Avropada yazılan səs

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan yubileylər

 

 Keçəçioğlu Məhəmməd - 150

 

O, məlahətli ifası ilə dinləyiciləri şənləndirər, bəzən də kədərləndirərmiş...

 

Azərbaycanın ecazkar musiqi beşiyi Şuşada zaman-zaman milli musiqi mədəniyyəti xəzinəmizə əvəzsiz töhfələr verən görkəmli sənətkarlar yetişib. Təsadüfi deyil ki, Xalq şairi Səməd Vurğun 1940-cı ildə “Pravda” qəzetində dərc etdirdiyi bir məqaləsində bu barədə yazırdı: “Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar, demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları... Şuşada doğulmuşdur...”.

 

Böyük yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev xatirələrində qeyd edir ki, “XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Qafqazın hansı guşəsində olsaydın, oradakı musiqi məclislərinin ifaçılarını Qarabağdan olduğunu görərdin”. Tanınmış musiqişünas Firidun Şuşinski isə Şuşada formalaşan musiqi ifaçılığını Şərq mədəniyyətinin zirvəsi hesab edərək yazır: “Şuşa Qafqazın konservatoriyası, həm də vokal məktəbi kimi Yaxın və Orta Şərqdə məşhur idi... İtaliya vokal məktəbi Avropada musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq mədəniyyəti tarixində eyni zirvədə dayanır”.

Belə mühitdə dünyaya göz açan Keçəçioğlu Məhəmməd Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan klassik musiqi ifaçılarımızdan biridir. Görkəmli sənətkarın 150 illik yubileyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin 22 aprel 2014-cü il tarixli sərəncamında onun ifaçılıq sənətimizdə xidmətləri yüksək qiymətləndirilir. Qeyd olunur ki, Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında yer tutan Keçəçioğlu Məhəmməd milli musiqinin qədim tarixi köklərə malik zəngin ənənələrini layiqincə yaşadıb, bənzərsiz və unudulmaz ifaçı kimi Azərbaycanın çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə qiymətli töhfələr verib.

“Keçəçioğlu” adı ilə tanınan Məhəmməd Məşədi Xəlil oğlu 1864-cü ildə Şuşada anadan olub. Məşədi Xəlil tanınmış keçə ustası olub. Gənc Məhəmməd musiqiyə olan böyük həvəsi ilə yanaşı, atasından keçəçilik sənətinin sirlərini də öyrənir. Odur ki, xalq arasında Keçəçioğlu Məhəmməd kimi tanınır.

Deyilənə görə, günlərin bir günü görkəmli musiqişünas Xarrat Qulu səhər-səhər evdən fikirli çıxır. Yolu təsadüfən həmin keçəçi dükanının qarşısından düşür. Həzin bir zümzümə onu fikrindən ayırır. Başını yuxarı qaldırıb ətrafa göz gəzdirir. Qarşı tərəfdə ortaboylu, qırmızıyanaq bir gəncin keçə təmizləyə-təmizləyə oxuduğunu görür. O, dost və tanışlarından soraqlayıb bu gəncin kim olduğunu öyrənir. Aradan xeyli vaxt keçəndən sonra bir gün onu yanına çağırır. Danışdırıb hal-xasiyyətinə bələd oluronu öz məktəbinə qəbul edir. Məhəmməd bu məktəbdə Xarrat Quludan, görkəmli xanəndə Məşədi İsidən ifaçılığın sirlərinə yiyələnir. Gənc yaşlarından Şuşanın “Çanaqqala”, “Şəmilin bağı” və “Şəkili bulaqkimi mənzərəli-səfalı yerlərində qurulan məclislərdə çıxış edir, musiqisevərlərin rəğbətini qazanır.

Görkəmli xanəndə Seyid Şuşinski Keçəçioğlu Məhəmmədi belə xatırlayarmış: “Onu görməyib səsini uzaqdan dinləyənlər elə hesab edərdilər ki, oxuyan Məşədi İsidir. Çünki o, oxuduğu muğamlarda Məşədi İsinin vurduğu xalları və guşələri çox ustalıqla təqlid edirdi”.

O, öyrənib bəhrələndiyi müəllimlərinin yolu ilə gedir. Şəhərin musiqi məclislərində və el şənliklərində, eyni zamanda ictimai həyatda fəallıq göstərir. Şuşada Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında təşkil edilən tamaşalardamusiqili səhnəciklərdə çıxışlar edirdi.

