülməz, buludlar qara,

Boğulur varlığım hər bir addımda.

Mən çox dırmaşmışam qarlı dağlara,

O ellər dünyası yaşar yadımda...

 

Səməd Vurğun bəzən öz «kiçik Vətən»indən kənar yerləri (məsələn, Bakını) qürbət hesab edir, bu yerlərin onun ruhuna uyğunlaşmadığını bildirirdi:

 

Ah, bu qürbət məni dağıtdı, sökdü,

Fələklər başıma soyuq kül tökdü.

Yollarda gözümə qaranlıq çökdü.

Yanıram odlana-odlana, dağlar.

 

Biz belə hesab edirik ki, Səməd Vurğunun bu mövzuda şeirləri şəhərin kəndlə qarşılaşdırılması, sonuncuya üstünlük verilməsi deyil. Şairin «kənd həsrəti», doğma yerlərə məhəbbəti onun ümumən Azərbaycana məhəbbətinin tərkib hissəsidir. Bunu həmin şeirlərin hər bir misrasında görmək mümkündür. Bu baxımdan şairin 1929-cu ildə Moskvada qələmə aldığı «Vətən həsrəti», «İnqilab yurdu» və «Konsert axşamı» şeirləri maraq doğurur.

«Vətən həsrəti» şeirində (Bu şeiri mərhum professor Cəlal Abdullayev şairin şəxsi arxivindən üzə çıxarmış və dərc etdirmişdir. Şeir sonradan S.Vurğunun «Seçilmiş əsərləri»nə salınmışdır) həsrət motivləri ön plandadır. Şairin fikrincə, «elindən-günündən ayrılan könül» hərdənbir ağlamağa məhkumdur. Vətən məhəbbəti hər şeydən ucadır. Şeirdə, hətta bədbinlik notları da vardır. Lakin bu da Vətən məhəbbəti ilə bağlıdır:

 

Bir şikəstə neyəm, bir qırıq kaman,

Görmədim bir bəla-həsrətdən yaman.

Vurğun ellər deyib ağlar hər zaman

Onun qaydasıdır ağlasın gərək...

 

“Konsert axşamı” şeirində şairin konsert zamanı tanış olduğu qızla mükaliməsi maraqlıdır. Qızın suallarına şairin cavabları yurd sevgisi ilə aşılanmışdır. Bu yerlərdə günəş də, dəniz də, göy də gülür, ilk baharı Sarı bülbül qarşılayır, quşlar nəğmə oxuyur. Bu torpaq zəngin təbiətə malikdir, onun axşamı da, səhəri də gözəldir, bu gözəllik isə könülləri ilhamlandırır. Təbii ki, şair orada keçirdiyi günləri yada salır və həmin yerlərin həsrətini çəkir.

Şairin Vətən məhəbbətindən doğan həsrəti onun «Həsrət» şeirinin də əsasını təşkil edir. «Həsrət»in bəzi məqamları müəllifin «İnqilab yurdu» şeiri ilə səsləşir. Burada da şair böyük bir məftunluqla kəndi, yəni doğma yurdu xatırlayır.

Şairin ayrıldığı obanın şehli səhərləri, qərib axşamları, axar suları, ətirli iydə ağacları, sarı sünbüllü çölləri, bahar müjdəli gül-çiçəkləri, hətta kənd gecəsinin sarvanı - ulduz və ay, anasının örtdüyü kəlağayı, cənuba sarı uçan durna qatarı, qara buludlar, ocağı tüstülü yurd yerləri, ağac taxt, divardan asılmış saz əbədi olaraq onun yaddaşına köçmüşdür.

Şair bu yerlərə tükənməz məhəbbətini bildirməklə kifayətlənmir. O, hazırda özünün qonaq olduğunu hiss edir və qəti əmindir ki, nə vaxtsa doğulub böyüdüyü ana yurda dönəcəkdir. Elə buna görə də o, «dünyaya dəyən sadə bir istəyini» öz doğmalarına yetirir:

 

Anama sadə bir sözüm var ancaq:

Bir ağac altında bir parça torpaq

Ayır ki, yurd salım kölgəsində mən,

Əyləşim, söz açaq doğma səhərdən...

