Azərbaycan Konqreslər Bürosu “EİBTM-2014” turizm sərgisində

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu noyabrın 18-də İspaniyanın Barselona şəhərində işə başlayan "EİBTM-2014" beynəlxalq turizm sərgisində iştirak edir. EİBTM biznes turizmi sahəsində konfrans, seminar və görüşlərin təşkili üzrə ixtisaslaşmış sərgidir.

Noyabrın 20-dək davam edəcək sərgidə Azərbaycan Konqreslər Bürosu xüsusi stendlə təmsil olunur.

51 kvadratmetr sahədə qurulan stenddə Büronun üzvü olan “Fairmont Baku”, “Hilton Baku”, “JW Marriott Absheron”, “Kempinski Badamdar”, “Jumeirah Bilgah” kimi ölkənin aparıcı mehmanxanaları və “Victory Tour”, “Millennium Tourism” və “Regea Travel” turizm şirkətləri təmsil olunur.

Hər il dünyanın 100-dən çox ölkəsindən 3 mindən çox turizm bazarı iştirakçısını və 15 minə yaxın mütəxəssisi bir araya gətirən EİBTM öz fəaliyyətinə 1988-ci ildə Cenevrədə başlayıb.

Beynəlxalq aləmdə aparıcı turizm sərgisi olan EİBTM özünün “Hosted Buyer” proqramı (“Ev Sahibi Alıcı Proqramı”) sayəsində turizm sənayesinin əsas qüvvələrini bir araya gətirir və iştirakçılar üçün ən gözəl imkanları təqdim edir.

Azərbaycan Konqreslər Bürosunun bu sərgidə iştirakı da ölkəmizin işgüzar turizm məkanı kimi tanıdılmasına xidmət edir. Büronun sıraları da genişlənməkdədir. Bu günlərdə "PASHA Travel" şirkəti quruma üzv qəbul olunub.

"PASHA Travel" 2003-cü ildə Azərbaycanda daşınmaz əmlak və tikinti, sığorta və bank işi sahələrində fəaliyyət göstərən "PASHA Group" holdinqinin nəzdində təsis edilib, ölkəmizdə tanınmış korporativ turizm agentliklərindən biri kimi nüfuza malikdir.

"PASHA Travel"in icraçı direktoru Natalya Solovyova bu əməkdaşlığın hər iki tərəf üçün böyük perspektivlər açacağını vurğulayıb. Qeyd olunub ki, "PASHA Travel” dekabrın 1-dən etibarən rəsmən Azərbaycan Konqreslər Bürosunun üzvləri sırasına qoşulacaq.

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 4.