Çini kuklaların ecazkar aləmi

 

Muzey Mərkəzində rusiyalı rəssamın sərgisi

 

Noyabrın 5-də Muzey Mərkəzində məşhur rusiyalı rəssam, “Aleksandra” şirkətinin təsisçisi Aleksandra Kukinovanın çini kuklalar sərgisinin açılış mərasimi oldu.

 

Sərgi Bakıda fəaliyyət göstərən və regionun yeganə profilli sənət məkanı olanKuklaart qalereyasının təşəbbüsü ilə ərsəyə gəlib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Sərginin açılışında çıxış edən “Kuklaart qalereyasının rəhbəri, sənətşünaslıq doktoru Lalə Kazımova rusiyalı rəssamın yaradıcılığı barədə məlumat verdi. Bildirdi ki, Aleksandra Kukinova Çexov adına Moskva Akademik Bədii Teatrının məktəb-studiyasının məzunu, Rusiya Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatıdır. Onun işləri müxtəlif kukla sərgilərində nümayiş etdirilib, Rusiya, İtaliya, Fransa, Almaniyabaşqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır, Boston Zərif Sənətlər Muzeyinin (ABŞ) daimi ekspozisiyasında sərgilənir.

Sonra Aleksandra Kukinova çıxış edərək sərginin təşkilinə görə “Kuklaart qalereyasına təşəkkürünü bildirdi. Qeyd etdi ki, ekspozisiyada çini kuklalarla yanaşı, çinidən hazırlanmış kolleksiya miniatürləri də sərgilənir. Müəllif zərif çini işlərini biskvit kimi çox mürəkkəb texnikada hazırlayır, təbii ipək geyimlər, vintajlı faktura, tikmə, applikasiya, muncuqla dekor elementlərindən istifadə edir.

Rəssamın təsisçisi olduğu "Aleksandra" şirkəti rəssam, heykəltəraş, dizayner, dərzi və s. ustaların fəaliyyət göstərdiyi müəssisədir.

Mərasim iştirakçıları rəssamın əl işləri ilə maraqla tanış oldular. Sərgidə A.Kukinovanın 13 çini kukla, eləcə də kolleksiyalı çini miniatürləri yer alıb.

Suallarımızı cavablandıran rəssam Bakıya ilk dəfə gəldiyini bildirdi: “Bakının əsl sənət mərkəzi olduğunun şahidi oldum. Əfsus ki, mən buradakı kukla ustaları ilə o qədər də tanış deyiləm. Təkcə Pərviz Hüseynovla tanışlığımız var. Artıq 25 ildir kukla sənəti ilə məşğulam. Kukla sənətinə marağım məktəb illərindən yarandı. Məktəbimizdə kukla teatrı yaratmışdım. Kuklaları da özüm tikirdim. Sonra teatr rəssamlığı (səhnə geyimləri) üzrə təhsil aldım. 1988-ci ildən başladım art kuklalar yaratmağa. Bu zaman ixtisasımla uşaqlıq arzularımı reallaşdırmış oldum. Hazırda Amerikanın, Avropanın tanınmış sərgilərində işlərim nümayiş olunur”.

Həmsöhbətim bildirdi ki, ərsəyə gətirdiyi sənət nümunələri arasında hətta istəməsə belə öz xarakterinin cizgilərini yaratmış olur: “Rəssam bütün işlərində özünü göstərir. Ən sevimli kuklam isə Moskvada qalıb. O, “Yağış kukla” adlanır. Bir kuklanın yaradılmasında heykəltəraşlar 1-3 ay, modelyerlər isə 1 aydan çox işləyirlər. Mən isə rəssam kimi eskizləri verirəm. Bundan sonra prosesi başlanır. Bir ildə beş kukladan artıq nümunə yarada bilmirik. Çünki bu çox çətin və incə bir işdir. Bir kukla nümunəsindən maksimum 20 dənə hazırlayırıq. Nadir hallarda eksklüziv nümunələr də yaradırıq”.

Sərgi noyabrın 8-dək nümayiş olunacaq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 8.