1902-ci ildə Bakıya gələn Məhəmməd ilk dəfə çıxış etdiyi konsertdə “Şüştər” muğamını böyük ustalıqla oxuyur. “Kaspi“ qəzeti bu barədə geniş məqalə və bir neçə rəy dərc edir. Həmin rəylərin birində yazılmışdı: “Xanəndə Məhəmməd “Şüştər“ muğamını ürəkdən, incə bir səslə-avazla elə gözəl oxudu ki, dinləyiciləri məftun etdi. Onların böyük hüsnrəğbətini qazandı...”

Həmin konsertdə Məhəmməd FüzulininLeyli və Məcnun“ poemasından duet şəklində bir parça Cabbar Qaryağdıoğlu ilə Keçəçioğlu Məhəmmədin ifasında təqdim olunur. Bu çıxış tamaşaçılar arasında böyük marağa səbəb olur və alqışlarla qiymətləndirilir. Onu da deyək ki, dövrün belə konsert-tamaşaları milli opera sənətimizin yaranmasına da zəmin yaradırdı.

Bakının mədəni həyatı sənətkarı möhkəm tellərlə özünə bağlayır. Buna görə də o, 1904-cü ilin əvvəlində həmişəlik Bakıya köçür. Şəhərin tanınmış tarzənlərindən Məşədi Zeynal, Mərdi Canıbəyov və sonralar Qurban Pirimovla əməkdaşlıq edir, öz üzərində yorulmadan çalışır. Məhz bu zəhmətin sayəsində dinləyiciləri ələ almağı, onları valeh etməyi bacarır.

Araşdırmalarda göstərilir ki, Keçəçioğlu Məhəmməd ifa etdiyi qəzəllərə xüsusi diqqət yetirər, hər nümunəni oxumazmış. Məclisdə dinləyicilərin əhval-ruhiyyəsinə uyğun gedişlər edər, onları gah şənləndirər, gah da kədərləndirərmiş.

Əməkdar artist Cəlilbəy Bağdadbəyov öz xatirələrində yazır: “1905-ci il idi. Bakı toylarının birinə dəvət olunmuşdum. Məclis geniş bir həyətdə qurulmuşdu. Xanəndə Keçəçioğlu Məhəmməd “Üzzaloxuyurdu. Yanımda silahlı bir nəfər oturmuşdu. Hiss etdim ki, o, Bakı qoçularından biridir. Xanəndənin çox ustalıqla oxuması hamını heyran etmişdi. Təkcə yanımda oturan qoçu narahat idi. O, nədənsə hirslənir və tapançanı əlində oynadırdı. Xanəndə bu vəziyyəti görüb İran şairi Sədinin: “Biz başqasını sənin yerinə özümüzə mərhəm görmədik, Sən də Allah xatirinə keçmiş əhd-peymanı unutma” misralarını oxudu. Mən qonşumun hərəkətlərindən narahat olaraq üzümü ona tərəf çevirdikdə o, bu vəziyyətdən istifadə edib dedi: - Keçəçioğlu nə oxuyur? - Mən dedim ki, xanəndə “Üzzaloxuyur və qəzəlin bu iki sətrini ona tərcümə etdim. Qoçu bığlarını eşib dedi: - Eh, heç nə bilmirəm. Bircə onu bilirəm ki, Keçəçioğlunun oxumağı çox xoşuma gəldi...”

Ötən əsrin əvvəllərindən Qafqazda məşhur xanəndə kimi tanınan Keçəçioğlu Məhəmməd “Sport-Rekord” firmasının dəvəti ilə Varşavaya gedir. Yolüstü bir neçə gün Moskvada qalır. BuradaMetropol” mehmanxanasının zalında Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev və Davud Səfiyarovun iştirakı ilə “Şərq konsertiverir. Varşavada Keçəçioğlu Məhəmməd, Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə “Heyratı”, “Rahab”, “Kürdü-Şahnaz”, “Qarabağ şikəstəsi” və s. muğamları, “Gülə-gülə”, “Xuraman”, “Axşam oldu” təsnif və mahnılarını vala yazdırır. Xanəndə bir daha 1914-cü ildə “Ekstrafon” firması tərəfindən Kiyevə dəvət edilir. Burada da bir çox muğamel mahnılarını qrammofon valına yazdırır.

1921-ci ildə o, “Təşviqat qatarı” ilə respublikanın bir sıra rayonlarında olur. Zəhmətkeşlər qarşısında maraqlı repertuarla çıxışlar edir. 1926-cı ildə dahi musiqiçi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O, burada Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski ilə birlikdə gənc xanəndələr yetişdirmək sahəsində birgə fəaliyyət göstərir.

Görkəmli sənətkar bütün ömrünü Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib. Heç bir zaman sevdiyi sənətindən uzaq düşməyib. Keçəçioğlu Məhəmməd 1940-cı ildə, ömrünün müdrik çağında, 76 yaşında dünyasını dəyişib.

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 6.