Bəstəkarlar İttifaqında dəyirmi masa

 

Noyabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında qurumun 80 illiyinə həsr olunan musiqi festivalı çərçivəsində dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə noyabrın 1-dən davam edən musiqi festivalında bəstəkarlıq məktəbimizin uğurları, yaradıcılıq axtarışlarının bir daha nümayiş olunduğunu bildirdi. Qeyd olundu ki, festival çərçivəsində paytaxtın konsert salonlarında maraqlı musiqi axşamları təşkil olunub, müxtəlif janrlarda əsərlər səslənib. Festivalda xarici ölkələrdən musiqişünas və bəstəkarlar da iştirak edirlər.

Tədbirdə daha sonra Almaniya, Özbəkistan, İtaliyadan gəlmiş musiqişünas və bəstəkarlar, Azərbaycandan Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə və başqaları çıxış etdilər.

Çıxışlarda festivalın çox yüksək səviyyədə təşkil edildiyi qeyd olundu. Bildirildi ki, konsertlərdə bir növ ənənəviliklə müasirlik birləşirdi. Klassik Azərbaycan bəstəkarlarının, dünya klassiklərinin, eləcə də gənc yaradıcıların əsərləri maraqla və yüksək peşəkarlıqla ifa olunurdu. Bütün bunlar onu göstərir ki, Azərbaycan bəstəkarlıq məktəbi daima axtarışda və inkişafdadır.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 11.