Şagirdlərin yubiley töhfəsi

 

Martın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabskinin 135 illik yubileyi münasibətilə paytaxtdakı G.Şaroyev adına 35 saylı 11 illik uşaq musiqi məktəbində xatirə gecəsi keçirildi. Tədbirdə H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin şagirdləri də iştirak edirdi.

İlk olaraq sənətkarın həyat və yaradıcılığı haqqında söz açıldı. Sonra tədbirin konsert hissəsi başlandı. Nömrələr bir-birini əvəz etdikcə musiqi məktəbi şagirdlərinin Azərbaycan musiqisinə, incəsənətinə olan sevgisinin şahidi olduq. Konsert proqramında məktəbin xor kollektivinin ifasında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar səsləndi.

Sonda çıxış edən H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbinin direktoru Mehriban Rüstəmova tədbir iştirakçılarına və yubiley gecəsinin baş tutmasına yaratdığı şəraitə görə 35 saylı məktəbin rəhbərliyinə təşəkkürünü bildirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 19 mart.- S. 3.