Qubada “Tələbə baharı” festivalı

 

Quba şəhərindəki “Yaşıl teatrda “Tələbə baharı” festivalının qala-konserti keçirilib. Gənclər və İdman Nazirliyinin 2006-cı ildən ənənəvi olaraq keçirdiyi festivalın budəfəki qala-konserti də tamaşaçıların zövqünü oxşayıb.

 

“Yaşıl teatr”ın səhnəsində çıxış edən tələbələr pop musiqisi, xalq mahnıları, caz musiqisi, klassik musiqi (vokal), estrada musiqisi, rəqs üzrə isə milli rəqslər, müasir rəqslər, bal rəqsləri nominasiyaları üzrə bacarıqlarını nümayiş etdiriblər.

Bildirilib ki, aprelin 2-3-də festivalın seçim mərhələlərində 20-dən çox ali təhsil müəssisəsindən 200-dən artıq tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirib. Seçim turlarından sonra 9 ali məktəbin tələbələri son mərhələdə çıxış etmək imkanı qazanıb.

Qala-konsertin Quba şəhərində keçirilməsi əlamətdar hadisə kimi qiymətləndirilib. Qeyd edilib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihəyə əsasən, internet səsvermənin nəticələrinə görə, Quba şəhəri 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Bununla əlaqədar şəhərdə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Festivalın təşkilində əsas məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaqdır. Asudə vaxtın səmərəli təşkili, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biridir.

Qala-konsertin sonunda müxtəlif nominasiyalar üzrə qaliblər elan olunub, onlara Gənclər və İdman Nazirliyinin mükafatları təqdim edilib.

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 5.