Muğamatımızın sultanı

 

Xalq artisti, məşhur xanəndə Yaqub Məmmədovun xatirəsinə

 

Təsəvvüf fəlsəfəsinə görə mükəmməl - qüsursuz gözəllik ("Mütləq Gözəl") - Tanrıya məxsusdur. İnsanlar yalnız fərdi istedadı və bacarığı hesabına məşğul olduqları sahələrdə, onlara məxsus olan gözəllik-sənət zirvəsini fəth edirlər. Zövqümə istinadən söylərdim:

Aşiqi-sadiqliyin Füzuli zirvəsi;

Ziyalı səmimiyyətinin Üzeyir bəy zirvəsi;

Muğam sənətində dəqiqlik və tələbkarlığın Seyid Şuşinski zirvəsi;

Səs əzəmətinin Xan Şuşinski zirvəsi;

İfada yanğı-nisgilin Qədir Rüstəmov zirvəsi;

Zəngulə zənginliyinin Alim Qasımov zirvəsi.

Heç bir tərəddüd etmədən, muğam sənətində heyrət doğuran ifa gözəlliyinin (şirinliyinin) Yaqub Məmmədov zirvəsini də bu simvolik siyahıya əlavə edərdim.

"Gözəllik və heyrət!"

Bəli, təsəvvüf fəlsəfəsində hal ilə bağlı heyrət məqamı var.

Heyrət - əsasən, gözəllikdən zövq ala bilən, zəngin təxəyyülə malik, yaradıcı, kamil insanlara məxsus olan ali keyfiyyətdir.

Heyrət, yaxud qeyri-adi heyranlıq - bu seyrçinin (dinləyicinin) gözəllikdən zövqü nisbətində aldığı ləzzətin müşayiəti ilə, ani bir düşüncə və təxəyyül zamanı yaranır. Məsələn, dahi Füzuli, Tanrı aşiqi kimi, İlahi Qüdrət və Səltənət qarşısında heyrətlənərək söyləmişdir:

 

Heyrət ey büt! Surətin gördükdə lal eylər məni,

Surəti-halım görən, surət xəyal eylər məni.

 

Muğam ifaçılıq sənətində də ifa gözəlliyinin (səs-söz-muğam harmoniyasının) yaratdığı heyrət məqamları olmuşdur.

Özünün fenomen səsi ilə bütün Şərqdə məşhur olmuş Hacı Hüsünün qeyri-adi ifasından heyrətlənən ustad xanəndə, muğamatımızın "Peyğəmbəri" Cabbar Qaryağdıoğlu söylədi ki: “O, səsdən olmayıb, olmayacaq da”.

Yaxud Şəkili Ələsgərin məlahətli ifasından sonra həmin Cabbar Qaryağdıoğlu heyrətini gizlədə bilməyərək belə demişdir: “Ələsgərin səsi məndə olsa, göydə uçan quşları saxlardım”.

Cabbar Qaryağdıoğlunun təbirincə desək, "Şərqin incisi", sərraf Seyid Şuşinski Şamaxılı xanəndə, Mirzə Məhəmməd Həsənin heyrətamiz oxumalarından aldığı ləzzəti belə ifadə etmişdir: "Onu gördüyüm xanəndələrdən heç birinə bənzədə bilmərəm".

Yaxud Seyid Şuşinskinin "Bayatı-Şiraz"da "Xavəran" şöbəsindən "Qatar"a keçidindən heyrətlənən, dövrünün məşhur xanəndələri Keçəçioğlu Məhəmməd və Malıbəyli Həmid uyğun olaraq belə söyləmişlər: “İndi bildim Həzrəti-Davud doğru imiş. Həzrəti-Davud özü bu işə heyran qalardı”.

Yaxud dahi Üzeyir bəy Xan Şuşinski səsinin əzəmətinə belə təsvir vermişdir: "Xanın səsi simfoniya kimi gurladı".

Bütün registrlərdə sərbəst gəzişən, güclü səs, şaqraq zəngulə, əla oxu texnikası ilə seçilən peşəkar xanəndə Yaqub Məmmədovun yaradıcılıq bioqrafiyasında da belə heyrət məqamları olmuşdur.