Çəkək kölgəliyə yazı masamı,

Yazıb pozduğumu oxusun hamı...

 

Səməd Vurğunun yaradıcılığının ilk dövrlərində qələmə aldığı «Şəki», «Çiçək», «Dilcan dərəsi», «Bizim dağların», «Kür çayı», «Yadıma düşdü», «Çinarın şikayəti» və bir çox başqa şeirlərində də yurd sevgisi, onun təbiətinə və ayrı-ayrı guşələrinə məhəbbət əsas yer tutur. Bu şeirlərin bəziləri elə həmin vaxt ədəbi tənqid tərəfindən birmənalı qarşılanmamış, mətbuatda bir sıra kəskin məqalələr dərc edilmiş, şairə qarşı hücumlar olmuşdur. «Zəngili» təxəllüslü tənqidçi şairin «İnqilab yurdu», «Konsert axşamı» və «Kür çayı» şerlərini kəskin tənqid etmiş, hətta müəllifi ittiham etməkdən çəkinməmişdir.

Səməd Vurğunun 1931-ci ildə nəşr olunmuş «Şairin andı» kitabı haqqında tənqidçinin eyniadlı məqaləsi daha çox şairi ittiham etməyə yönəlmişdir. Tənqidçinin fikrincə, «İnqilab yurdu»ndan «hicran və bədbinlik qoxusu gəlir», Səməd Vurğun özünün xırda burjua psixologiyasından uzaqlaşmamışdır, «qanlı yaşlar axıdaraq» keçən günləri arzulayır. Zəngilini hiddətləndirən odur ki, şair «Qızıl Moskvanı görərkən «Sənan eşqini» xatırlayır. Tənqidçi bütün bunları şairin «qolçomaq xülyaları», daxili xırda burjua varlığı ilə «əlaqələndirir».

Zəngili şairin «Kür çayı» və «Konsert axşamı» şeirlərini də «kəndi idealizə edən», «bu gün üçün heç bir əhəmiyyəti olmayan» əsərlər kimi təqdim etmişdir. Tənqidçinin fikrincə, S.Vurğun Sanılının (şair Hacı Kərim Sanılı nəzərdə tutulur - A.B.) təsiri altına düşmüşdür və «Sanılı mahnılarını çalır». Zəngili yazır: «Konsert axşamı» da Sanılının bir çox əsərləri kimi şəhərdən qorxaraq əski kəndə qaçmaq məfkurəsinin aydın bir ifadəsidir. S.Vurğun ən qüvvətli şeirlərində hələ Sanılı kibi əski kəndi idealizə edir».

Əlbəttə, ədəbi təsirin mövcudluğu faktdır və hər hansı bir sənətkarın başqasına təsiri təbiidir. S.Vurğunun «Kür çayı» şeirinin H.K.Sanılıya ithaf edilməsi də bu təsirin olmasını təsdiq edir. Bununla yanaşı, biz belə hesab edirik ki, hər iki sənətkarın yaradıcılığına məhz Azərbaycan təbiəti təsir etmişdir. Həm H.K.Sanılı, həm də S.Vurğun ana yurdun təbiətindən ilham almış və onu məftunluqla tərənnüm etmişlər.

Həmin illərdə şairin haqsız hücumlara məruz qalmış əsərlərindən biri də «Həsrət» şeiridir. Məmməd Kazım Ələkbərli bütövlükdə bu şeirin tənqidinə həsr olunmuş «Səmədin «Həsrət»i adlı məqalə yazmışdır. Burada da şair «kəndi şəhərə qarşı qoymaqda» təqsirləndirilir. Tənqidçi bu zaman, hətta bayağı ifadələr işlətməkdən belə çəkinməmişdir: «Səməd nahaq yerə anasının örtdüyü kəlağayını arzu edir. Kəndli analarının indi şlyapa aradıqlarından, görünür ki, xəbərsizdir...»

Tənqidçi göstərir ki, Səməd kəndə yalnız aeroplan uçuşu nöqtələrindən baxır, onun gördüyü yalnız dağlar, dərələr, meşələr, bir də aylı gecələrdir. M.K.Ələkbərlinin fikrincə, şairin həsrətini çəkdiyi kənd məkansızdır. «Bu kənd zaman və məkandan xaric, «ümumiyyətlə» bir kənddir. Oxucunu şaşdıran və nəzərini mənfiləşdirən də burasıdır».

