Füsunkar, ecazkar...

 

Tofiq Quliyev ad-soyadlı, əbədi sənət dünyalı təkrarsız nəğməkar!

 

On dörd ildir cismi o dünyalı, ismi isə əbədi olaraq bu dünyalı bənzərsiz bəndə, gözəl və özəl bəstəkar...

“Gedər bir gün bu gözəllik, sənə də qalmaz” deyilir mahnılarının birində. Bu dünyaya qoyub getdiyi qeyri-adi gözəllik, bənzərsizlik isə həmişəlik!

Erkən yaşlarından bünövrələmişdi bu əbədiliyi Tofiq Quliyev. 83 illik ömrün ilk notundan son akkordunadək cılxa Qədim, tam Müasir və əbədi Yeni Tofiq Quliyev!

 

Bu korifeyin zəngin irs “trofey”i tam izahata, sözə-sitata gələn deyil. Olsa-olsa, dövri mətbuatın, tele-kino xronikaların vasitəsilə müəyyən hala gəlmək ola ya olmaya. Yəni, ümummilli lider Heydər Əliyevin ona qeyri-adi vurğunluğunu, 80 illik yubileyində onu necə hərarətlə bağrına basması faktlarını göz önünə gətirməklə. Dünyalarca məşhur Solovyov-Sedoyun “Tofiq Quliyev kimdir” sualına: “Mənim “Moskva axşamları”mı öz “Bakı - əziz şəhər” şedevrinin kölgəsində qoymuş gənc bakılı dahicavabının dərinliyinə getməklə. Rəşid Behbudovun “Neçə illərdir Azərbaycanın, xüsusən Bakının mədəniyyət-musiqi nəbzi Tofiq Quliyev ritmi ilə döyünürheyrətini xatırlamaqla...

Tofiqin sənətə gəlişi Üzeyir Hacıbəyli fenomenli, Asəf Zeynallı ultralı, Qara Qarayev neo-mogikanlı, total Sovet polifonikli dövrə təsadüf etsə , o, “hamı kimi”liyə uğramadı. Elə bir majorital Təzə oldu ki, analar daha belə bir tər-təranəlisini doğmayınca, yenilməz Yeni olaraq da qalacaq.

Onun zövqləri cənnətə aparan, qəlbləri riqqətə, sümükləri oynağa gətirən musiqiləri haqda hər kəs öz dilinə, qələminə çox söz gətirdiyi kimi, -

 

Mən :

 

...Tofiq Quliyev rübabında meloatəş”lərdən hürküşmədən düzümlənən uçar-qaçar səfləri - bülbüllər solist, ceyranlar marafonist...

...Tofiq Quliyev notlarında meloqamçı”lardan cıdırlanan ilxılar, forte nişan-namçılardan yurtalanıb-çadırlanan, tərəkəməliyi tərk edib xalqlaşan, mədəniyyətlənib-millətləşən tayfalar - Qıratlı türkzatlar öndə!..

Daha ? Onun - sayı hesabsız, sanbalı çox, sonu yox partituraməmləkət”ini sözlə ifadə edib başa vurmaq mümkünmü?..

...Bu kompleksal-universal sənətkarın oturuş-duruşu, üz-gözü, sözü-söhbəti, təhər-tövrü musiqilərinə bənzəyirdi. Ömrü isə onlardan ikisini daha çox ehtiva edirdi: “Gecələr uzun...” “Sənə qalmaz”...

Birinci mahnıya xəyallandığımız anlarda gözlərimiz önünə vüsal həsrətilə yanan əzəli-əbədi can-cananlıq dəmləri gəlirsə, ikincinin ahıllıq ah-vahlarına dalanda XX əsrin əvvəlləri - onun doğulduğu 1917-ci il, “Çadrova” küçəli, “Tarqovı” dardalanlı Bakı da canlanır. Birincidə çox uzunömürlü əsərlər fonunda çox füzun gecə-gündüzlər, ikincidə eyhamlı giziltilər: bütün yaradıcı ömrü uzunu məclislərin yuxarı başında, xüsusi diqqət-məhəbbətlər nişangahında olan belə bir sənətkar haçansa... gələr bir gün, bu növraqlar ona da qalmaz?!.

Amma bəşər üçün yazılmış bu əbədi qanunun əsl sənət adamlarına dair “maddə”sinə görə, heç darılmağa dəyməz. Belələrinin cismi müvəqqətidir, ismi isə əbədi! Belə bir ismə yiyələnməkçünsə, gərək dünyaya göz açandan ətrafına Tofiq kimi nur saçasan, fəhm-fərasət göstərəsən. Təbii istedadla həyati çaba-çalışmalar hesabına yeni ladlar, zövq çövhərli məhsullar yaradasan. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki məktəbə gedib, 17 yaşında Konservatoriyaya qəbul edilə, “ən diribaş, zirək, yüksək qavramlı” tələbə adı qazanıb, İttifaq şöhrətli müəllim-mütəxəssislərin siniflərində fortepiano dirijorluq dərslərinə “si” sürətilə yiyələnib, həmin ali məktəbi ikicə ilə bitirə biləsən! Bu faktlar sonralar onun dəstələyib-bəstələdiyi bir sıra super-şıdırğı taktlarını xatırladır.

