Gürcüstandan sevgi ilə

 

Noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Gürcüstandan sevgi ilə adlı sərginin açılışı oldu. Sərgi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Gürcüstan Rəssamlarının Beynəlxalq Yaradıcılıq Birliyi və Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşəbbüsü ilə təşkil olunub.

 

Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla Gürcüstan arasında mədəni mübadilənin möhkəmlənməsinə xidmət edən layihənin əhəmiyyətini diqqətə çatdırdı: Bu sənət hadisələri iki ölkə rəssamlarını yeni axtarışlara sövq edir. Düşünürəm ki, gürcü rəngkarlıq məktəbi təkcə Azərbaycanda deyil, bütün dünyada tanıdılmağa layiqdir. Biz Gürcüstanla bir çox beynəlxalq layihələrdə birgə çıxış edirik. İnanıram ki, bu addımlar gələcək əlaqələrin daha da möhkəmliyinə bir qarantdır.

Qonşu ölkənin nümayəndə heyətinin Bakıya gəldiyini deyən nazir paytaxtımızda bir anlamda Gürcüstan mədəniyyəti günlərinin yaşandığını vurğuladı.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze sərginin Azərbaycan sənətsevərləri üçün maraqlı olacağına inandığını bildirdi. Qeyd etdi ki, təqdim edilən sənət əsərləri Gürcüstan haqqında təsəvvür yaradacaq, gürcü xalqının mədəniyyəti və adətləri ilə yaxından tanışlığa körpü olacaq: Məqsədimiz mədəni mübadilələri intensivləşdirməkdir. İki ölkə arasında təkcə rəssamlıq sahəsində deyil, mədəniyyətin bütün növlərində mübadiləni inkişaf etdirməliyik.

Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə müqavilə imzaladılar.

Sonra mərasim iştirakçıları sərgi ilə tanış oldular.

Gürcü rəssamlıq məktəbi zəngin ənənələrə malikdironun tarixi Qərbi Gürcüstanın qədim Kolxida əyalətindən və orta əsrlərə aid milli freska rəssamlığından başlayır. XX əsrdə tanınmış rəssamlar Niko Pirosmani, David Kakabadze, Lado Qudiaşvili və digərləri bu ənənələrə yeni çalarlar gətiriblər. Çağdaş gürcü rəssamlığı müxtəlif rəng çalarlarından ibarət mozaikaya bənzəyir, üslubsemantika baxımından, sənət əsərlərinin avanqard mahiyyəti ilə seçilir.

Bakıdakı sərgidə Mamuka Tsetsxladze, Şalva Matuaşvili, Camal Kuxalaşvili, Laşa Kuxalaşvili - ümumilikdə 62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsəri nümayiş olunur. Sərgi iki həftə davam edəcək.

 

L.Azəri

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 3.