Bakının
memarlıq inciləri: Hökumət evi
Sovet dövründə Bakının tarixi simasına daha da gözəllik bəxş edən çoxlu sayda binalar inşa edilib. Paytaxta xüsusi gözəllik verən, şəhərimizin memarlıq incilərindən olan “Hökumət evi” kimi tanıdığımız bina da bu qəbildəndir.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir tikiliyə ehtiyac duyulub. Layihə üzərində çalışan memarlar qarşısında isə böyük sosialist dövlətinin qüdrətini və parlaq gələcəyini özündə əks etdirən bina inşa etmək vəzifəsi qoyulub.
1932-ci ildə elan olunmuş müsabiqədə Azərbaycanın
tanınmış memarları olan
Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər. Mütəxəssislər
qeyd edirlər ki,
onların layihəsi daha təkmil və əzəmətli
idi. Lakin Moskvadan gələn münsiflər heyəti birinci yeri Lev
Rudnevə veriblər. Beləliklə “Hökumət
evi”nin memarları
Lev Rudnev və Vladimir
Munts oldu. Binanın inşası isə maliyyə çatışmazlığı
və daha sonra II Dünya müharibəsinin başlanması
ilə 1952-ci ilədək
davam edib.
Sosialist quruluşunun əzəmətini
nümayiş etdirməli
olan “Hökumət evi” qotika memarlıq
üslubunda inşa edilib. Layihənin ilkin variantında
13 mərtəbədən ibarət
olması planlaşdırılan
binanın sonradan 3 mərtəbəsi ixtisar edilir. Təsdiq olunmuş layihədə
sonradan bir sıra nöqsanlar üzə çıxır.
Belə ki, 1931-ci ildə dövlətin verdiyi qərara görə, Azərbaycanda tikilən memarlıq abidələrində
yerli memarlıq xüsusiyyətləri əks
olunmalı idi. Lakin rus memarının hazırladığı layihədə
belə xüsusiyyətlər
yox idi. Buna görə də
binanın ilkin formasına bir sıra dəyişikliklər
edilir, milli tağlar inşa olunur.
Binada gördüyümüz
tağlar, sütunlar,
sütun tavanlarının
zirvələrinin forması
Şirvanşahlar sarayının
memarlıq üslubundan
götürülüb. Təbii ki,
burada oxşar cəhətlərlə yanaşı,
fərqli xüsusiyyətlər
də var. Şirvanşahlar
sarayında tağlar sivri, “Hökumət evi”ndə isə qövsvaridir.
Binanın inşasında istifadə
edilən tikinti materiallarının bir hissəsi SSRİ-nin müxtəlif yerlərindən
gətirilib. II Dünya
müharibəsində əsir
götürülən alman
əsgər və zabitləri də binanın inşasına cəlb olunub.
Bu binanın tarixi
çox qədim olmasa da, zaman
onu bir çox
tarixi proseslərin şahidinə çevirib. 1988-ci ildə milli azadlıq hərəkatı
məhz bu binanın qarşısında
yerləşən Azadlıq
(o vaxtkı Lenin) meydanından
başlayıb.
Onu da qeyd edək “Hökumət evi” formasında dünyanın
heç bir yerində ikinci belə bir bina
yoxdur. 2010-cu ildə
başa çatdırılan
təmir işlərindən
sonra “Hökumət evi” daha möhtəşəm
görkəm alıb.
Dənizə açılan panorama binaya xüsusi gözəllik bəxş
edir. Axşam saatlarında bina
xüsusi işıq effektlərinin hesabına daha da gözəlliyə
qərq olur.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 15.