Zivərbəy Əhmədbəyov fenomeni

 

Azərbaycanın ilk ali təhsilli memarı, görkəmli maarifçi Zivərbəy Əhmədbəyov. Bu gün Bakını bəzəyən, Avropa və Şərq memarlıq ənənələrini özündə birləşdirən, dərin məzmunlu arxitekturası, möhtəşəmliyi ilə gözoxşayan bir çox tikililər məhz onun adı ilə bağlıdır. Onun yaradıcılıq izləri nəinki Bakıda, həmçinin Şamaxıda, Vladiqafqazda naxışlanıb, əbədi sənət karvanına qoşulub.

1873-cü ildə Şamaxı bəylərindən Gəray bəyin ailəsində dünyaya gəlib. Şamaxının tanınmış nəsillərindən olan Əhmədbəyovlar elmə, ədəbiyyata marağı ilə tanınırdı. Ailənin sonuncu övladının elmə meylli, istedadlı memar kimi yetişməsi də təsadüfi deyildi. Anası Töhfə xanımın təhsilli, musiqi, ədəbiyyat və poeziya həvəskarı olması da onun gələcək karyerasının formalaşmasına təsirsiz ötüşmədi. Beləliklə, musiqi, rəssamlıq, eyni zamanda fortepiano ifaçılığına həvəs göstərən balaca Zivərbəy artıq məktəb illərində qərar verir: memar olmaq, gözəl sənət nümunələri yaratmaq, qədim Şirvan memarlıq məktəbini, xalqımızın zəngin memarlıq ənənələrini yaşatmaq.

 

Ali memarlıq təhsili alan ilk azərbaycanlı

 

Ailəsi qədim Şamaxının Sarıtorpaq məhəlləsində yaşayırdı. Əhmədbəyovlara məxsus ev Lermontov küçəsində bu günə kimi qalmaqdadır. Zivərbəyin dünyagörüşünün formalaşmasında Ə.Xaqani, S.Ə.Şirvani, A.Səhhət, M.Ə.Sabir kimi ədiblərin vətəni olan qədim Şamaxı böyük rol oynayıb. Memarın şəxsi qeydləri arasında Azərbaycanın müxtəlif şəhərlərindəki qədim tikililər barədə tarixi sənədlərə rast gəlmək mümkündür. Vaxtilə ölkəmizin dilbər guşələrini gəzmiş alman səyyahı E.Kemfer, rus şərqşünası A.Pisemeski, tanınmış alim D.Mendeleyev, dahi bəstəkar P.Çaykovski, dünya şöhrətli yazıçı A.Düma kimi tarixi şəxsiyyətlər öz əsərlərində bu barədə ətraflı məlumat veriblər.

Zivərbəy Əhmədbəyovun nəvəsi, yeganə qızı Firəngiz xanımın oğlu Oqtay Əfəndiyev babası ilə bağlı xatirələri dilə gətirir: “Babam haqqında daha çox anamın, eyni zamanda böyük qardaşım Cahangirin mənə dediklərini söyləyə bilərəm. O, ədəbiyyat incəsənət vurğunu idi. Çox zəngin kitabxanası, Peterburqdan Avropadan gətirilmiş rəssamlıq heykəltəraşlıq nümunələrindən ibarət kolleksiyası vardı. Onun bu irsini uzun illər anam Firəngiz xanım Əhmədbəyova (Əfəndiyeva) qoruyub saxlayıb. Kolleksiya babamın 1914-1916-cı illərdə tikdirdiyi evin böyük bir otağını əhatə edirdi. İndiki Dağüstü parkda yerləşən həmin malikanəni dəqiqliklə xatırlayıram. Evin ətrafında gözəl dekorativ bağ salınmışdı. Babam orada ekzotik balıqların üzdükləri səkkizüzlü akvarium yerləşdirmişdi. Anam danışardı ki, babam inşa etdiyi mərmər döşəməli geniş qalereyada qohumları Bakı ziyalılarını ətrafına toplayıb musiqi gecələri keçirər, fortepiano skripkada ifa etdiyi melodiyalarla onlara gözəl əhval-ruhiyyə bəxş edərdi. Onu adətən anam müşayiət edərdi. Böyük otaqları olan evin cəmi iki küncü vardı. Bu ev müsəlman xristian qəbiristanlığının arasında tikilərkən həmin ərazidə, demək olar ki, yaşayış yox idi. Memarın bu addımı o zaman insanlar tərəfindən birmənalı qarşılanmamışdı. Amma babam onları evin inşası üçün məhz köhnə Çəmbərəkənd rayonunu seçməsini düşünülmüş qərar olduğuna inandırmağa çalışırdı. Zivərbəy peterburqlu həmkarına ünvanladığı məktubda yazırdı: “Düzdür, bu gün hər fayton məni inşaat işlərinin getdiyi məkana aparmaq istəmir. Xüsusilə axşam vaxtı müsəlmanlar iki qəbiristanlıq arasında yerləşən bu əraziyə gəlməkdən qorxurlar. Amma onlar bilmirlər ki, vaxt gələcək bu yerlər şəhərin incisi hesab olunacaq...” Qardaşım babamın həyat yaradıcılığı haqqında çoxlu məqalələr yazmışdı. Mən babamla bağlı daha geniş məlumat əldə etmək məqsədilə ötən il Azərbaycan Dövlət Tarix Arxivinə getdim. Çoxlu materiallar əldə etdim. Öz tədqiqatlarımı davam etdirmək üçün yaxın günlərdə yenə Sankt-Peterburqa getmək istəyirəm. Babam həm Bakının baş memarı olub. Ona görə mənə elə gəlir ki, Bakı Sovetinin arxivində onunla bağlı bəzi materiallar saxlanılıb bütün bunlar mənə maraqlı gələcək. İstəyirəm ki, Zivərbəy Əhmədbəyovun həyat yaradıcılığı ilə bağlı materialların sayı çox olsun”.