Üzeyir bəyin xüsusi təşəbbüsü ilə təhsilinə davam üçün Moskva Dövlət Konservatoriyasına göndərilən 20 yaşlı Tofiq, orada fürsəti fövtə verməyib, adlı-sanlı bir orkestrdə diqqət mərkəzinə düşən pianoçu kimi fəaliyyət göstərir. İyirmi üç yaşında Bakıya qayıdıb, “Qırmızı ordu” ansamblını yaratmaqla, öz qabil “mən”ini elan etmiş olur. Bu ansamblçün vətənpərvər ruhlu mahnılar, döyüşkənlik mayalı marşlar yazır. Səs-sədası tezliklə hər yana yayılan ruhlandırma elementlərinə çox ehtiyaclı bir dövrdə (1943) ikiyə ayrılıb, ayrı-ayrı diviziyalarda çalışmalı olan bu ansamblın “Qırmızı donanma” bölümünün rəhbəri olur.

Qələbədən dərhal sonra bu aqil gəncin qəlbində sənət qələbəliyi başlayır. Gəncliyin ilk baharında geyinməli olduğu hərb-zərb mundirindən “təğyiri-libas” olub, rübabını həmişəyaşar nəğmələr, mahnılar, kantatalar üstə kökləyir. Sülhsevər sənətkar qəlbi yenidən coşur hələ on il əvvəl (18 yaşında!) bəstəkar Zakir Bağırovla birgə fortepiano variasiyalarını işlədiyi “Rast”, “Segah”, “Zabul”, “Dügah” halətlərinə düşür. “Azdram”, “Rusdram”, “Gənc tamaşaçılar” digər teatrların afişalarında “Musiqisi Tofiq Quliyevindir” sözləri yazılır bu imza yaddaşlara birdəfəlik həkk olunur.

bu ad-soyad -

 

Titrlərdə...

 

Onun kino musiqiləri bitib-tükənmək bilməyən bir serialdır. Səksən üç il yaşamış bu sənətkarın adı yetmiş üç filmə düşüb. Həmin filmlərin hamısı haqda nəinki danışmaq, heç adlarını sadalamaq belə bu yazılıq deyil. Amma... hələ qeyri-məşhur yaşlarında - 23-ündə məşhur “Səbuhi” filminin musiqisini yazmış bu bəstəkarın, heç olmasa, on iki kino işini sadalayım: “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “Nəsimi”, “Dərviş Parisi partladır”, “Qaynana”, “Tənha narın nağılı”. Bu filmlərin bir çoxundakı bəzi fraqmentlərin vizual-emosional təsirbni birə-beş artıran musiqi parçalarının birini - “Bəxtiyar”dakı şən xalları, şux notları yada salaq. “Bəxtiyar”laşmış Rəşid Behbudovun “do”dan “lya”ya qalxıb-düşən həqiqi rəmzi ifa variasiyalarını, “xalalar”ın əndirəbadi duetlərini, tutma balerin balerinanın məlum “korafəhim” pianoçunun müşayiətilə rəqslərinin musiqi bəzək-düzəyini, dəniz neftçilərinin “la-la, la-la-la!” nidalarını xatırlayaq...

Bəs “Ögey ana”?! Bu sual-nidalı təəccübümə həmin filarmonik filmin musiqi müəllifinin “musiqi dili” hikmətindən başlamaq istəyirəm. O filmlərdən birindəki xitab olmasın, - “Ögey ana” həmin musiqi fraqmentləri mahnılarsız təsəvvür edənləri bağışlamaq olarmı?! Həmin musiqi parçaları İsmayılın ürəkparçalayıcı “ana, anacanfəryadlarından da yanıqlı təsirli çıxmırmı? Bu musiqi dili ssenari dilinin adekvat paraleli deyilmi? Əvvəlki ömür fəsillərini qış kimi qaş-qabaqla yaşamış İsmayıl. bir yaz günü üzünə gülüş qonan İsmayıl... Bəyəm o yetimin dərdini ssenaristdən, rejissordan, operatordan, doğma atadan, onun məhəbbətini qazanmaqçün özünü oda-közə vuran ögey anadan daha çox aça bilən ən məharətli Obraz orada sədalanan Musiqi deyilmi? Hələ meşədə üzü bizə tərəf irəliləyərkən əlindəki dirijor çubuğuvari ağac budağının sehrilə səslənən ilahi taktları, o təbiət-filarmoniyada “Quş-lar, quş-lar, qəşəng o-xu-yursözlərinə qüvvət kimi gurlayan “bəh-bəhləri demirəm!

Amma... adamın könlünə çox incə mətləblər pıçıldayan bu zər, bu zərif nəğmələr haqda -

 

desən , yazsan da...

 

onların yarı-parasını belə ifadə edəsi deyil. Bunlar çox çətin görünən şəffaflıqlardır. Bu çox aydın sənətkarın apaydın musiqiləri içərisində bəzi şıdırğı nümunələri layiqincə qavrayıb mənimsəmək qədər çətin. O nümunələr elə dahiyanə düşünülüb, ustadanə yazılıb ki, bunları orijinalındakı üslubunca “oxumaq” olmur.

“Hər oxuyan Molla Pənah ola bilmədiyi” kimi, “hər dinləyən Tofiqi-agah ola bilməz” deyib, başlayaq onu dinləməyə...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 13.