Rostropoviçlərin ev-muzeyində musiqi axşamı

 

Məşhur opera müğənnisi, SSRİ Xalq artisti, maestro Mstislav Rostropoviçin ömür-gün yoldaşı Qalina Vişnevskaya sənətinin vurğunları Azərbaycanda da çoxdur. O, maestro Rostropoviçlə birlikdə dəfələrlə Bakıda olub. Qalina Vişnevskaya yaratdığı opera ifaçılıq mərkəzində azərbaycanlı istedadlar da böyük sənətə addımlarını atıblar. Bundan əlavə, Vişnevskaya-Rostropoviç xeyriyyə fondu ölkəmizdə bir sıra layihələr həyata keçirib.

Oktyabrın 29-da L. və M.Rostropoviçlərin Bakıdakı ev-muzeyində Qalina Vişnevskayanın anadan olmasının 88 illiyinə həsr edilmişVokal musiqi axşamı”nda da bu barədə söz açılıb.

İncəsənət xadimlərinin, diplomatların, musiqi məktəbləri direktorlarının qatıldığı tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova Qalina Vişnevskayanın Bakıya səfərlərindən, bu səfərlər zamanı ev-muzeyini ziyarət etməsindən danışıb. Bildirib ki, 2007-ci ildə maestronun vəfatından sonra Q.Vişnevskaya M.Rostropoviçin arxivindən olan şəxsi əşyalardan ibarət unikal materialları muzeyə bağışlayıb.

Xalq artisti, dirijor Teymur Göyçayev xatirə gecəsində çıxış edərək Qalina Vişnevskaya ilə bağlı xatirələrini bölüşüb. Sonra muzeyin qonaqlarına Q.VişnevskayaM.Rostropoviçin həyat və yaradıcılığını əks etdirən “Bir məhəbbətin tarixçəsi” adlı sənədli film (rejissorlar: V.Sedova, Q.Babuşkina, 1997-ci il) nümayiş olunub. Muzey fondunun materialları əsasında hazırlanmış slayd-şou da maraqla qarşılanıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin attaşesi Ayla Məmmədova məşhur vokal ifaçısının sənətinə olan sevgisindən söz açıb. 21 saylı musiqi məktəbinin direktoru Ruhulla Əzizov mərhum sənətkarla yaradıcılıq görüşlərini yada salıb.

Qalina Vişnevskayanın yaratdığı opera ifaçılıq mərkəzinin məzunları - Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, Xalq artisti Samir Cəfərovun, İlahə Əfəndiyevanın, görkəmli müğənninin böyük pərəstişkarı olan Fərid Əliyevin ifa etdikləri vokal parçaları gecəyə xüsusi həzinlik qatıb. İfaçıları fortepianoda İlahə Sadıqzadə müşayiət edib.

Vokal ifaçıları Q. Vişnevskayanın sənətindən və yaradıcılığından söz açaraq, maraqlı xatirələrini dilə gətiriblər.

 

Mədəniyyət.- 2014.- 14 noyabr.- S. 6.