Balaş Azəroğlu

 

Doxsan il yaşayan, yetmiş ildən çox yazıb-yaradan və sonsuz illərə qalan şair

 

Gözünü işıqlı dünyaya açar-açmaz, üzü zülm-zülmətlər görmüş, sonralar özü üçünazad düşüncələr məmləkəti” qurası qələminə sarılanadək “siyasi-ictimai işgəncələr səltənəti” yaratmışların ələminə düşmüş poeziyademokratiya mübarizi -

Balaş Azəroğlu...

 

Bəli, əbədi hisslər, duyğular qoşusu olan poeziyaali yaşam aləmi olan demokratiya mübarizliyi. O, bu dəyəri gözəl yaradıcılığı, çox nüansda aldanılsa da, halal çabaları ilə qazanıb. Axı o özü də xalqını həmişə, hər poema və şeirində yüksək qiymətləndirib, ürəkdən vəsf edib, sözünün gücü, fikrinin tacı bilib. Səhifələri poetik müdriklik, haqq-xalq təəssübkeşliklərilə süslənmiş kitablarının adları belə Vətən, xalq, milli və şəxsi “mən”ilə bağlı duyğular, düşüncələr dadır...

 

Mən hicranla dolu ömür sürmüşəm,

Min əzab çəkmişəm, min qəm görmüşəm.

Axıb leysan kimi gözümün yaşı.

Fəqət qurtarmışam dardan, çətindən

Tək sənin eşqinlə vətən, ey vətən.

 

Qələmlər...

 

Bu şairi də mütaliə etdikcə, əsl ədib qələmlərinin bütün digər qələmlərdən fərqləndiyinin fərqinə varmamaq olmur. Yalnız öz dövrlərini ifadəylə, sahiblərinin şəxsi feyzya dərdlərini izhar etməklə kifayətlənməyən bu karandaşlar kağızların “o tayındakı” küll-vətəndaşların da mənəvi rifahının məsuliyyətini daşıyır, öz yiyələrinin tənhalıq gecələrindən çəkdikləri şirə-həblərlə milyon-milyon aşiqin, min-min vətənpərvərin dərdinə məlhəm olmağa çalışırlar. Məsələn, aşağıdakı bu bir bənd uzun illər mənim, sənin, onun - hamının həsrətini ifadə etməyibmi:

 

Mən bu ayrılığa bir ömür dözdüm,

Saçım, saqqalım da ağarmış, Təbriz.

Hər yerdə, hər yanda mən səni gəzdim,

Ayrılıq nə yaman olarmış, Təbriz!

 

Ədiblikdə əbədi işlənəsi söz birləşmələrindən biri olanseçilmiş əsərləri” ifadəsinin müəlliflər haqda ciddi bir assosiativ fikir yaratması məlum. Onların vaxtaşırı çap edilməsi isə “elə-belə” faktlardan deyil. O cümlədən Balaş Azəroğlunun “Seçilmiş əsərləri”nin altı dəfə nəşr edilməsi. Deməli, bu imza sevilib ki, bu nəşrlər oxunub ki - dəfə-dəfə nəşr edilib.

İlk şeiri on altı yaşındaykən çap edilən bu “erkən” şairin ilk kitabının iyirmi iki yaşındaykən nəşr edilməsi də təəccüblü görünməzdi - əgər həmin çağlar biri-birindən vahiməli səslənən repressiya və müharibə illərinə təsadüf etməsəydi. O, ana bətnindəykən, bayırda da Vətən-ana siyasi və mədəni inqilablara, milli azadlıq hərəkatına, üsyanlara hamilə imiş. Onu rəngarəng mövzularda şeirlər, poemalarla yanaşı, çox vaxt ürəkdən girişəcəyi, bəzən də təhrik ediləcəyi işlər də gözləyirmiş. O, “sovetqorxusundan ata-anasına, qohum-qardaşına açıq deyə bilmədiklərini 27 yaşında “Savalan” adıyla nəşr etdirdiyi kitabında rəmzlərlə dağa-daşa, bağa-baxçaya deyib. “Siz məndən uca qardaşım, qoca sirdaşım - dağ qardaşım! Mən al qırmızı bayraqlı, siz yamyaşıl çardaqlı - bağ bacım” - deyəndə, bir Allah bilir, necə göynəyirmiş. Dövrün “qırmızı nəzərlər” dəryasında kitablarına göz qaytaran adlar seçirmiş: “Mübarizə yollarında”, “Səhər şəfəqləri”, “Çiçəklənən tarlalar”, “Gəl, ay bahar”. Amma hərdən gözdağlayan adlara da adlayırmış: “Sinəm Savalan dağıdır”, “Elə oğul istəyir Vətən!”, “Məcnun söyüd”, “Dünənim, bugünüm, sabahım”...

