Dünyanın teatr mütəxəssisləri Bakıda görüşür

 

III Beynəlxalq Teatr Konfransında 40-dan çox ölkədən nümayəndə iştirak edir

 

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramında müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın təşkili nəzərdə tutulub. Proqramın müvafiq bəndinin icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2010-cu ildə Bakıda beynəlxalq teatr layihəsinin əsası qoyulub.

 

2010-cu il 7-8 noyabr tarixində paytaxtımızda ilk dəfə keçirilən «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» mövzusunda beynəlxalq teatr konfransına 30-dan çox ölkədən 60-dan artıq mütəxəssis qatılıb. 2012-ci il 5-6 noyabr tarixində gerçəkləşən II Beynəlxalq Teatr Konfransında Avropa, AmerikaAsiya ölkələrindən 80-dək qonaq iştirak etmişdi.

Bu ənənənin davamı olaraq noyabrın 5-də Azərbaycan Dövlət Musiqili Teatrında III Beynəlxalq Teatr Konfransı başlanır. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən konfrans «Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri» mövzusuna həsr olunub.

Noyabrın 4-də Dövlət Musiqili Teatrında keçirilən mətbuat konfransında beynəlxalq tədbirin gündəliyi, iştirakçıları, nəzərdə tutulan seminar və görüşlər barədə məlumat verildi.

Konfransda ilk olaraq mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək artıq ənənə halını alan beynəlxalq tədbirin əhəmiyyəti, teatr əlaqələrinin inkişafı haqqında danışdı. Bildirdi ki, dünya teatr sənəti çevrəsində getdikcə daha böyük nüfuz qazanan, öz ətrafına yeni qurum və ölkələrin teatr təmsilçilərini toplayan konfransda dünya teatr prosesini düşündürən məsələlərə geniş yer verilir. Buna görə də hər növbəti tədbir iştirakçı sayının artmasına, eyni zamanda müzakirə olunan mövzuların əhatə dairəsinə görə fərqlənir. Budəfəki konfransda 40-dan çox ölkədən 110-a yaxın məşhur teatr mütəxəssisinin, incəsənət xadiminin iştirakı gözlənilir.

Nazir müavini son illər Azərbaycan teatrının əldə etdiyi uğurlar, teatr sahəsinə dövlətin diqqət və qayğısı, bunun nəticəsi olaraq ardıcıl şəkildə reallaşan irimiqyaslı layihələr barədə də qısa məlumat verdi. Vurğulandı ki, teatrlarımızın beynəlxalq teatr mühitinə inteqrasiya imkanları ilbəil artır, ümumilikdə ölkəmizin mədəniyyət siyasətində teatrın təbliğatı işi əsas prioritetlərdən biri kimi önə çəkilir. Bunun nəticəsi olaraq Azərbaycan teatrla bağlı əsas beynəlxalq təşkilatlarda təmsil olunur, bu qurumların tribunalarında milli teatrımızın təmsilçiləri öz sözlərini deyir, fikirlərini bölüşürlər.

Ədalət Vəliyev beynəlxalq konfransda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA), Beynəlxalq Teatr İnstitutu (İTİ), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (OİSTAT), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası (İFTR) kimi nüfuzlu təşkilatların rəhbər şəxslərinin iştirak edəcəyini, plenar iclaslarda müəyyən edilən mövzular üzrə nüfuzlu mütəxəssislərin məruzələrinin dinləniləcəyini diqqətə çatdırdı.

Sonra nazir müavini Ədalət Vəliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşa Rau (Hindistan), Litva Dövlət «Trimistra» Konsert və Nəfəs Alətləri Orkestrinin rəhbəri, Litva MusiqiTeatr Akademiyasının professoru Devidas StaponkusABŞ-dan olan teatr rəssamı İosif Yusupov dünya teatr prosesi, beynəlxalq teatr əlaqələrinin hazırkı vəziyyəti, müasir dünya teatrının qarşısında duran vəzifələr, beynəlxalq konfransların bu xüsusda rolu barədə jurnalistlərin suallarını cavablandırdılar.

 

Həmidə

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 2.