Dünyanın teatr peşəkarları Bakıda bir araya gəldilər

 

Müasir dövrün teatr problemlərinin geniş müzakirəsinə, müxtəlif ölkələrdən peşəkarların bir araya gələrək çağdaş teatr modelləri ətrafında fikir mübadiləsi aparmasına imkan yaratmaq, bu sahədə inteqrasiya meyllərini gücləndirmək missiyası yenə Azərbaycanın mədəniyyət təmsilçilərinin üzərinə düşdü. Paytaxt Bakı artıq üçüncü dəfə beynəlxalq teatr konfransına ev sahibliyi etməklə dünyanın mədəni xəritəsində yerini, vacib mövqeyini bir daha nümayiş etdirdi.

 

Noyabrın 5-də Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə III Bakı Beynəlxalq Teatr Konfransı işə başladı.

«Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına əsasən təşkil olunan ənənəvi forum bu dəfə müasir dünyada teatr qarşısında duran vacib mövzuya həsr olunub: “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri”. Beynəlxalq konfransa ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, Hindistan - ümumilikdə 40-dan çox ölkədən 110 nəfərədək tanınmış mütəxəssislər, teatr tənqidçiləri, rejissorlar, teatr rəssamları, xoreoqrafdramaturqlar qatılıb.

III Bakı Beynəlxalq Teatr Konfransının açılışından öncə iştirakçılar Fəxri xiyabana gələrək, ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə tər çiçəklər düzüldü. Sonra qonaqlar Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər.

 

Konfrans Azərbaycanda mədəni inteqrasiya, multikulturalizm kimi dəyərlərə həssas münasibətin sübutudur

 

Azərbaycanın hökumət və dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin diplomatik korpus təmsilçiləri, mədəniyyət, incəsənət xadimləri və çoxsaylı media mənsublarının qatıldığı açılış mərasimində ilk olaraq I və II Beynəlxalq Teatr Konfransı barədə videomaterial nümayiş etdirildi.

Mərasimdə təbrik nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ənənəvi tədbirin yenidən teatr peşəkarlarını bir araya gətirməsindən məmnunluğunu ifadə etdi. Bakının qızılı payız günlərində konfrans iştirakçılarını yenidən bir arada görməyin çox xoş olduğunu deyən nazir, əvvəlki konfranslar kimi, bu tədbirin də nəticələrinin faydalı olacağına əminliyini bildirdi: Konfrans dünya teatr aləmində, eləcə də ölkəmizin mədəni həyatında dəyərli bir hadisədir və təbii ki, yaradıcı ictimaiyyət tərəfindən maraqla izlənilir. İnanıram ki, çox dəyərli ənənəyə çevrilən beynəlxalq tədbir çərçivəsində görkəmli teatr biliciləri əldə olunmuş yaradıcı uğurlara nəzər salacaq, yeni təcrübələri bölüşəcək, səhnə sənətinin müasiraktual estetik problemlərini elmi-nəzəri və yaradıcılıq kontekstində dərindən araşdıracaqlar. Əvvəlki iki konfransın ümumi proseslərə təsiri, eyni zamanda 140 illik peşəkar ənənələrə sahib olan Azərbaycan teatr sənətinə əhəmiyyətli diqqət və marağı nəzərə alaraq deməliyəm ki, teatr bilicilərinin Bakı görüşü uzun illər davam edəcək. Çünki teatr Azərbaycanda estetik və mənəvi missiya daşımaqla geniş kütlələrə nüfuz etməyi bacaran ən önəmli incəsənət növlərindən biridir. Təbii ki, bu konfrans Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm, tolerantlıq kimi qlobal dəyərlərin inkişafına həssas münasibətin əyani sübutudur. Çünki dövlətimizin mədəniyyət siyasətində əsas məqsədi xalqlar, millətlər arasında körpülər qurmaq vəzifəsi və müxtəlif irqə, dinə, dilə mənsub insanları humanist fəlsəfə ətrafında birləşdirmək amilidir”.

Konfransda dünyanın tanınmış teatr mütəxəssislərinin toplaşdığını deyən nazir sənət adamlarının məram və məqsədinin yaradıcı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq çərçivəsində çağdaş teatr problemlərinin həllinə yardımçı olmaq və dünya teatr səhnəsində növbəti inkişaf istiqamətlərini müəyyənləşdirmək olduğunu diqqətə çatdırdı.

