Seyidin avazı...”

 

Musiqi məktəbində görkəmli muğam ustadının yubileyinə həsr olunmuş gecə

 

Noyabrın 14-də paytaxtın Binəqədi rayonundakı 11 saylı uşaq musiqi məktəbində görkəmli xanəndə, Xalq artisti Seyid Şuşinskinin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə incəsənət xadimləri, Bakı şəhərində fəaliyyət göstərən bir neçə musiqi məktəbinin rəhbərləri iştirak edirdi.

 

Tanınmış xanəndə, Xalq artisti Əlibaba Məmmədov mərasimdə çıxış edərək Seyid Şuşinski ilə bağlı xatirələrindən danışdı. Onu böyük şəxsiyyət, gözəl müəllim, vətənpərvər insan kimi xarakterizə edərək muğam sənətinin sirlərinə məhz onun sayəsində yiyələndiyini qeyd etdi.

Musiqi məktəbinin direktoru Rövşən Məmmədov böyük xanəndənin muğam sənətimizə verdiyi töhfələrdən söz açdı. Qeyd etdi ki, Seyid Şuşinski oxuduğu hər bir muğama öz dəst-xəttini, möhürünü vurubonun ifası bu sənəti öyrənənlər üçün bir məktəbdir.

Sonra tədbir 11 saylı uşaq musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan muğamlarından ibarət konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, Seyid Şuşinski (1889-1965) Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. Onun peşəkar xanəndə kimi yetişməsində Şuşa mühitinin mühüm rolu olub.

Xanəndəlik sənətinin sirlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada Mir Möhsün Nəvvabın musiqi məktəbində təhsil alıb. 1913 və 1914-cü illərdə “Ekstrafon” şirkəti tərəfindən Kiyevdə onun ifasında bir sıra muğamlar vala yazılıb. Onun ifasında “Çahargah”, “Hümayun”, “Rast”, “Mahur”, “Zabul”, “Şahnaz”, “Mirzə Hüseyn segahı” muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bənzərsiz nümunələr kimi özünəməxsus yer tutur.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 7.