Yaqub Məmmədovun Dövlət Filarmoniyasında keçirilən yubileyində görkəmli müğənnimiz Şövkət Ələkbərova bildirdi ki, vaxtı ilə gənc Yaqubun səsinə qulaq asan azman sənətkar Xan Şuşinski heyrətini gizlədə bilməyərək "Pahooo!" deməklə kifayətlənmişdir.

Müqayisə üçün qeyd edim ki, səsinin coşqunluğu ilə Moskvada keçirilən incəsənət dekadalarında tanınmış musiqiçiləri heyrətdə saxlayan Xanı səslə təəccübləndirmək mümkün idimi? Bu izaha gəlməyən məsələdir.

1955-60-cı illərdə (dəqiq tarixini müəyyənləşdirə bilmədim) Bakıya yenicə gəlmiş Yaqubun Dövlət Filarmoniyasında "Zabul Segah"ı böyük coşquya səbəb olur. Tamaşaçılar gur, arasıkəsilməz alqışlarla uzun müddət onu səhnədən buraxmırlar. Maraqlıdır ki, növbəti və yekun olaraq Xan Şuşinski çıxış etməli idi.

Nəhayətdə böyük Xan səhnəyə, afişada elanı verilən “Şur” dəstgahı əvəzinə, şakəri olduğu "Kürdü-Şahnaz"ı oxuya-oxuya (!) daxil olur. Beləliklə, Yaqub coşqusuna Xan coşqusu ilə tarazlıq gətirilir!

Xan Şuşinski Yaqubun məşhur "Mənsuriyyə"sinə heyranlığını gizlədə bilməyərək söyləmişdir: "Yaqubun "Mənsuriyyə"si əsl sənət nümunəsidir".

Xanəndə-pedaqoq Nəriman Əliyev dövlət radiosunun qızıl fondunda saxlanılan verilişlərin birində bildirdi ki, Ağa (Seyid Şuşinski) Yaqubu dinlədikdən sonra astaca söyləmişdir: "Çətin ki, analar səndən birdoğar, Yaqub!".

Muğam xiridarı, çox tələbkar Əhməd Bakıxanov, muğam ifaçılığı tarixinə düşmüş mübahisələrin birində, özünü saxlaya bilməyərək söyləmişdir: "Şüştəri" gərək Yaqub oxuyaydı!.."

Bu, Yaqub sənətinin ecazkarlığına böyük müəllimin böyük sevgisi, böyük qiymətidir!

Filarmoniyada Yaqubun yubileyində pedaqoq-xanəndə Əlibaba Məmmədov çox səmimi olaraq etiraf etdi ki: “Həqiqətən Yaquba qədər muğam ifaçılığı sənətində sanki bir boşluq, süstlük, durğunluq var idi. Yaqubun Bakıya gəlişi, ifaçılıq sənətindəki bu boşluğu, öz coşquları ilə doldurdu!".

Xanəndəlik sənətinin "məhək daşı" hesab olunan Bakının tələbkar kənd əhli, o cümlədən Nardaran camaatı aşkar etiraf edirlər ki, son əlli ildə Abşeronda Yaqub qədər sevilən populyar xanəndə olmamışdır.

Yazı müəllifi kimi, eləcə də Yaqub sənətinin "Məcnunu" kimi, mənim də bu sənətə heyranlığımla bağlı etiraflarım vardır.

Təsəvvüfdə bağlılığın - sevginin dərəcəsini müəyyən edən, "ğəram" (yəni, qopmaq bilməyən, cəzb edən, izləyən) mərhələsi vardır.

Mənim təsəvvüfə, Füzuliyə, muğama o cümlədən, Yaqub Məmmədov sənətinə vurğunluğum məhz "ğəram" mərhələsindəndir.

Yaqub sənətindən danışarkən, Füzuli təbirincə desəm, çox vaxt heyran olduğumdandır ki, heyran olduğumu bilmədən hissiyyata qapılıram. Bax bu nöqsandan özümü sığortalamaq üçün, bəri başdan bildirirəm ki, incəsənət, o cümlədən ifaçılıq sənəti, haradasa müəyyən qayda-qanunla, reqlamentlə tənzimlənirsə, ifa gözəlliyinin yaratdığı estetik təəssüratlar heç bir qanuna tabe deyildir. Bu, yalnız fərdi olaraq hər bir dinləyicinin mənəvi dünyasının zənginliyindən daha çox asılıdır.

