Oyuqun arzuları

 

ya uşaqların böyük amalları

 

Əslində, bayram əhval-ruhiyyəli, şən-şaqraq, onlar qədər məsum, səmimi, təbii bir əhvalda idi hər şey. Rəngarəng bəzənmiş səhnə, hər biri bir nağıl qəhrəmanına çevrilib öz nağıl dünyasından danışan uşaqlar, onların könlünü oxşamaq üçün əlindən gələni etməyə çalışan böyüklər...

 

Həmin gün hamı onların ruhunu ovutmaq, könlünü almağa çalışırdı. Məqsəd kimsəsiz uşaqları, xüsusilə sağlamlıq imkanları məhdud, müəyyən mənada cəmiyyətdən təcrid olunmuş balacaları görüşdürmək, həmyaşıdları arasında ünsiyyətə nail olmaq idi. Teatr, səhnə, sənət adlı ülvi amal onları bir araya gətirmişdi.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən Oyuq studiyasının balaca teatrsevərləri, istedadlı və səhnə bacarıqlı uşaqların təqdimatında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Ucalsın bayrağımız adlı xeyriyyə tədbiri hazırlanmışdı. Yaşıdlarının ala-boz dünyasını dalğalanan əzəmətli bayrağın sevincqürur rayihəsində, müvəqqəti də olsa, al-qırmızı boyamaq istəyən Oyuqçular, texniki heyət, ümumilikdə kuklaçılar əsl səfərbərlikdə idilər.

Beləcə uşaqların təntənəsi başladı. Kukla Teatrının Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı aksiyada Bakıda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuşlar üçün internat məktəbləri, uşaq evləri və sağlamlığı məhdud uşaqlar üçün xüsusi tipli internat məktəblərindən 130-dan artıq uşaq tamaşa salonunda yerini almışdı. Səhnənin sehri - parıltılar, işıq effektləri, rəngarəng geyimlər gözlərindəki kədəri gizlədə bilməyən uşaqların üzünə məsum, nisgilli bir təbəssüm qondurdu...

Oyuqçuların məharət nümayişi, Şahın xudpəsənd oğlu (müəllif Səidə Haqverdiyeva, rejissor Cəmilə Allahverdiyeva) adlı tamaşa başladıqda balacalar hər şeyi unudaraq qəhqəhəyə qərq oldular. Səhnədə baş verənlərə səs-küylü, şən-şaqraq reaksiyalar verməklə öz dünyalarına, əsl uşaq səadətlərinə qovuşdular.

Tamaşanın qəhrəmanları - özünün istedadı ilə əsl axmaq padşah obrazını yaradan Mahmud, hiyləgər Vəzir İrfan, xudpəsənd oğul Mirismayıl, ömründə bir dəfə də olsun baş vurmayan Cəllad Nahid öz səhnələrini ifa edib uşaqların alqışını qazandıqca əsl bayram ovqatı yaşanırdı.

Məşhur cizgi filmləri personajlarının qiyafəsində səhnəyə axışan studiya fəalları gözəl-göyçək qızlarımız Aylin (Şahzadə Budur), Selcan (Maşa), Ülkər (Tıq-tıq xanım), Aysu (Pəri), eləcə də cəngavər görkəmli balaca qəhrəmanlarımız Samir (Məlikməmməd), Nazim (Dartanyan), Tunar (Cırtdan) əsl aktyor məharətləri ilə yaşıdlarının həsədini, uşaq pərəstişini, bütün ola biləcək fərqlilik əngəllərini aşıb bir, bərabər olmalarını təmin etdilər. Onların geyimlərinə, parlaq çöhrələrinə tamaşa edən yaşıdlarına səhnədən sevgi, səmimiyyət, səadət payı göndərə bildilər. Tədbirin Ucalsın bayrağımız adlı konsert hissəsində isə əsl şənlik başladı. Əlində bayraqla səhnədə dövrə vuran uşaqlar yerdən onlara qoşulan yaşıdları ilə müstəqil Azərbaycanın gələcəyi olacaqlarını bir daha nümayiş etdirdilər. Beləcə, məsafələrə, sosial statuslara, maddi-mənəvi fərqliliklərə baxmayaraq, uşaqların bu dünyanın sevinci olması və onları sevindirməyin müqəddəsliyi bir daha özünün isbatını tapdı.

Deməli, üçrəngli bayrağın altında yaşayan heç bir uşaq kimsəsiz, qayğısız deyil. Onların bir anası - Azərbaycan və onun sevgi dolu insanları daim onları məhəbbət və qayğı ilə qucacaq...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 14 noyabr.- S. 5.