Ölkəmizdə II Beynəlxalq Aşıq Festivalı keçirilir

 

Festival çərçivəsində Milli Kitabxanada "Aşıq Pəri: həyatı, mühiti və sənəti" kitabının təqdimatı olub

 

Saz-söz ustalarının görüş yeri

 

Ulu ozanlar yurdu Azərbaycan yenidən müxtəlif ölkələrdən aşıqları, saz-söz ustalarını bir araya gətirir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə ölkəmizdə II Beynəlxalq Aşıq Festivalı keçirilir.

Festivalın əsas məqsədi aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və ozan-aşıq sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.

Festivalın açılışı noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında olacaq. Noyabrın 18-dək Yevlax, Gədəbəy, Şəmkir, Qazax, TovuzUcar şəhərlərində festival iştirakçılarının çıxışları nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Xatırladaq ki, ölkəmizdə I Beynəlxalq Aşıq Festivalı Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə 2010-cu il oktyabrın 22-dən 27-dək keçirilib.

 

"Aşıq Pəri: həyatı, mühiti və sənəti"

 

Noyabrın 11-də II Beynəlxalq Aşıq Festivalı çərçivəsində Azərbaycan Milli Kitabxanasında "Aşıq Pəri: həyatı, mühiti və sənəti" kitabının təqdimatı oldu. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə aşıq sənətinə göstərilən diqqət və qayğıdan danışdı: "Dövlətimiz xalqımızın qədim dəyərlərə malik aşıq yaradıcılığına, onun inkişafına daim diqqət göstərir. Məhz bunun nəticəsi olaraq aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, xalqımızın bu ölməz sənəti dünya mədəniyyətinin inciləri sırasında öz layiqli yerini tutmuşdur. 2010-cu ildə Azərbaycanda ilk dəfə olaraq keçirilən I Beynəlxalq Aşıq Festivalı ozan-aşıq sənətinin təntənəsinə çevrilmişdir. Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əməyi böyükdür".

II Beynəlxalq Aşıq Festivalı barədə məlumat verən Vaqif Əliyev qeyd etdi ki, sənət bayramına ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, GürcüstanRusiya Federasiyasından nümayəndələr qatılıblar.

Daha sonra çıxış edən Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, professor Qəzənfər Paşayev "Aşıq Pəri: həyatı, mühiti və sənəti" kitabının ərsəyə gəlməsini yüksək qiymətləndirdi. Bildirdi ki, bu kitabda yer alan faktlar Azərbaycan aşıq sənətinin tarixinin bir hissəsinə işıq salır. Nəşr gələcək araşdırıcılar üçün də qiymətli mənbə rolunu oynayacaq.

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu da nəşrin əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, kitabda indiyəcən ədəbiyyatşünaslıqda aşıq Pəri ilə bağlı mövcud olan fikirlərə də əlavələr olunub ki, bu da onun folklorşünaslıq baxımından dəyərini artırır.

"Aşıq Pəri: həyatı, mühiti və sənəti" kitabının müəllifi, yazıçı-publisist Əlisahib Əroğlu çıxış edərək nəşrin ərsəyə gəlməsindən, araşdırdığı çoxlu sayda arxiv materiallarından danışdı: “Bu araşdırmaların nəticəsi olaraq deyə bilərəm ki, aşıq Pəri Azərbaycanda qadın aşıq sənətinin yaradıcısıdır”. Müəllif kitabın nəşrinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürünü bildirdi.

Qeyd edək ki, “Aşıq Pəri: həyatı, mühiti və sənəti" kitabı yazıçı-publisist Əlisahib Əroğlunun uzunmüddətli və məhsuldar axtarışlar nəticəsində, arxiv sənədləri əsasında qələmə aldığı sənədli-publisistik nəşrlər seriyasından biridir. Kitabda XIX əsrin I yarısında yaşayıb-yaratmış aşıq Pərinin əldə olunan yaradıcılıq nümunələri də cəmlənib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 12 noyabr.- S. 3.