“Ədəbiyyatımızın Xəzrisi”

 

Xalq şairinin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa

 

Noyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Park innhotelinin Nəsimi zalında Xalq şairi Nəbi Xəzrinin 90 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın Xəzrisi” mövzusunda dəyirmi masa keçirildi.

 

Mərkəzin direktoru, professor Vilayət İsmayılov tədbirin ədibin 90 illik yubileyi haqqında ölkə Prezidentinin sərəncamına uyğun olaraq təşkil edildiyini bildirdi, şairin yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti haqqında danışdı. Qeyd etdi ki, Nəbi Xəzrinin poeziyası fəlsəfi dərinliyi və eyni zamanda sadə dili ilə seçilir. Buna görə də əsərləri müxtəlif dillərə tərcümə edilib və sevilərək oxunur.

Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva “Yüksək duyğular şairi” adlı məruzəsində Nəbi Xəzrinin yaradıcılığına nəzər saldı. Onun əsərlərində doğulduğu torpağa, ana təbiətə tükənməz məhəbbətin, vətənpərvərlik, dövlətçilik ideyalarının incə poetik üslubda oxucuya çatdırıldığı vurğulandı. Qeyd olundu ki, ədəbi dilimizin inkişafına töhfələr vermiş Nəbi Xəzri poeziyasına xas olan rəvanlıq və axıcılığın sayəsində bəstəkarlar onun şeirlərinə müraciət edirdilər.

Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlunun “Nəbi Xəzrinin yaradıcılığında dini-fəlsəfi mövzu və obrazların psixoloji səciyyəsi” mövzusunda məruzəsi dinlənildi. Qeyd olundu ki, şair “Peyğəmbər” poeması ilə Azərbaycan ədəbiyyatında tamamilə yeni bir söz deyib. Bundan sonra müasir ədəbiyyatda dini-fəlsəfi mövzulara müraciət edilməyə başlandı.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı və başqaları çıxış edərək Nəbi Xəzri yaradıcılığı və şəxsiyyəti haqqında fikirlərini bölüşdülər. Bildirildi ki, Nəbi Xəzri sağlığında klassikə çevrilən bir ədib idi. Onun 18 poeması, 8 dram əsəri və 100-dən artıq şeirlər kitabı ədəbiyyat tariximizin qiymətli nümunələri sırasındadır. Onun səhnəyə qoyulan əsərləri hər zaman böyük rəğbət qazanaraq alqışlanıb. Görkəmli qələm sahibi bədii yaradıcılıqla yanaşı, ictimai xadim kimi də həmişə xalqa vicdanla xidmət edib. O, insanları arxasınca aparmağı bacara bilən şəxsiyyətlərdən idi.

Sonda şairin oğlu Arzu Babayev atasının yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Azərbaycan Dillər Universitetinin filologiya fakültəsi tələbələrinin ifasında Nəbi Xəzrinin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 18 noyabr.- S. 5.