Fotoqraflar Birliyinin növbəti açıq qapı günü

 

Noyabrın 2-də Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi olaraq hər ayın yekunları ilə bağlı təşkil etdiyi açıq qapı günü keçirildi.

 

Tədbirdə Fotoqraflar Birliyi və Xətai Sənət Mərkəzinin birgə layihəsi olan fotomüsabiqənin oktyabr ayı üçün (Ailə mövzusunda) nəticələri açıqlandı. Bildirildi ki, bu dəfə müsabiqəyə 13 fotoqrafın işləri təqdim olunub. Ramiz Tarverdiyev, Fərid Məmmədov və Rauf Umudovdan ibarət münsiflər heyətinin qiymətləndirməsinə əsasən, I yerə İradə Qədirova, II və III yerlərə Ruslan Məmmədov və Fərqanə Qasımlı layiq görülüb.

Sonra Özbəkistanda keçirilmiş foto festivalda uğurla iştirak etmiş İlqar Cəfərov, Arzu Mürvətova və Zemfira Mahmudovanın işlərindən ibarət təqdimat oldu.

Tədbirdə İRS nəşriyyat evi, İRS beynəlxalq jurnalının redaksiya heyəti və Fotoqraflar Birliyinin birgə layihəsi olan Mənim Bakım fotomüsabiqəsi haqqında məlumat verildi. 2015-ci ilin yayında Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarına həsr olunan müsabiqənin nəticələri dekabrın 10-da elan ediləcək, münsiflər heyətinin seçdiyi ən yaxşı işlər İRS nəşriyyatı tərəfindən hazırlanan Bakı simfoniyası fotoalbomunda dərc ediləcək.

Birliyin sədri Mirnaib Həsənoğlu Photo-school.eu online məktəbi haqqında danışdı. İlin fotoqrafı-2014 mükafatlandırma tədbirinə hazırlıq barədə məlumat verildi. Tədbir dekabrın 20-də Nizami Kino Mərkəzində keçiriləcək.

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 7.