 

Şərq-Qərb ənənələri

 

Beləliklə, dövrünə görə mükəmməl təhsil alan Zivərbəy 1902-ci ildə memar diplomu ilə vətənə qayıdır. Gənc kadr ilk peşəkar fəaliyyətinə doğulub boya-başa çatdığı şəhərdən başlayır. Oqtay müəllim deyir ki, məhz həmin ərəfədə, yəni 1902-ci ilin 31 yanvarında baş verən zəlzələ Şamaxını xarabazara çevirmişdi: “Buna görə o, bir müddət Şamaxıda qalıb şəhərin abadlaşması ilə məşğul olur. Məsələn, tamamilə dağılmış Cümə məscidi ilə yanaşı, digər tikililəri yenidən bərpa edir. Nəticədə Şamaxı özünün normal şəhər həyatına qayıdır. 1907-ci ildə babam Bakıda başlanılan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin dövrdə Bakı sənaye şəhəri kimi inkişaf edirdi. Şəhərin memarlıq işləri xüsusi naxışları ornamentləri ilə fərqlənirdi. Buradakı fərqlilik Avropa üslubu idi. Bu səbəbdən də paytaxtın qubernatoruali təbəqəsi şəxsi mülklərinin layihəsini məhz ona etibar edirdi”.

Zivərbəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya İnstitutunun binası və onun layihəsi ilə tikilən bir sıra yaşayış binaları bu güngöz oxşayır.

Gənc memar öz karyerasında sürətlə irəliləyirdi. 1917-ci ilə qədər Bakı Quberniya İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyən Zivərbəy həmçinin ictimai fəaliyyətlə də məşğul olurdu. Onun səyləri nəticəsində 1917-ci ildə “İslam mədəniyyət abidələrini qoruyan” cəmiyyət yaranır. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı vəzifəsində çalışıb. Həmin vəzifəni sovet hakimiyyəti illərində də - ömrünün sonuna qədər icra edib.

 

Möhtəşəm sənət yadigarları

 

Bu gün Bakıya yaraşıq verən tikililərin sırasında Təzəpir məscidi xüsusi memarlıq üslubu ilə fərqlənir. Məscid məşhur Aşurbəyovlar nəslinin nümayəndəsi Nabat xanımın vəsaiti hesabına tikilib. O zaman Bakı milyonçularının Avropanın ən məşhur memarlarını Bakıya dəvət edib özləri üçün yaşayış binaları, bağ evləri tikdirdikləri halda, Nabat xanım məscidi məhz azərbaycanlı memara tikdirmək niyyətində idi. Bu memar isə gənc Zivərbəy idi. Amma müdrik qadın memarı yanına çağırıb niyyətini bildirdikdən sonra onu öz vəsaiti hesabına Şərq ölkələrinə göndərir ki, məşhur məscidlərin memarlıq üslubunu öyrənsin. Doğrudur, buna qədər artıq Zivərbəy Şamaxıda Cümə və İmam, Əmircanda Murtuza Muxtarov məscidlərinin memarı kimi şöhrət tapmışdı. Amma buna baxmayaraq, Nabat xanım Bakıda Şərqin ən möhtəşəm məscidlərinə bənzər məscid görmək istəyirdi. Zivərbəyi Məkkə və Mədinəyə, İstanbula Şərqin memarlıq inciləri sayılan məscidlərin memarlıq üslubu ilə tanış olmağa göndərəndə ona belə demişdi: “Oğlum, qoy o müqəddəs ocaqların ruhu sənə ilham versin. Bax, öyrən, ən yaxşısını seç! Xalqımızın adına layiq elə məscid tik ki, adı dillər əzbəri olsun”.

Beləliklə, Zivərbəy Şərqin zəngin məscid memarlığını mənimsəyərək geri dönür. İndi Nabat xanım Aşurbəyovanın arzuladığı məscidi tikmək olardı. Zivərbəyin layihəsi əsasında ən bacarıqlı sənətkarların iştirakı ilə Bakıda unikal memarlıq abidəsi - Təzəpir məscidi meydana gəlir. Məscidin 1905-ci ildən başlanan tikintisi 1914-cü ilə kimi davam etdi. Bu gün də Bakının memarlıq incilərindən Təzəpir əsrarəngizliyi ilə göz oxşayır. Bunun ardınca isə onun layihəsi əsasında Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən, məşhur Əjdər bəy məscidi ərsəyə gəldi. Məscid dövrün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyovun vəsaiti ilə inşa edilmişdi. Memarın Əmircanda tikdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi qorunur.

Oqtay Əfəndiyevin sözlərinə görə, Rusiyanın Vladiqafqaz şəhərində də (Şimali Osetiya) bir sıra yaşayış, məişət binaları babasının layihəsi ilə tikilib.

Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat edib. Bizlərə gözəl sənət inciləri bəxş edən memarın adı bu gün də hörmətlə yad edilir. Üç il bundan öncə, 2011-ci ilin mayında Bakıda “Nizamimetro stansiyasının qarşısında Prezident İlham Əliyevin iştirakı ilə Zivərbəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Bütün bunlar dövlətimizin və xalqımızın böyük memarın xatirəsinə dərin hörmətinin göstəricisidir.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 10.