Ağdam uşaq muğam musiqi məktəbində Keçəçioğlu Məhəmmədin yubileyi

 

Noyabrın 5-də Xan Şuşinski adına Ağdam rayon uşaq muğam musiqi məktəbində görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

 

Qeyd edək ki, zəngin tarixi və sənət nailiyyətləri olan bu tədris ocağı hazırda Bakının Biləcəri qəsəbəsində, Qamət Abbasov adına 284 saylı tam orta məktəbdə yerləşir. Yubiley gecəsi “Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2014-cü il tarixli sərəncamına əsasən təşkil olunmuşdu.

Tədbirdə xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Ramiz Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Əvvəlcə gecənin aparıcısı - Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Azad Şükürov çıxış edərək Keçəçioğlu Məhəmmədin həyat və yaradıcılığından, muğam sənətimizdəki yerindən, Qarabağ muğam məktəbinin inkişafında göstərdiyi xidmətlərdən danışdı. Bildirdi ki, bu gün musiqimizin, muğamımızın beşiyi olan Qarabağ yağı düşmənin işğalı altındadır. Bu, həyatımızın ən acı qisməti, taleyidir. Bir vaxtlar Ağdamda fəaliyyət göstərən bu musiqi məktəbi də bu gün köçkün həyatı yaşayır: “Amma biz inanırıq ki, gün gələcək, yurd yerlərimiz işğaldan azad olunacaq, bu musiqi məktəbi də yenidən öz doğma məkanında, Ağdamda fəaliyyət göstərəcək. O zaman Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin və neçə-neçə muğam ustadlarımızın da ruhu rahatlıq tapacaq”.

Yubiley tədbirində çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova doğma Qarabağı, Ağdamı ürək ağrısı ilə xatırladı. Bildirdi ki, Azərbaycan musiqisinin beşiyi olan Qarabağ musiqi mədəniyyətimizə, muğam sənətimizə görkəmli sənətkarlar bəxş edib. Qarabağın “Azərbaycanın musiqi konservatoriyası” adlandırılması da təsadüfi deyil.

Rayon ağsaqqalları adından çıxış edən Səlim Əzimov gecənin təşkilini yüksək qiymətləndirdi, ağdamlıların bir araya gəlməsində belə mədəniyyət tədbirlərinin böyük rolunu vurğuladı: “Doğma torpaqlarımızdan didərgin düşsək də, xalqımızın mədəni dəyərlərini, milli musiqisini qoruyuruq. Keçəçioğlu Məhəmmədin yubileyinin bu musiqi məktəbində keçirilməsi, məktəbin kollektivinin fəal çıxışı buna bariz nümunədir”.

Daha sonra çıxış edənlər Qarabağ muğam məktəbinin böyük sənətkarları sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmmədin milli musiqimizin qədim tarixi köklərə malik ənənələrini layiqincə yaşatmasından, klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyət xəzinəsinə verdiyi qiymətli töhfələrdən söz açdılar. Həmçinin tədbirin yüksək səviyyədə təşkil olunmasına görə musiqi məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmova təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, yubiley gecəsindəki çıxışları musiqi məktəbi şagirdlərinin ifasında muğamlar, təsniflər, xalq mahnıları əvəz edirdi. Tədbir məktəbin yetirmələrinin ifasında konsert proqramı ilə başa çatdı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 11.