Balaş Azəroğlunun əsərlərini - ona məxsus hər “kitabın içindəkilər”i oxuduqca, kitabların “çöl”ündəki adların o içəri dünyanı tamamilə doğrultduğu qənaətinə gəlirsən. 1966-cı ildə nəşr etdirdiyi “Məcnun söyüdoxucusuna şairin poetik qəlbinin sətir-sərgisi təsiri bağışlayır. Çox hiss-duyğulardan sonra, belə bir qənaətə də gəlirsən ki, bu adla - mənbə Məcnunla ona bənzədilən söyüd arasında qəribə bir eko-bioqrafik oxşarlıq da var; biri zürriyyətsiz, o biri məhsulsuz.

Yaxud, 29 yaşında çap etdirdiyi bir kitabın adını təhlilə çəkək: “Gənclik dostlarım”. Göstərilən yaşın özü gənclik dövrünə aid deyilmi? Bəs, şair-dost niyə belə ahıl-ahıl, qoca-qoca danışır? Bunu bilmək üçün gərək o kitabı oxuyasanbir neçə mətləblə yanaşı, bunu da fəhm edəsən ki, əvvəla, o məlum dövr bu şairə illəri həndəsi silsilə-vəlvələ ilə yaşadıb. İkincisinə qalan yerdə - “hansı şairin ki, sevdayi-milli var başında, o, uşaqdır, cavandır, ahıldır, qocadır - hər yaşında!”

Doğrudan da belədir. Əks təqdirdə, o, altmış iki yaşında yazıb bağladığı gənclik təravətli, məhəbbət təranəli şeirlər kitabını “Gəl, ay bahar!” adlandırmazdı. Yetmiş yaşında “Bir kürsü istəyirəm” iddiasına düşməzdi. Hafizin qəbri üstündə” şeirində qələmindən gizlətdiklərini “İllərdən illərə” saxlamaz, “Sənətin qüdrəti”ndə saf-çürük etməz, “İki dostun münasibət əhvalatlarında süsləməz, “İtmiş qız haqqında dastanda ürəkləri bu qədər kövrəldə bilməz və nəhayət, otuz yaşında çap etdirdiyi “Mənim nəğmələrim” kitabı da daxil - yazdıqlarına bu qədər nəğmələr, monoqrafiyadissertasiyalar yazılmazdı...

 

1921-2011

 

Onun olum-ölümünü xəbərləyən bu tarixçəyə uzun da demək olar, orta da, qısa da. Əslində, bir həmkarı (Rəsul Rza) demişkən “heç kəs “vaxtında” ölmür”.

Amma... hər arzunu vaxtında həyata keçirmək, hər əmələ yetər-qədərincə yetmək olmur. İlk baxışda düzünəqulu görünən bu dünyada qəribə solaxaylıqlar da olur. Məsələn, 1921-ci il noyabrın 11-də Bakıda doğulub, orta təhsilini də burada almış Balaş 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçdüyündən Ərdəbildə fars ibtidai məktəbində də oxumalı olur. Üç il sonra orada milli azadlıq hərəkatına qoşulan gənc “moltanı” bir dil-üslübda səslənən AZFC-nin (“Azərbaycan zidd-faşist cəmiyyəti”nin) Ərdəbil vilayəti şöbəsinə sədr seçilir. Bu cəmiyyətin orqanı olanYumruq” qəzetinə redaktor təyin edilir. Faşizm əleyhinə, demokratiya lehinə çalışmalarını poetik yaradıcılıq nümunələrilə birgə davam etdirir. “Səttarxan” şeiri “Vətən yolunda” qəzetinin keçirdiyi yaradıcılıq müsabiqəsinin mükafatına layiq görülür. 22-25 yaşları arasında əsl poeziyademokratiya məşhuruna çevrilir. Azərbaycan Demokratik Firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, həmin təşkilatın orqanı olan “Azərbaycan” qəzetinin məsul redaktoru, “Cövdət” qəzetinin redaktoru, “Şairlər məclisi”nin rəhbəri seçilir. 1946-cı ildə Təbrizdə Milli hökumətin qərarı ilə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin edilir. O tayda iki şeir kitabı çap olunduqdan sonra bu tayda ADU-nun (BDU) filologiya fakültəsində təhsil aldığı illərdə Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində də çalışır...

Bir müddət sonra onunla bağlı ədəbiyyat və siyasət paralelinə daha bir görəv qoşulur; imzası ədəbiyyatşünaslıq, alimlik sahəsində də görünməyə başlayır. 1963-cü ildən 1982-ci ilə qədər Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda çalışır, filologiya elmləri namizədi adı alır. Çoxcildlik “Azərbaycan ədəbiyyatı”nın müəlliflərindən biri, neçə-neçə təşkilat, komitə və cəmiyyətlərin sədri və ya üzvü. Əsərləri SSRİ və bir çox dünya xalqlarının dillərinə tərcümə edilir, xidmətlərinə və sənətinə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu” və digər orden-medallarla, Xalq şairi adı ilə təltif olunur. Və... bir vaxt “İllərdən illərə” adlı da bir kitab yazmış bir şair 90 illik yubileyinə 7 ay qalmış dünyasını dəyişir...

Əlbəttə, az yaşamadı, amma bir onillik də dözsəydi, bir şair dostunun “Hər kəs yüz il yaşamasa” misrasındakı “günaha batmadan getmiş olardı...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2014.- 12 noyabr.- S. 13.