Mədəniyyət və turizm naziri cəbhə bölgəsində vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir. Oktyabrın 31-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağdam rayonunun Quzanlı qəsəbəsində Yevlax şəhər, Ağdam, Goranboy, Xocalı, Bərdə və Tərtər rayonlarından vətəndaşları qəbul edib.

 

Əbülfəs Qarayev bölgəyə səfəri zamanı Ağdam rayonu Xındırıstan kənd musiqi məktəbi üçün nazirlik tərəfindən inşa edilən yeni binada işlərin gedişi ilə tanış olub, Respublika Atçılıq Turizm Mərkəzinin Ağdam filialına baş çəkib.

Nazir həmçinin qonşu Ağcabədi rayonunun Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev-muzeyində, Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına incəsənət məktəbində və 1 saylı şəhər musiqi məktəbində olub.

Qəbuldan əvvəl nazir Əbülfəs QarayevAğdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini və “Şəhidlər” abidə kompleksini ziyarət edərək, önünə gül dəstəsi qoyub, Ağdam Dövlət Dram Teatrının həyətində rayonun sosial-iqtisadi inkişafı, tarixi abidələri və mədəniyyət nümunələri əks olunan stendlərə baxıblar.

Ağdam Dram Teatrının binasında keçirilən qəbula Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 30-dək vətəndaş yazılmışdı.

Sakinlərin müraciətləri yerlərdə muzey, kitabxana, musiqi məktəbi, digər mədəniyyət ocaqlarının fəaliyyətindən bölgədə turizmin inkişaf etdirilməsinə, tarixi-mədəni abidələrin qorunmasınadək bir çox məsələləri əhatə edib.

Vətəndaşlar tərəfindən bəzi təşəbbüslər irəli sürülüb. 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları zamanı işğal olunmuş rayonların muzey eksponatlarının Bakıda səyyar sərgisinin təşkili, Xocalı faciəsi ilə bağlı məlumatların daha geniş miqyasda yayılması ilə bağlı təkliflər səslənib. Tanınmış incəsənət xadimlərinin cəbhə bölgələrinə ezam olunması, Ağdamın məşhur “Şur” ansamblının xarici ölkələrə qastrol səfərinin təşkilinə kömək göstərilməsi, yerlərdəki musiqi məktəblərində saz, balaban, digər musiqi alətləri şöbələrinin yaradılması ilə bağlı müraciətlər olub.

Müraciətlərin bir qismində cəbhəyanı bölgələrdə ayrı-ayrı sahələr üzrə ixtisaslı kadrlara, o cümlədən xoreoqrafiya, rəqs, xor, informasiya-kommunikasiya texnologiyaları müəllimlərinə ehtiyac olduğu qeyd edilib. Nazirliyin xətti ilə yerlərdə mədəniyyət müəssisələri işçiləri üçün mərkəzləşdirilmiş kompüter kurslarının, muzey əməkdaşları üçün təcrübə mübadiləsi məqsədilə ezamiyyətlərin təşkili, Azərbaycan Milli Kitabxanasının mütəxəssislərinin bölgələrə ezam olunması ilə bağlı xahişlər səslənib.

Bərdə şəhərində XVIII-XIX əsrlərə aid abidə olan Şirvanlı hamamının bərpasına kömək göstərilməsi, Yevlax rayonundakı Varvara su hövzəsinin turizm marşrutuna daxil edilməsi, Goranboy rayonunun Meşəli kəndindəki alban abidəsinin təmiri və burada muzey-kitabxananın yaradılması, yerlərdə rəssamların yaradıcılıq emalatxanalarının və kurslarının təşkili, Yevlax şəhər Bəşir Səfəroğlu adına xalq teatrının geyim və digər təchizatına kömək göstərilməsi ilə bağlı müraciətlər də edilib.

Nazir qəbuldan sonra jurnalistlərə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən mütəmadi olaraq keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb. Bütün xahiş və təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini bildirən Əbülfəs Qarayev deyib ki, qaldırılan bir sıra məsələlər nazirlik olaraq bizinarahat edir. Mədəniyyət və incəsənət xadimlərinin cəbhəyanı rayonlara ezam edilməsi, rəssamların əsərlərindən ibarət sərgilərin təşkili, bölgədə turizmin inkişafı, kadr çatışmazlığının aradan qaldırılması kimi müraciətlərlə bağlı müvafiq tədbirlər görüləcək.

Qəbuldan sonra nazir Əbülfəs Qarayevin, nazirliyin məsul işçilərinin, rayonların mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 7.