Pantomimaçılar rusiyalı teatrsevərləri heyrətləndirib

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pantomima Teatrı da bu günlərdə Moskvada qastrol səfərində olub. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin Moskvadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən səfər zamanı kollektiv 4-5 noyabr tarixində “Na StrasnomTeatr Mərkəzində repertuarlarının ən baxımlı nümunələrindən ikisini - “Maska” və “Manqurt” tamaşalarını nümayiş etdirib.

 

Səfər təəssüratlarını bizimlə bölüşən teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev tamaşaçı heyrəti və məmnunluğunun əvəzsizliyini dilə gətirdi: “Səfər uğurlu alındı. “RusArtprodüser kompaniyası ilə aparılan danışıqlardan sonra, tamaşalarımız arasında seçim edildibu tamaşa üzərində dayanıldı. Hər iki səhnə əsəri dünyanın bir çox ölkələrinin səhnəsində nümayiş olunaraq teatrımıza uğur gətirib. Ənənə bu dəfə də davam etdi. Zaur ZeynalovunMaska” və Çingiz AytmatovunGün var əsrə bərabər” romanı əsasında Ceyhun Dadaşovun hazırladığı “Manqurt” tamaşaları rusiyalı izləyiciləri heyrətdə saxlaya bildi”.

Rusiya tamaşaçılarının tələbkarlığını və yüksək zövqünü əsas götürərək bu səfərə ciddi hazırlaşdıqlarını deyən müsahibim qarşıya qoyduqları hədəfə nail olduqlarını bildirdi: “İnsanlar nümayişdən sonra sürəkli alqışlarla bizə münasibətlərini ifadə etdilər. Fərqli janrlı iki tamaşa Rusiya mediasında da işıqlandırıldı”.

Qeyd edək ki, noyabrın 4-də “Na StrasnomTeatr Mərkəzində oynanılan “Maska” tamaşasını Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da izləyib. O, tamaşadan əvvəl çıxış edərək Pantomima Teatrının yaranma tarixi barədə məlumat verib. Teatrın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə isə teatr kollektivinin Moskvaya üçüncü səfərinin gözəl təəssürat yaşatdığını deyib.

Səfərin yeni dəvətlərlə nəticələndiyini deyən Elman Rəfiyev maraqlı təkliflər aldığını bildirdi.

Yerli tamaşaçılar üçünyeni səhnə işinin sorağını verən direktor gözlənilən premyera barədə də danışdı: “Repertuarımızdakı bir neçə tamaşanın müəllifi olan Bəhruz Əhmədlinin “Sonuncu ştrix” adlı yeni nümunəsinə baxacağıq. Gərgin məşqlərin sayəsində aylar sonra ərsəyə gələn tamaşa bu ayın sonunda tamaşaçılarımızın ixtiyarına veriləcək”.

 

Həmidə

 

Mədəniyyət.- 2014.- 14 noyabr.- S. 7.