«Həsrət» şeirini artıq təhlil etdiyimizi nəzərə alaraq tənqidçinin bu fikrinə öz münasibətimizi bildiririk. Doğrudan da «Həsrət» şeirində şairin bir vaxtlar qayıdacağı kəndin konkret adı çəkilmir. Heç buna ehtiyac da yoxdur. Axı, şair «Salam, böyüdüyüm o ana yurda» misrasını işlətməklə bu ünvanı dəqiqləşdirmişdir. Bununla birlikdə şairin tərənnüm etdiyi kənd Azərbaycan kəndidir. Şair də bu kəndə «aeroplan uçuşu nöqtələrindən» baxmamışdır. O bu kəndin füsunkar təbiətinə bələd olduğu kimi, «hər bir boyadan, ləkədən uzaq, varlığı, vicdanı günəş kimi ağ» olan insanlarını da yaxşı tanıyır...

Əlbəttə, bu cür haqsız hücumlar Səməd Vurğunun yaradıcılığına öz təsirini göstərə bilmişdir. O, ilk tənqidlərdən sonra «Ölən şeirlərim» adlı şeirini yazmış və yaradıcılığının ilk dövrlərində qələmə aldıqlarından sanki imtina etmişdir.

Bu cür təsirlərdən biri də M.K.Ələkbərlinin tənqidindən sonra şairin «Həsrət» şeirini «itirməsi», müəyyən mənada unutması olmuşdur. Bu barədə Xalq şairi Məmməd Rahimin xatirələrində oxuyuruq: «Səmədin «İstiqbal təranəsi» adlı seçilmiş əsərlər kitabını redaktə eləyirdim. Vaxtilə mənə «Dağlar» adlı şeir oxumuşdu. Kitaba daxil eləmək üçün həmin şeiri ondan istədim. Tərəddüd elədi. Bu söhbətimizdən iki gün sonra evinə getdim. Bir az söhbət eləmişdik ki, mən yenə təkidlə «Dağlar»ı istədim. Bir qədər fikirləşdi, sonra «Evimə gəlmisən, nə edə bilərəm» deyib ağ kağız götürüb şeiri yazdı, mənə verdi... Sonra «əldə olanı almaq çətin deyil, sən bacarırsan «Həsrət»i tap, onu çap elə, onda deyim, hə, bu oldu iş, «Həsrət» məndə yoxdur» dedi. Onu əmin etdim ki, taparam. Mən ədəbi qəzeti və jurnalları saxlayıram. Evə gələndən sonra, bütün günü və sabahı günü «Həsrət»i axtardım. Nəhayət, tapdım. Yazıçılar İttifaqına apardım. Elə bil Səməd heç onu görməmişdi. Elə bil bu əsəri yazmamışdı. Dalğın-dalğın ona çox baxdı, bəzi yerlərini oxudu. Hiss olunurdu ki, «Həsrət»i çox sevir. Birdən: «Rahim, - dedi, - yenə bildirirəm, bir gün mən kəndə gedəcəyəm, mənim yerim oradadır, mən təbiət oğluyam...». «Həsrət»i tapdığım üçün mənə razılıq etdi. «Özüm, əlbəttə, - dedi - onu tapa bilməyəcəkdim». Mən o gün hiss etdim ki, «Həsrət» Səməddə dərin həsrət hissi oyatdı. Kənd həsrəti, təbiət həsrəti».

Səməd Vurğunun öz «kiçik Vətən»i ilə mənəvi bağlılığı ona bütün Azərbaycanı tanımağa, Azərbaycan xalqının həyatını başa düşməyə imkan verdi, şair böyük Vətənin ürək döyüntülərini eşitdi. «Kiçik Vətən»in hər bir daşına, ağacına, dağına, aranına, sərin sulu bulaqlarına, bərəkətli çöllərinə məhəbbət isə ümumən Azərbaycan poeziyasında xüsusi yer tutan «Azərbaycan» şeirinin yaranmasına zəmin oldu.

 

Adilxan Bayramov,

 

filologiya elmləri doktoru

 

Mədəniyyət.- 2014.- 14 mart.- S. 12.