Mənim nəzərimdə xanəndə Yaqub Məmmədovun oxumaları, milli muğam ifaçılığının keyfiyyət meyarı-etalonudur!

Açığını deyim ki, musiqi elminin nəzəri söylədiyi "Çahargah"dakı, "Mənsuriyyə"dəki mübarizliyin, "Rast"dakı, "Heyratı"dakı sərrastlığın, gümrahlığın, "Segah"dakı, "Qarabağ şikəstəsi"ndəki yanğının, "Bayatı-Şiraz"dakı həzinliyin, "Şur"dakı, "Səmayi-Şəms"dəki, "Arazban-Osmanidə"ki coşqunluğun praktiki təcəssümünü məhz Yaqubun ifaları ilə təsdiqlədim!

Fikrimə təsdiq üçün apardığım müşahidə və ümumiləşdirmələrdən yalnız birisi-uca təblə ifa olunmuş, mükəmməl sənət nümunəsi olan "Rast" dəstgahı ilə bağlı təəssüratlarımı sizinlə bölüşmək istərdim.

Xan Şuşinskinin nümunəvi "Rast" dəstgahından sonra həmin üslubda yeni "Rast" dəstgahı oxuyub, geniş dinləyici zövqünü oxşamaq - böyük cəsarət tələb edən bu işin öhdəsindən Yaqub Məmmədov məharətlə gəlmişdir. Belə ki, o, ustad Xan Şuşinskinin açdığı yola-irzə-üsula sadiq qalaraq, səs genişliyi, fərdi improvizasiya zənginliyi hesabına "Rast"ı cilaladı, ona öz fərdi keyfiyyət möhürünü vurdu!

Sözügedən "Rast" dəstgahında ifa olunan qısa "Kürdü"də səs gərginliyinin dinamik inkişafı (artım tempi) imkan verir ki, deyim:

Bu, səsin yarada biləcəyi İlahi möcüzədir!

Bu, səsin yetə biləcəyi İlahi məqamdır!

Bu, əql ilə izah olunmaz Tanrı Eşqinin məni (mənasının açıqlanması) istiqamətində ruhun, Nasut aləmindən, Lahut aləminə yüksələn uğurlu cəhdidir!

Füzuli təbirincə desəm, Söz yox ki, bu siyahını, söz çoxluğu hesabına uzatmaq da olar.

"Kürdü" kamil ifa bacarığına malik seçmə, virtuoz xanəndələrə məxsus olan qeyri-adi oxu nümunəsidir ki, onun estetik çalarlarını quru sözlərlə izah etmək uğursuz cəhddir.

Yaqubun "Kürdü"sündəki ifa gözəlliyi və şirinliyi ilə bağlı təəssüratımı Məcnunun kamilliyi barədə Füzulinin qeyri-adi deyimi ilə yekunlaşdırıram:

 

Övsafi-lətafətində söz çox,

Əltafi-məlahətində söz yox.

 

Heç bir ustad yanında şəyirdlik etməyən, musiqi savadı almayan Yaqubun professional ifaçılıq sənətindəki heyrət doğuran uğurları haqqında düşünərkən, Məcnunun, İsa peyğəmbər kimi körpəlikdən kamil olduğunu bəyan edən Füzulinin bu beyti yada düşür:

 

Xurşid kimi kəmaləqabil,

İsa kimi tiflilikdə kamil.

 

Vaxtilə xanəndə Hacı Hüsü söyləyib-iddia edərdi ki: “Səs məndədir, sənət də məndədir!”

Düzdür, Yaqubun zəngin, məlahətli səsi və ifaçılıq mədəniyyətimizin inkişafındakı xüsusi xidmətləri, o cümlədən onun ifaçılıq sənətinə gətirdiyi "dəst-xət" buna imkan versə də, o bunu iddia etməmişdir.

Lakin, bütün yuxarıda qeyd olunanlara istinadən mən tam əminliklə iddia edirəm ki, Yaqub Məmmədov, Ağası (Seyid Şuşinski) və Xanı (Xan Şuşinski) olan muğamatımızın Sultanıdır.

 

Rəhim Müseyibov

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 13.