Xarici diplomatlar Qəbələ və İsmayıllıda

 

Xəbər verdiyimiz kimi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün bölgələrə tanışlıq turu təşkil edilib.

 

Xarici diplomatlar şimal-qərb marşrutu üzrə səfər çərçivəsində Qəbələ və İsmayıllı rayonlarının turizm imkanları, sosial-iqtisadi inkişafı, mədəni həyatı ilə tanış olublar.

Qonaqlar əvvəlcə Qəbələ rayonundakı “Tufan” dağ-xizək istirahət kompleksində olublar. Onlara kompleks haqqında məlumat verilib. Bildirilib ki, istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, digər xidmətlərdən istifadə etməyə imkan verir.

Sonra diplomatlar rayonun Nic kəndində qədim Alban kilsəsinin bərpadan sonrakı vəziyyəti ilə tanış olublar. Nümayəndə heyəti Çuxur Qəbələ kəndi ərazisində aparılan arxeoloji qazıntı işləri və orada aşkar edilən maddi-mədəniyyət nümunələrinin nümayiş olunması üçün yaradılan yeni muzeyə də baxıblar. İsmayıllı rayonuna gələn diplomatlar Zərifə Əliyeva adına parkda, Mədəniyyət Sarayında olublar. Burada yerli musiqiçilərin ifasında konsert proqramı təqdim olunub. Qonaqlar rayonun İvanovka kəndinə baş çəkiblər, yerli folklor qrupunun ifasını dinləyiblər. Nümayəndə heyəti Hacıhətəmli kəndində yerləşən şərab zavodunda da olublar.

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 2.