Azərbaycanla Gürcüstan arasında mədəni əməkdaşlıq müzakirə edildi

 

“Mədəni əlaqələrə müasir baxış və turizm sahəsində birgə layihələrə imza atmaq zamanıdır”

 

Noyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

 

Qonaqları salamlayan Əbülfəs Qarayev həmkarını bu vəzifəyə yeni təyin olunması münasibətilə təbrik etdi, onun ilk xarici səfərini Azərbaycana etməsinin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, Azərbaycanla Gürcüstan arasında hər zaman qardaşlıq münasibətləri olub və daim inkişaf edib. Tarixi keçmişparlaq gələcək bu münasibətlərdə daim özünü büruzə verəcək.

Nazir iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığının da uğurla davam etməsindən, birgə layihələrin, tədbirlərin həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün mövcud imkanlardan yararlanmaq lazımdır.

Əbülfəs Qarayev onu da vurğuladı ki, iki qonşu ölkə beynəlxalq əhəmiyyətli tədbirlərdə birgə mədəni layihələrlə çıxış etmək imkanına malikdirbu addım böyük maraqla qarşılanar. Buna görə də mədəni əlaqələrə müasir baxış və turizm sahəsində birgə layihələrə imza atmaq zamanıdır. Azərbaycanın və Gürcüstanın digər ölkələrdən çoxlu turist qəbul etmək üçün müvafiq bazası var. Mədəni müxtəliflik hər iki ölkənin tanıdılmasında böyük əhəmiyyətə malikdir. Mədəni turizm istiqamətində əməkdaşlığın genişləndirilməsi regiona turistlərin marağının artmasına səbəb olar.

Mixeil Giorqadze Bakıya səfərindən məmnunluq duyduğunu, şəhərin tarixi məkanları ilə tanış olduğunu bildirdi. Gürcüstanlı nazir ölkələrimiz arasında bütün sahələrdə nümunəvi əməkdaşlığın qurulduğunu, bu əlaqələrin sadəcə qonşuluq deyil, dostluq və qardaşlıq əlaqələri olmasından qürur duyduğunu dedi. Xalqların bir-birinə yaxın olmasında mədəniyyətin ən güclü vasitə olduğunu vurğulayan qonaq bildirdi ki, Gürcüstan bu əlaqələri genişləndirməyə hər zaman hazırdır.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 3.