Xatirəyə
dönən görüş
Yaddaş dəftərindən
Ulu Tanrı bizim yerlərdən səxavətini əsirgəməyib. Quşqonmaz qayalar, zümrüd meşələr, bərəkətli torpaqlar. Meyvələri, beçə balı adla deyilir. Otları, çiçəkləri, saf havası can dərmanıdır. Obalarını gəzib dolanan, ağsaqqallarına və ağbirçəklərinə qulaq asan yoruldum deməz, bu yerlərə bir də dönmək istər.
Şairlər bu qədim insan
məskəninə heyran
olublar. Mikayıl Müşfiq “Başqa
səfası var hələ Lerikin” deyib. Mirvarid Dilbazi “Ay günəşə
yaxın dağlar”, Əliağa Vahid “Könlüm vurulub bir gülü-reyhanə Lerikdə”, Fikrət Qoca “Allah da bəlkə elə, cənnəti uyduranda Lerikdən danışırmış”
yazıblar. Xalq şairi Süleyman Rüstəmin yaradıcılığında
Lerik mövzusunun, Leriki tərənnümün
öz yeri var...
1965-ci ilin söhbətidir. Kənd məktəblərinin
birində dərs deyirdim. Ara-sıra şeirlərim “Azərbaycan
pioneri”, yerli “Kolxoz yolu” qəzetlərində,
“Pioner” jurnalında nəşr olunur, respublika radiosunda səslənirdi. Rayonda gənc
yazar kimi az-çox tanınırdım.
Günlərin birində raykoma
çağırdılar. Dedilər ki, Xalq şairi
Süleyman Rüstəm
kino işçiləriylə
rayona gəlir. Planetin qocaman sakini Şirəli Müslümovun
160 illik yubileyi filmə çəkiləcək.
Onlara bələdçilik mənə
tapşırıldı. Çünki həm Süleyman
Rüstəmin yaradıcılığı,
həm də Şirəli Müslümovun
ömür tarixçəsi
barədə ətraflı
məlumatım vardı.
Ertəsi gün qonaqlarla mehmanxanada görüşdüm. Süleyman Rüstəmlə
şair Vladimir Qafarov,
Azərbaycan radiosunun müxbiri Firuz Əhmədli də gəlmişdilər. Öyrəndim ki, Leninqradın sənədli filmlər studiyası “Yeddi möcüzəsiz möcüzə”
filmini çəkir.
Yaradıcı qrup Neft Daşlarında çəkilişdən
sonra Lerikə gəlib. Axşamüstü rejissor Mark Markov da
gəlib çıxdı.
Qonaqlar
rayon mərkəzini gəzib
çəkiliş aparılacaq,
yubiley keçiriləcək
yerləri müəyyənləşdirdilər.
Səhərisi Xalq şairi Süleyman Rüstəm,
Vladimir Qafarov, Firuz Əhmədli ilə el ağsaqqalının yaşadığı
Barzavu kəndinə yola düşdük. Maşın kiçik
dərəni keçib
dağın ətəyinə
çatdı. Dolama yolla
yuxarı qalxırdıq.
Süleyman müəllim
üzünü sürücüyə
tutub:
- Əylə, buradan piyada gedərik, dalımızcan kəndə
gələrsən, - dedi.
Qalan yolu yavaş-yavaş qalxdıq. Xalq şairi
dikdirə çatanda
dayandı. Mavi Xəzər, Talış meşələri, kəndlər
ovucun içi kimi görünürdü.
Arxaya çevrilib sərhədə
tərəf boylandı,
ağsaçlı Savalana
xeyli baxdı. Trubkasına tütün töküb tüstülətdi. Yolumuza davam
elədik.
Mənzil başına çatdıq. Kəndin ağsaqqalları,
ziyalılar, məktəblilər
Xalq şairini salamladılar. Şirəli baba onu doğma
övladıtək bağrına
basdı. Xalça döşənmiş
çəməndə duz-çörək
kəsildi. Radionun müxbiri
ağsaqqalın söhbətini
elə oradaca lentə aldı.
Söz sözü
çəkdi. Süleyman Rüstəm əlini uzaqdan görünən kəndə tərəf uzatdı:
- Volodya, görünən kənd Çayruddur. Oranın seçiciləri məni iki dəfə - 1947-ci və 1951-ci illərdə
Ali Sovetə deputat seçiblər. Rayon mərkəzindən at belində
seçicilərimlə görüşlərə
getmişəm. Camaatı çox
zəhmətkeş və
qonaqpərvərdir. Onda təzə
yol çəkirdilər.
Talış qızlarına bir
şeir də yazdım.
Mən şairin icazəsi ilə “Talış gözəlləri” şeirindən
bir parça söylədim:
Qəşəng talış qızları
daş yığır,
daş tökürlər,
Dodaqlarında nəğmə
Çayruda yol çəkirlər.
Fəxr edirəm dağların
rəngsiz gözəlləriylə,
Can verir dilsiz daşa onlar öz əlləriylə.
Biz rayon mərkəzinə qayıdırdıq. Yolda Anbu kəndinin
məktəbliləri şairi
qarşılayıb gül
dəstələri verdilər.
Şair də borclu qalmadı. Bədahətən
bu misraları söylədi:
Söz vermişdim bu yerlərə tez-tez gəlim, gəlmişəm,
Uca Talış dağlarını yurdum-yuvam
bilmişəm.
Uşaqlıqdan xoşum gəlməz
öz sözündən
dönəndən,
Lerikdəyəm, yenə dağlar qoynundayam dünəndən.
Şirəli Müslümovun rayon mərkəzində, Məşədi Xəlil kişinin bağında keçirilən yubileyinə Bakıdan, qonşu rayonlardan qonaqlar gəlmişdilər. Respublika Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov “Qırmızı Əmək Bayrağı” ordeni alması münasibətilə yubilyarın əlini sıxdı. Qonaqlar ürək sözlərini dedilər. Növbə Xalq şairinə çatdı. O, dünənki görüşdən aldığı təəssüratı misralara çevirmişdi, “Dağların ağsaqqalı” şeirini yazmışdı. Şeir bu misralarla bitirdi:
Dağlarda lalələrtək
açılıb baxtın sənin,
Sıldırım
qayalardır uçulmaz taxtın sənin.
Dağlarda, meşələrdə gənclər
çəkəndə qəh-qəh,
“Hanı gəncliyim”,
- deyib, hərdən-birdən çəkmə
ah.
Sən elə
qol-budaqlı, elə möhkəmsən yenə,
Dəmirağacları
da həsəd aparır sənə.
Kinostudiyanın əməkdaşları rejissorun göstərişləri ilə işlərini gördülər, maraqlı fraqmentlər çəkdilər, yerli camaatın köməyindən razı qaldılar. Elə həmin il film ekranlara çıxdı.
Tədbirdən sonra biz kitab mağazasına baş çəkdik. Burada Xalq şairini oxucular gözləyirdilər. Onlar Süleyman Rüstəmdən avtoqraf aldılar, əsərləri barədə ürək sözlərini dedilər. “Bu, lap oxucular konfransı oldu”,- deyə şair onu sevənlərlə zarafatlaşdı.
Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist, Lerik
Mədəniyyət.- 2014.- 2 may.-
S. 12.