Azərbaycanda teatr sənətinin zəngin tarixindən də söz açan Əbülfəs Qarayev hazırda ölkədə 26 dövlət, bələdiyyə, özəl teatrın fəaliyyət göstərdiyini dedi. Son illər Azərbaycanda yeni teatr təsisatlarının yaradılmasına xüsusi diqqət yetirildiyinivurğulayan nazir bu sırada “Üns” yaradıcılıq səhnəsini xüsusilə qeyd etdi.

Bildirildi ki, bu gün Azərbaycan Beynəlxalq Teatr İnstitutu, Kukla, Uşaq və Gənclər, Musiqili teatrların beynəlxalq assosiasiyalarında təmsil olunur.

Ulu öndər Heydər Əliyevin teatr sənətinə daim böyük məhəbbət bəslədiyini vurğulayan nazir milli mədəniyyətimizin müasir inkişafının onun adı ilə bağlı olduğunu dedi. Bu gün həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir, teatr sənətinin yüksəlişinə xidmət edən mühüm dövlət sənədləri qəbul olunur.

Bu gün Azərbaycanda qaynar mədəni həyat yaşandığını söyləyən Əbülfəs Qarayev ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq tədbirlərin Azərbaycanı dünyanın böyük mədəniyyət mərkəzlərindən birinə çevirdiyini qeyd etdi.

Nazir işğal altında olan Azərbaycan torpaqlarında məhv edilmiş mədəniyyət abidələri və ocaqları barədə də danışaraq, bu dağıdıcı proseslərin teatr sənətimizdən də yan keçmədiyini diqqətə çatdırdı, qaçqın həyatı yaşayan, əmlakı talan edilən teatrlarımızın hazırkı vəziyyəti barədə məlumat verdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev III Bakı Beynəlxalq Teatr Konfransının mövzusunun aktuallığına diqqət çəkdi. Bildirdi ki, bu gün həqiqətən də Azərbaycan multikultural bir məkana çevrilib. Multikulturalizm anlayışını həm bəşəri, həm də milli dəyərlərin eyni vaxtda mövcud olması kimi səciyyələndirən Kamal Abdullayev bunu ən gözəl və əyani surətdə həyata keçirən məkanın məhz teatr olduğunu vurğuladı.

 

Dünya teatr sənəti qarşısında ümumi çağırışları müzakirə edəcəyik

 

Azərbaycanın teatr sənəti nümayəndələri ilə sıx dostluq münasibətləri qurduğunu söyləyən Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jak Trüdo isə çıxışında Bakı konfransının əhəmiyyətindən danışdı. UNİMA-nın müxtəlif ölkələrdəki milli mərkəzlərinin nümayəndələrinin burada bir araya gəldiyini deyən qonaq bildirdi ki, konfransda teatr sənəti qarşısında ümumi çağırışları, həyata keçirə biləcəyimiz layihələri müzakirə edəcəyik. Müzakirə olunacaq məsələlərin çağdaş teatrın inkişafı, yenilənməsi baxımından hamımız üçün faydalı olacağına inandığını dedi.

Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardikonfransda multikulturalizmlə bağlı zəngin fikir mübadiləsinin aparılacağına ümid bəslədiyini qeyd etdi, müzakirələrin dünya teatr prosesinə müsbət təsir göstərəcəyini bildirdi.

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais isə Bakıya növbəti səfərindən məmnunluğunu dilə gətirdi. Təmsil etdiyi təşkilat barədə məlumat verən qonaq assosiasiyanın 60-dan çox ölkədə fəaliyyət göstərdiyini və qurumun tədbirlərində Azərbaycanın da yaxından iştirak etdiyini dedi.

Beynəlxalq Teatr Rəssamları, Memarları və Texniki İşçiləri Təşkilatının prezidenti Luis Yansen konfransda rəhbərlik etdiyi qurumla bağlı təqdimatların olacağını diqqətə çatdırdı, bu kimi konfransların yaradıcı mübadilə üçün əhəmiyyətindən danışdı.

Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor çıxışına ölkəmiz haqqında xoş sözlərlə başladı, Azərbaycanın həyata keçirdiyi beynəlxalq teatr layihələrində iştirakdan qürur duyduğunu dilə gətirdi. Bu tədbirlərin birgə layihələrin reallaşmasına öz töhfəsini verəcəyinə inamını ifadə etdi.

Çıxışlardan sonra konfrans işini bölmə iclasları ilə davam etdirdi.

 

Həmidə Rüstəmova

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 3.